Modern.az
Qəzənfər Həmidoğlu Qəza qədərdirmi?

Qəzənfər Həmidoğlu

Qəza qədərdirmi?

Aktual

13 Fevral 2023, 16:46

Qəzənfər Həmidoğlu

Rəcəb Tayyib Ərdoğan zəlzələnin yerləbir etdiyi Qəhrəman Maraşda dağıntıları seyr etdi, fəlakətdən ziyan görən ailələrə 10 min lirə veriləcəyini açıqladı və dedi: “Bunlar qədər planının içərisində olan şeylərdir”...

4 ay əvvəl – ötən il oktyabrın 14-də Bartında 42 şaxtaçının öldüyü Amasra mədən faciəsi üçün də Türkiyə prezidenti “qədər planı” demişdi: “Biz qədər planına inanmış insanlarıq... Bunlar hər zaman olacaqdır, bunu da bilməmiz lazım”.

2014-cü il mayın 13-də 301 mədənçinin həyatını itirdiyi Soma faciəsini də Türkiyə lideri qədərə bağlayaraq sıravi, “olağan şey” adlandırmışdı: “Arkadaşlar, biz bir dəfə bu cür kömür ocaqlarında olanları, lütfən, burda bu olaylar heç olmaz deyə qiymətləndirməyək. Bunlar olağan şeylərdir, iş qəzası deyilən bir olay vardır. Bunun yapısında, fitrətində bunlar var, heç qəza olmayacaq deyə bir şey yox”.

Ərdoğanın bəlağətlə söyləməyi sevdiyi şeirlərdən biri Sezai Karakoçun “Ey sevgili” şeiridir:

“Sakın kader deme
kaderin üstünde bir kader vardır,
Ne yapsalar boş
göklerden gelen bir karar vardır”...


Bu kədərli-acılı günlərdə Türkiyə haqqında ya gözəl danışasan, ya da gərək susasan. Böyük fəlakət 8-ci günündə də dəhşət saçır. 31 mindən çox insan həyatını itirib və son fatal rəqəm hələ bəlli deyil.

Amma yaponlar göstərdilər ki, zəlzələ bir xalqın qədəri deyil və ekzistensial təhdid sayıla bilməz. Və tale, qismət, nəsib, müqəddərat, alın yazısı, qəzavü-qədər Türkiyənin də kvintessensiyası ola bilməz. Ələbəttə ki, zəlzələ Ərdoğanın reytinqini ciddi silkələdi - mayda keçiriləcək prezident və parlament seçkilərinin nəticələri barədə qəti təxmin vermək mümkün deyil. Seçkini uduzsa, Ərdoğan deyəcəkmi ki, qismət olmadı, nəsib deyilmiş? İnanacaqmı ki, zəlzələ göylərdən gələn siyasi qərardır və seçilməməsi “başqanlıq qədəri planı”nda varmiş?

Cəfəngiyyat və bezdiricidir. Tanınmış ilahiyyatçı, Qaziantep İslam Elm və Texnoloji Universitetinin rektoru Nihat Hatipoğlu siyasi deyil, məhz dini cəbhədən Ərdoğanla “qədər polemikası”na girib: “Elm adamlarının, mütəxəssislərin sözü bizim üçün dini bir əmr kimidir. Keçmişdə dinləmədiyimiz üçün başımıza fəlakət gəlmişsə,bunu qədərlə ifadə etməyəcəyik. Qədər bu deyil, qədər ağıllı düşünməkdir, tədbir almaqdır”...

Zəlzələdən 177 saat sonra “qədərsiz” Soma mədəninin axtarış-xilasetmə qrupunun üzvləri Adıyamanda daha bir nəfəri dağıntılar alından sağ çıxararaq qədərini dəyişdilər... 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə atışma oldu, erməni hərbçi belə öldürüldü