Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki separatçıların "dövlət naziri" Ruben Vardanyan fevralın 23-də istefaya göndəriləcək.
Modern.az xəbər verir ki, bu barədə Ermənistanın "Joğovurd" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, separatçıların "rəhbəri" Arayik Harutyunyan fevralın 23-də xüsusi bəyanat yayacaq. Nəşr qeyd edir ki, hər hansı dəyişiklik baş verməsə, Arayik Vardanyanın istefasını açıqlayacaq.
Məlumata görə, Vardanyanın yerinə separatçıların "baş prokuroru" Qurgen Nersisyan təyin ediləcək.
Ermənistanın "Hraparak" qəzeti isə yazır ki, Vardanyan "vəzifədən" azad edilsə də, Xankəndidə qalmağa davam edəcək.
Bundan əvvəl "Past" nəşri yazıb ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdə separatçıların "dövlət naziri" Ruben Vardanyanın "yoldan çəkiləcəyinə" söz verib. İddiaya görə, Mirzoyan baş nazir Nikol Paşinyanın adından Kremlin himayə etdiyi erməni milyarder Vardanyanın Qarabağdan uzaqlaşdırılacağını bildirib.
Akif İsmayılov