Gürcüstanda “Xarici agentlər haqqında” qanunu ikinci oxunuşda dəstəkləyən yeganə deputatın kimliyi məlum olub.
Modern.az "Netgazeti"yə istinadən xəbər verir ki, bu, hakim “Gürcü arzusu” partiyasının liderlərindən olan David Samxaradzedir.
Bildirilib ki, o, ilk oxunuşda da qanun layihəsini dəstəkləyən deputatlardan biri olub.
Siyahıları araşdırandan sonra məlum olub ki, səsvermədə iqtidar deputatlarının mütləq əksəriyyəti iştirak etməyib və müxalifətin səsləri hesabına layihə ikinci oxunuşdan keçməyib.
Qeyd edək ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilib. Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Hakim partiya bu gün qanun layihəsini geri götürdüyünü elan edib.