Modern.az

Paşinyan “5-ci kolon” dedikdə kimləri nəzərdə tutur...

Paşinyan “5-ci kolon” dedikdə kimləri nəzərdə tutur...

Aktual

16 Mart 2023, 12:21

Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə gün əvvəl keçirdiyi mətbuat konfransında müzakirələrə səbəb olan fikirlər səsləndirib. 44 günlük ikinci Qarabağ müharibəsindən danışan Paşinyan Ermənistan ordusunda "5-ci kolon"un mövcud olduğunu bildirib və ölkəsinin məğlubiyyətini bununla əlaqələndirib.

 

"Biz müharibədə məğlub olduq. Bunun səbəbi ordumuzdakı 5-ci kolonla bağlıdır. Uduzduq, çünki ordumuzda 5-ci kolon var idi. Bu fikrim vəziyyətin və faktların öyrənilməsinə əsaslanır. 44 günlük müharibə zamanı silah çatışmazlığı yox idi. 2018-2020-ci illərdə respublika əvvəlki 10 ilin cəmindən daha çox silah əldə etmişdi. 2020-ci ildəki müharibənin bu gün dünyada baş verənlərlə əlaqəsi var", - deyə o bildirib.

 

Maraqlıdır, baş nazir "5-ci kolon" deyəndə kimləri nəzərdə tutub?

 

Modern.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu Paşinyanın qalmaqallı bəyanatını şərh edib.

 

O hesab edir ki, Ermənistan ordusunda “5-ci kolon” nə ABŞ-a, nə də hansısa Avropa ölkəsinə aiddir. Politoloqun sözlərinə görə, Paşinyan “orduda 5-ci kolon var” dedikdə birmənalı şəkildə Rusiyanın agentura şəbəkəsini və bu şəbəkəyə bağlı erməni generalları nəzərdə tutub.

 

"Nikol Paşinyan “5-ci kolon” ifadəsiylə özünü gələcək məğlubiyyətlərdən sığortalamaq istəyir. Yəni demək istəyir ki, “mən Azərbaycana qarşı bacardığım qədər müqavimət göstərirəm, ordu bacarıqsızdırsa bu mənlik deyil”. Paşinyan anlayır ki, Azərbaycan Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaradacaq və Ermənistan ordusu bunun qarşısını ala bilməyəcək. Paşinyanın Rusiyaya ümidi yoxdur, ancaq Qərbdən də istədiyi təhlükəsizlik təminatını ala bilməyib. ABŞ, Avropa İttifaqı və ya Fransa Azərbaycanı durdura bilməyəcək", - deyə Elxan Şahinoğlu vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI