Modern.az

İransayağı riyakarlıq

Aktual

5 Aprel 2023, 21:50

Molla rejimi hansı üzlə özünü müsəlman ölkəsi adlandıraraq İslam həmrəyliyindən danışır?

İran anti-Azərbaycan fəaliyyətini özünün parlamenti səviyyəsinə qaldırıb. Belə ki, bu ölkənin İslam Şurası Məclisi Azərbaycanın İsraildə səfirliyinin rəsmən fəaliyyətə başlamasını pisləyən bəyanat qəbul edib və sənəddə yer alan dillə desək, “Qüdsün işğalçısı rejimi”ndə səfirliyin açılması ilə bağlı Xarici İşlər Nazirliyindən lazımi diplomatik addımların atılmasını istəyiblər.

Bu bəyanat, ilk növbədə iransayağı riyakarlığın ən ifrat nümunəsidir. O sadə səbəbdən ki, sənəddə din pərdəsinə bürünən İran parlamenti İslam dünyasının mənafeyinə zidd addım atılmasını qabardıb. Bəli, İslam dini barışa, ədalətə, həmrəyliyə çağırış dinidir. Amma bu sadalalan ali dəyərlərin İrana heç bir dəxlinin olmadığı gün kimi ortadadır.

Sual olunur: İran İslam dünyasının təəssübünü çəkən ölkədirsə, Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində 60-dan çox məscidin dağıdılmasına hələ də niyə susur? İran niyə bu müqəddəs yerlərdə vaxtilə donuzların saxlanılmasına bir dəfə də olsun etiraz səsini qaldırmadı? Ermənistanın atdığı addımlar İslam dünyasına ən böyük təhqir deyilmi? İran parlamenti hansı üzlə Ərəb və İslam dünyasından, İslam Əməkdaşlıq Təşkilatından (İƏT) Azərbaycanın İsraildə səfirlik açmasını qınamağa çağırır? Adıçəkilən qurumlar, bütövlükdə İslam dünyası İranın hansı yuvanın quşu olduğunu yaxşı bilir. İslam həmrəyliyindən danışan İran rejimi İƏT-in qərarlarına həmişə biganə münasibət bəsləyib.

İslam dünyasının aparıcı ölkələri olan Türkiyə, Pakistan va Səudiyyə Ərəbistanı İranın necə bir riyakar siyasət yürütdüyünü görməmiş deyil. Hamıya məlumdur ki, məhz bu ölkələr İslam həmrəyliyi yürüdərək işğalçı Ermənistan ilə diplomatik əlaqələri dayandırıblar. Bəs İran niyə bu sırada yer almadı? Yer almaq bir tərəfə qalsın, açıq şəkildə Fransanın “bacısı” Ermənistanın yanında duraraq, işğalçı rejimə “bacı”dan da yaxın oldu. Həm işğal dövründə, həm də Azərbaycanın tarixi zəfərindən sonra İslam dünyasını təhqir edən Ermənistanı dəstəklədi və bu siyasəti davam etdirməkdədir.

İslam aləminə məxsus tarixi abidələri məhv edən, məscidləri viran qoyan, orada donuz bəsləyən Ermənistanla ən sıx müttəfqilik edən İran hansı üzlə özünü müsəlman ölkəsi adlandıraraq İslam həmrəyliyindən danışır? Acı reallıq budur ki, bu gün dünyada Allahın evi qəbul edilən məscidləri təhqir edən işğalçı Ermənistanla bu dərəcədə yaxınlıq göstərən ikinci müsəlman dövləti yoxdur!

Başqa bir fakt: 30 illik işğal dövründə İran müsəlman Azərbaycanın yanında durmalıykən, işğalçı, terrorist Ermənistanla açıq və gizli iqtisadi əlaqələr qurdu. Bu azmış kimi 44 günlük Vətən müharibəsi zamanı öz ərazisindən Ermənistana silah, yanacaq daşınmasına qədər alçaldı və bütün islami dəyərlərə, yaxşı qonşuluq münasibətlərinə tüpürdü. İslam həmrəyliyi o zaman Azərbaycana çox lazımkən, İran özü də ölkəmizə daha necə zərbələr vurmaq olar kimi xəyallara düşdü. Çünki qonşuluğunda güclü Azərbaycan istəmirdi, istəmir. Azərbaycanın yeni-yeni zəfərləri fonunda o dərəcədə rəzilləşdi ki, Ermənistanın ərazi bütövlüyünün İranın qırmızı xətti olduğunu bəyan etdi, tələsik Qafanda konsulluq açdı və s. Halbuki Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi islam dövləti kimi İranı sevindirməli idi. Bu gün Ermənistan belə Azərbaycanın zəfərini qəbul etməyə yaxınlaşıb, amma İran rejimi Azərbaycanın qələbəsinə kölgə salmaq, bu qələbəni heçə endirmək yolunda var gücü ilə çalışır. Budurmu islam həmrəyliyi?

Din, islam kimi ali dəyərləri siyasi alver vasitəsinə çevirən İran heç vaxt Cənubu Qafqazda baş verənlərə İslam dünyasının maraqları və uğursuzluqları prizmasından baxmayıb. Yalnız işinə yaramayanda proseslərə din, islam donu geydirməyə çalışıb ki, bunun da adı ikiüzlülükdür.

Nə yazıq ki, Azərbaycana qarşı son terrorlarda izi olan İran hazırda ölkəmizdə sabitliyin pozulmasında, dövlətin zəifləməsində maraqlı tərəf kimi çıxış edir. Azərbaycanın zəfərindən sonra daha açıq formada Azərbaycanı təhdid edən mövqe ilə ortalıqda peyda olan İran bölgəyə İsrailin gəlməsi barədə yalan və iftira dolu məlumatlar tirajlamaqda, bütövlükdə bölgədə gərginliyin artırılmasında maraqlıdır. İran rejiminin idarəediciləri daha açıq şəkildə Azərbaycanın daxili işlərinə burunlarını soxmağa, ölkədə qarışıqlıq yaratmağa çalışırlar. Müxtəlif bəhanələrlə Azərbaycana qarşı hücumları gücləndirən molla rejimi zərrə qədər də fəaliyyətinə ara vermir.

İranın planları Azərbaycanda hədəfinə çatmayıb, çatmayacaq da. Çünki cəmiyyətimiz, bütün dünya azərbaycanlıları, o cümlədən İrandakı soydaşlarımız molla rejiminin çirkin niyyətlərini yaxşı anlayır.

Azərbaycanla dostluq və qonşuluq münasibətləri qurmağı arxa plana keçirən İran rejimi anlamalıdır ki, Azərbaycan heç vaxt heç bir ölkəyə öz daxili işlərinə qarışmağa imkan verməyib, verməyəcək də. İran hədə dilini bir kənara qoyub, yanlış siyasətini dəyişməlidir. Onun üçün ən xeyirli yol bu olardı...

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?