Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1978-ci ildə Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit olunması xalqımızın milli özünəməxsusluğunun və dəyərlərinin qorunması istiqamətində atılan, müstəqil dövlətçiliyimizin milli rəmzlərindən birinin qorunmasına xidmət edən tarixi hadisədir.
Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib.
Deputat qeyd edib ki, Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə prioritet istiqamətlərdən biri olub: “Öz xalqına, Vətəninə böyük sevgi ilə bağlı olan Heydər Əliyev ana dilinin bir xalqın milli identikliyinin mühafizə olunması, milli şüurunun oyanması, ədəbiyyatının, mədəniyyətinin inkişafı üçün müstəsna əhəmiyyət kəsb etdiyini çox yaxşı bildiyi üçün Azərbaycan dilinin inkişafına böyük önəm verirdi. 1978-ci ildə Ulu Öndərin təklifi ilə konstitutsiyanın 73-cü maddəsinin aşağıdakı redaksiyada - “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” – kimi verilməsi, təkcə dilimizin deyil, həm də Azərbaycan dövlətçiliyinin ölkənin ali qanunu müstəvisində öz əksini tapması kimi qəbul olunmalıdır. Bu, Heydər Əliyevin uzaqgörənliyinin, strateji zəkasının və cəsarətinin bariz nümunələrindən biridir”.
Azər Kərimli vurğulayıb ki, Ulu Öndərin Azərbaycan dili haqqında bütün fikirləri ana dilinə bağlılığı, böyük sevgini ifadə edən aforizmlərə çevrilib və dillər əzbəridir:
“Dahi Azərbaycanlının “Fəxr edə bilərik ki, bizim zəngin, böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var”, “Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz”, “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan, inkişaf etdirən onun dilidir”, “Dil, dil, bir də dil... Dili inkişaf etdirməliyik. Mən demişəm və bu gün də deyirəm. Bizim gənclərə deyirəm ki, rus dilini yaxşı bilin, ingilis, fars, ərəb, fransız dillərini də yaxşı bilin. Amma bunların hamısından yaxşı öz Azərbaycan dilimizi öyrənin. Əgər bunu bilməsən, sən tam azərbaycanlı olmursan” və digər bu kimi ana dilimizin böyüklüyünü, gözəlliyini ifadə edən fikirləri xalqın formalaşmasında ana dilinin nə qədər böyük əhəmiyyətə, əvəzolunmaz bir mövqeyə malik olduğunu nümayiş etdirir. Ulu Öndərin Azərbaycan dilinə olan nəhayətsiz sevgisi hər bir azərbaycanlı üçün nümunədir. Çünki tam və bütöv azərbaycanlı olmanın yeganə yolu, Ulu Öndərimizin vəsiyyət etdiyi kimi, ana dilimizə olan sevgidən keçir”.