Koronavirus (COVID-19) pandemiyası bütün dünyada insanların sağlamlığına və psixologiyasına çox ciddi təsir edib. Bir çox şəxslər koronavirusdan sağalsa da, hələ bəzi mənfi təsirlərin olduğunu bildirirlər.
COVID-19-dan sağalmış insanlar həftələr, hətta aylar ərzində həddindən artıq yorğun və enerji çatışmazlığı hiss etdiklərini deyirlər. Digərləri nəfəs darlığı yaşadığını, dad və ya qoxu itkisi ilə üzləşdiyini, yaddaş pozğunluğu müşahidə edildiyini, narahatlıq, depressiya, hallüsinasiya (qarabasma) əlamətlərinin olduğunu qeyd edirlər.
Ümumilikdə pandemiya stress, narahatlıq və depressiyanın artmasına səbəb olub. Pandemiya dönəmində insanlar sağlamlıqları, yaxınları və sosial-iqtisadi vəziyyətləri barədə daha çox narahat olublar və bu da onlarda ciddi psixoloji problemlər yaradıb. Sosial təcrid və gündəlik iş rejiminin pozulması bəzi insalarda tənhalıq, cansıxıcılıq və məyusluq hissi kimi mənfi təsirlər formalaşdırıb. Eyni zamanda COVID-19 səbəbindən yaxınlarını itirmiş insanlar ağır travma yaşayıblar.
COVID-19 əleyhinə vaksinlər insanları müəyyən qədər virusdan qorusa da, bəzi hallarda yan təsirlərə səbəb olur. Nadir hallarda vaksin vurduran şəxslərdə qan laxtalanması, ağır allergiya kimi təsirlər özünü büruzə verib. Bununla yanaş, vaksinlərin insanlar üzərində psixoloji təsirləri də mövcuddur.
TƏBİB-in infeksionisti Vasif Əliyev Modern.az-a bildirib ki, peyvənddən sonra müəyyən əks təsirlər yarana bilir:
“Sözügedən məsələ ilə bağlı fikirlər qarışıqdır. Lakin insanlarda peyvənddən sonra yaxın və uzun müddətli yan təsirlər özünü göstərə bilir. Hər bir peyvəndin müsbət təsiri olduğu kimi, yan təsirlərinin də olması həqiqətdir. Vaksinlər fərqli ölkə və firmalarda istehsal olunur. Mənim oxuduğum, araşdırdığım qədər Avropa istehsalı olan "Pfizer"in yan təsirləri daha çoxdur. Bu təsirlər immunoloji xəstəliklərə yol aça bilir. Uzunmüddətli qızdırma verə və immun sistemində müəyyən dəyişikliklərə səbəb ola bilər. Ancaq bunun konkret bir xəstəliyə səbəb ola biləcəyini demək doğru olmaz. Belə təsirlər hər kəsdə özünü göstərməyə bilər”.

Həkimin fikrincə, Azərbaycanda sözügedən məsələ ilə bağlı konkret məlumat (data) yoxdur:
“Bəzi ölkələrdə belə hallar olur. Bunu həkimlər də deyirlər. Hətta məqalələrdə də bu mövzuya yer verilir. Azərbaycanda vaksinlərin əks təsir göstərib-göstərməməsi ilə bağlı statistik yoxlanış olsa, yaxşı olar. Yan təsirlərə gəldikdə, burada oynaq problemlərindən bəhs etmək ola bilər. Bəzilərində yan təsir əzələ ağrıları ilə müşahidə edilir. Yorğunluq, yuxusuzluq kimi əlamətlər meydana çıxa bilər. Bütün peyvəndlərdən sonra belə hallar ola bilər. Amma konkret olaraq hansısa peyvəndə xarakterik olan yan təsirlərdən danışmaq olmaz. Sadəcə say olaraq əlavə təsirləri ola bilər. Hər kəs eyni vaxtda vaksin vurdurduğuna görə, fərqli-fərqli ölkələrdən belə şikayətlər özünü göstərir”.
Vaksindən sonra insanlarda xroniki problemlərin yaranmasına gəlincə, V.Əliyev deyib: “Vaksindən sonra xroniki problemin meydana gəlib-gəlməyəcəyi ilə bağlı konkret nəsə demək olmaz. Çünki bu yeni peyvənddir. Bunu dəqiqləşdirmək üçün uzunmüddətli müşahidəyə ehtiyac var”.
COVID keçirdikdən və ya vaksindən sonra hansı psixoloji problemlər meydana çıxır?
Azərbaycan Psixologiya Akademiyasının psixoloqu Günel Bayramova vurğulayıb ki, koronavirusa yoluxub, sağaldıqdan sonra bəzi insanların psixoloji vəziyyətində dəyişiklik özünü göstərir:
"Vəziyyət bəzən daha da ağırlaşır. Bəzi insanlar hallüsinasiyalar görə bilər. İnsan sanki kimsə ona zərər vermək istəyir kimi, hiss edə bilər. Bu zaman daha çox illüziyalar olur. Səs və ya obyekt olduqda insanlar onu başqa cür qəbul edirlər. Yaşlılarda çox hallarda hallüsinasiya və demensiya ən ağır forma kimi özünü göstərir. Cavan nəsildə isə depressiya və "panik atak" müşahidə edilə bilər”.

Psixoloqun sözlərinə görə, uzun müddət qapalı şəraitdə fəaliyyətsiz və qorxu içində qalmaq müəyyən psixi pozğunluqlar yaradır:
“Sinir sisteminin yüklənməsi səbəbindən insanda asteniya görünür. Bu, xroniki yorğunluq sindromuna bənzəyir. Zehni qabiliyyətlərin azalması, diqqət və yaddaşın zəifləməsi, yuxu pozğunluğu kimi fəsadlar özünü göstərməkdədir”.
Psixoloq bütün bunların öhdəsindən gəlmək üçün tövsiyələr verib:
"İnsanları narahat edən və ya stressə salan xəbərlərə baxmaqdan, onları dinləməkdən və oxumaqdan çəkinmək lazımdır. "Burada və indi" texnikasından istifadə edin. Keçmişin travmalarını və gələcəyin narahatlığını analiz etmək gününüzə kölgə salır. Belə məqamda yaxşılığa və pozitivliyə yönəlmiş müsbət düşüncələr faydalı olar".