Vətən müharibəsində qazandığımız parlaq qələbədən bu günədək atılmış ən mühüm addım qardaş Türkiyə ilə bağlanmış Şuşa bəyannaməsi və iki gün öncə Laçın rayonu ərazisində Ermənistanla sərhəddə nəzarət buraxılış məntəqəsinin (NBM) yaradılması oldu.
Modern.az xəbər verir ki, bunu Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynli deyib.
Onun sözlərinə görə, Laçında sərhəd-buraxılış məntəqəsinin qurulması tarixi addımdır
"Azərbaycan müstəqil dövlət kimi tarixində ilk dəfə olaraq, öz sərhədlərini tam nəzarətə götürmək imkanına malik oldu. Sərhəd-buraxılış məntəqəsinin yaradılması faktiki olaraq, Laçın dəhlizinin iflasa uğraması deməkdir. Yuxarı Qarabağın erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiya və bundan imtina etməsi, bunun qarşılığında Azərbaycanın suveren hüquqlarının orada tam bərpa edilməsi istiqamətində proseslər qarşısıalınmaz şəkil alacaq. Bu tarixi nailiyyətin əldə olunmasında Ali Baş Komandan cənab Prezident İlham Əliyevin yüksək səbr nümayiş etdirərək, növbəti əhəmiyyətli uğurunu qeyd etməmək mümkün deyil. Cənab Prezidentin bir zaman yalnız bir dəfə dediyi ' Biz nəyi nə zaman edəcəyimizi yaxşı bilirik' sözü yenə yada düşür.
Bu möhtəşəm uğurun əldə edilməsi münasibətilə xalqımızı və onun əvəzsiz lideri cənab İlham Əliyevi təbrik edirəm".
