Modern.az

Bayramda 37 mindən çox sərnişin daşınıb

Bayramda 37 mindən çox sərnişin daşınıb

Aktual

25 Aprel 2023, 17:30

Ramazan bayramında əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar aprelin 20-dən 25-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

 

Şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin daşımalarının fasiləsiz və qrafiklərə uyğun həyata keçirilməsinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən nəzarət olunub.

 

AYNA-dan Modern.az-a bildirilib ki, ümumilikdə bayram ərəfəsində və bayram günlərində regionlara 1397 reys həyata keçirilib, 37 min 517 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.

 

Adi günlərdə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən reysə 200-ə yaxın avtobus çıxırdısa, qeyd edilən tarixlərdə xətlərə əlavə 400-yə yaxın avtobus buraxılıb.

 

Marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunub. Biletlər avtovağzalın əvvəlcədən və gündəlik satış kassalarından, eləcə də //biletim.az/ portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib. 16 min 146 sərnişin “biletim.az” portalı və mobil tətbiqinin imkanlarından istifadə edərək səfərlərini reallaşdırıb. Bakıdan bölgələrə və əks-istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?