İlkin Qəmbərin qondarma "erməni soyqırımı" ilə bağlı sosial şəbəkə hesabındakı paylaşımı onun mövqeyini əks etdirir və mən buna təəssüf edirəm.
Bunu Modern.az-a açıqlamasında Azərbaycan Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseyn deyib.
O bildirib ki, Azərbaycan cəmiyyəti üçün İsa Qəmbərin fikri önəmlidir, oğlu İlkin Qəmbərin yox.
"Mən düşünürəm ki, Azərbaycan xalqı, vətəndaşlarımız, ümumilikdə hər birimiz üçün İlkin Qəmbərin yox, İsa Qəmbərin fikri önəmlidir. Əlbəttə, İlkin Qəmbərin "Twitter" hesabında belə bir yazı yazmasına sadəcə təəssüflənirəm. İsa bəy də bu mövzu haqqında öz mövqeyini bildirib", - deyə sabiq baş nazir vurğulayıb.
Qeyd edək ki, Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin Kanadada yaşayan oğlu İlkin Qəmbərin qondarma "erməni soyqırımı" ilə bağlı sosial şəbəkə hesabında etdiyi paylaşım etiraz doğurub.
“Bu gün erməni soyqırımının anım günüdür. Bir də heç vaxt”, - deyə tviterdə ermənilərin uydurma tarixini yad edən İ. Qəmbər tənqidlərdən sonra sosial media hesabını yalnız dostları üçün açıq edib.
İsa Qəmbər yerli mediaya açıqlamasında oğlunun fikirləri ilə müəyyən məqamlarda razı olmadığını deyib. "Biz son illər, təxminən 7-8 ildir ki, görüşmürük. Bu məsələləri üz-üzə oturub müzakirə etmək imkanımız olmayıb", - deyə o bildirib. Müsavatın keçmiş başqanı İlkin Qəmbərin qondarma "erməni soqırımı" ilə bağlı səhv mövqedə olduğunu və oğlunun paylaşımının özü üçün gözlənilməz olduğunu vurğulayıb.