Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində keçirilən tədbirlər çərçivəsində ağacəkmə aksiyasının təşkil edilməsi böyük məna daşıyır. Çünki Ulu Öndər hər zaman ekologiyanın, ətraf mühitin mühafizəsinə, yaşıllıqların, ağacların qorunmasına xüsusi diqqət göstərirdi. Ulu Öndərin bu istiqamətdə çoxsaylı təşəbbüsləri, böyük layihələri bu gün də reallaşdırılmaqdadır.
Modern.az xəbər verir ki, bu fikirləri xarici işlər naziri Ceyhun Bayramov Bakının Müşfiqabad qəsəbəsində “Heydər Əliyev 100 – Yaşıl Gələcək” adlı ağacəkmə aksiyası zamanı jurnalistlərə açıqlamasında söyləyib.
Nazir deyib: "Məmnunluqla deyə bilərəm ki, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların rəhbərləri aksiyada iştirak edirlər. Ağacəkmə aksiyaları meşələrin ərazisinin artırılmasında böyük aktuallıq kəsb edir. Hazırda bu cür işlərə böyük ehtiyac var".
C. Bayramov qeyd edib ki, bugünkü aksiya ətraf mühitin qorunmasına, ekologiyanın yaxşılaşdırılmasına xidmət edəcək. Bu da insanların sağlamlığı üçün vacibdir.