Modern.az

Mükəmməl idarəçilik sisteminin banisi

Mükəmməl idarəçilik sisteminin banisi

Aktual

3 May 2023, 09:50

2023-cü il Azərbaycanın tarixində mühüm hadisələrlə, inkişaf göstəriciləri ilə əlamətdardır. Cəmi bir neçə gün əvvəl Laçın yolunun girişində Ermənistanla sərhəddə Azərbaycanın nəzarət-buraxılış məntəqəsi yaratması, daha sonra Sofiyada  Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiya şirkətləri ilə SOCAR arasında əməkdaşlığın təşviqi ilə bağlı anlaşma memorandumunun imzalanması göstərdi ki, cənab Prezident İlham Əliyev hər bir ümummilli məsələdə dövlətimizin maraq və mənafelərini qətiyyətlə təmin edir. 


Əlbəttə, bütün bu uğurlarımız barədə qürurla bəhs etdikcə həm də cəmi bir neçə gündən sonra anadan olmasının 100 ili tamam olan Ulu Öndər Heydər Əliyevi böyük ehtiramla xatırlayır və yad edirik. Çünki Heydər Əliyevin yaratdığı möhkəm və etibarlı təməllər üzərində ucalan Azərbaycan indi tarixinin ən qüdrətli dövrünü yaşayır. Bu baxımdan 2023-cü ilin respublikamızda "Heydər Əliyev İli" elan edilməsi də Ulu Öndərə və onun dövlətimiz qarşısındakı tarixi xidmətlərinə olan ümummilli ehtiramın ifadəsidir.

 

Azərbaycanı qabaqcıllar sırasına çıxaran siyasət

 

34 il Azərbaycana rəhbərlik etmiş Ulu Öndər Heydər Əliyev istər sovet, istər müstəqillik dövründəki fəaliyyəti ilə respublikamızın yüksəlişini, qüdrətlənməsini, xalqımızın rifahını təmin edib. Böyük şəxsiyyət özünün uzaqgörən və  parlaq siyasi zəkası, müdrikliyi sayəsində yeni Azərbaycanı qurub, onun bu günkü iqtisadi və siyasi inkişafının memarı olub, ölkəmizi işıqlı gələcəyə aparan yolları müəyyənləşdirib.


 Heydər Əliyev 1969-cu ilin iyul ayında Azərbaycan KP MK-nın birinci katibi kimi fəaliyyətə başladığı ilk günlərdən respublikada həyatın bütün sahələrində canlanma hiss olundu. Ulu Öndər respublikamızda iqtisadi geriliyi və bunu yaradan səbəbləri düzgün və obyektiv şəkildə müəyyənləşdirməklə mövcud problemlərin, iqtisadiyyatdakı çətinliklərin qısa zamanda aradan qaldırılması üçün lazımi iradə, qətiyyət və prinsipiallıq göstərdi. Fitri istedadı, yüksək təşkilatçılıq və idarəçilik məharəti ilə Azərbaycanı cəmi bir neçə ilə dinamik inkişaf yoluna çıxarmağa müvəffəq oldu. 


Yaşlı nəslin nümayəndələri yəqin ki, 1969-cu ilin avqust plenumunu xatırlayırlar.  Həmin plenumda Ulu Öndər Heydər Əliyevin ölkədəki vəziyyəti əhatəli şəkildə təhlildən keçirərək mövcud vəziyyətlə bağlı tənqidi çıxış etməsi o dövrdə respublikamız üçün görünməmiş hadisə idi. Buna qədər ölkəyə rəhbərlik edənlərin heç biri vəziyyəti bu cür obyektiv dəyərləndirməmiş, neqativ halları bu şəkildə və cəsarətlə tənqid etməmişdi. Əmək fəaliyyətimin ilk dövrlərinə təsadüf edən rəsmi dövlət tədbirlərinin o vaxt respublikamızın ictimai və sosial-iqtisadi həyatında necə əks-səda doğurduğunu yaxşı xatırlayıram. Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi ölkədəki bütün neqativ hallar və çatışmazlıqlar barədə qənaətlərini qətiyyətlə, cəsarətlə, bütün təfərrüatları ilə plenumun iştirakçılarının diqqətinə çatdırdı. Şübhəsiz, bu qətiyyətli mövqe dövlətini, xalqını daha yaxşı vəziyyətdə görmək istəyən, dövlətin sükanı arxasına da elə bu məramla keçən rəhbərin acınacaqlı vəziyyətlə barışmazlığının bariz ifadəsi idi.


Bu mənada avqust plenumu həmin vaxt respublikanın sosial-iqtisadi inkişafı istiqamətində çox böyük və nəhəng işlər görmək, yeni, çox səmərəli islahatlar həyata keçirmək məqsədi daşıyan əlamətdar bir hadisəyə çevrildi. Bundan dərhal sonra respublikanın ictimai-siyasi həyatında canlanma hiss olunmağa başladı. Ona görə yəqin hər kəs bu fikirlə razılaşar ki, sovet illərində Azərbaycanda sosial-iqtisadi inkişaf konsepsiyasının yaranmasının başlanğıcını 1969-cu il avqustun 5-i tarixindən götürmək lazımdır. 


Görülən məqsədyönlü tədbirlər nəticəsində çox qısa bir zaman kəsiyində Azərbaycan aqrar ölkədən gündən-günə inkişaf edən sənaye ölkəsinə çevrildi. Belə ki, 1980-ci ildə sənaye məhsulu istehsalının həcmi 1970-ci ilə nisbətən 2,9 dəfəyə qədər artdı. Maşınqayırma sənayesində istehsalın həcmi 5,3 dəfə, kimya və neft-kimya sənayesində 3 dəfədən çox, yeyinti sənayesində isə 4 dəfədən çox yüksəlmişdi. Sənaye ilə yanaşı, ölkə iqtisadiyyatının əsas hissəsini təşkil edən kənd təsərrüfatı da inkişaf etdirilirdi. Əkinçiliyin ayrı-ayrı sahələri - pambıqçılıq, taxılçılıq, üzümçülük, tütünçülük, bağçılıq, bostan və tərəvəz, eləcə də heyvandarlıq məhsullarının istehsalı 1982-ci ildə 1969-cu illə müqayisədə 2,5 dəfədən çox artmışdı.

 

İdarəçilikdəki intizam inkişafın əsas təməllərindən birinə çevrildi

 

"Qoy ədalət zəfər çalsın!" devizi ilə ölkəyə rəhbərliyə başlayan Heydər Əliyev sovet dövlətinin konstitusiyası çərçivəsində verilmiş imkanlardan xalqın mənafeyi üçün tam şəkildə istifadə etdi, cəmiyyətdə inkişafa maneçilik törədən problemlərə, əngəllərə son qoydu. Bunun üçün isə Ulu Öndər öncə idarəetmədən başladı. Qeyd edim ki, böyük şəxsiyyət avqust plenumunda idarəçilikdəki mənfi meyilləri də kəskin tənqid etmiş, kadr siyasəti ilə bağlı prioritetləri açıqlayaraq demişdi: "Biz ayrı-ayrı vəzifəli şəxslərin davranışında özünü büruzə verən nalayiq hallara, pozğunluq təzahürlərinə göz yuma bilmərik. Mənəviyyat, əxlaq bütün işimizə nüfuz etməlidir. Kadrları açıq-aşkar, kütlələrin gözü qabağında seçmək, onlar haqqında kollektivin, adamların, iş yoldaşlarının rəyini nəzərə almaq lazımdır. Yalnız belə olduqda kadrların seçilməsi və yerləşdirilməsindəki bir çox səhvlərin qarşısını almaq, həmin sahədə işimizin səviyyəsini xeyli yüksəltmək olar". Ulu Öndər kəskin şəkildə bəyan edirdi ki, respublikada idarəçilik sistemində regionçuluq və yerlibazlıq meyilləri özünü göstərmiş, dövlət işinə böyük xeyir gətirə bilən, daha böyük səmərə verə bilən təşkilatçılıq bacarığı, işgüzarlıq keyfiyyətləri diqqətdən kənarda qalmışdır.


Heydər Əliyev qarşıya qoyduğu məqsədlərə çatmaq, müəyyən etdiyi vəzifələrin layiqincə yerinə yetirilməsi üçün ilk növbədə idarəçilikdən başlamışdı. Respublikamızın inkişafının təmin edilməsi üçün geniş islahatlar həyata keçirən Ulu Öndər ilk növbədə diqqəti idarəçilikdəki mənəvi-psixoloji mühitin sağlamlaşdırılmasına yönəltmişdi. Məhz idarəçilikdə təmin olunan nizam-intizamın, o cümlədən qanunçuluğun möhkəmləndirilməsinin nəticəsi olaraq bütün sahələrdə irəliyə doğru dönüşün təməlləri yaradıldı. İdarəetmədə intizamın, haqq-ədalətin təminatına nail olan və  bunu məmur aparatının əsas amalına çevirən Ulu Öndər bu yolla hakimiyyət orqanları ilə vətəndaşlar arasında möhkəm mənəvi və hüquqi bağlantını, qarşılıqlı etimadı təmin etdi.


Ulu Öndərin qarşıya qoyduğu məqsədlərə uyğun olaraq rüşvətxorluğun və korrupsiyanın qarşısının alınması üçün sərt və qətiyyətli islahatlar həyata keçirildi. Təbii ki, bu addımlar həm ümumi inkişafın stimullaşdırılmasına, həm də cəmiyyətin mənəvi baxımdan sağlamlaşdırılmasına öz müsbət təsirini göstərdi. Bu mənada o illərdə qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsinin əsas səbəblərindən biri Heydər Əliyevin idarəçilikdə yaratdığı nizam-intizam və şəffaflıq, bütün neqativ təzahürlərə son qoyması idi. 

 

Azərbaycanlı kadrlar irəli çəkildi

 

Lakin idarəetmədəki problemlər yalnız xoşagəlməz halların, bürokratik əngəllərin baş alıb getməsindən ibarət deyildi. Problem həm də onda idi ki, idarəetmədə azərbaycanlıların say göstəricisi olduqca az idi və bu, sahədə neqativ vəziyyətin əsas səbəblərindən biri kimi özünü göstərirdi. İdarəçilikdə azərbaycanlıların təmsil olunmasına ciddi maneələrin hökm sürməsi, onların daha çox aşağı vəzifələrdə yerləşdirilməsi ilk növbədə hakimiyyətlə xalqın birliyinə, milli vəhdətə ciddi əngəl idi. Ona görə Heydər Əliyev idarəetmədə azərbaycanlıların sayının az olmasına olduqca mənfi yanaşdı, xalqımızın çoxəsrlik milli-mənəvi dəyərlərini öz həmvətənlərinin şəxsində üzə çıxarmaq siyasəti ilə işə başladı. Bu baxımdan Heydər Əliyev diqqətini həm də rəhbərliklə xalqın vəhdətinə, onlar arasında milli həmrəyliyin təmin olunmasına yönəltmişdi. Məsələn, Dövlət Təhlükəsizlik Komitəsi sistemində və digər hüquq-mühafizə orqanlarında o illərdə nə qədər azərbaycanlı işə qəbul olunmuşdu. Partiya orqanlarında və ideoloji iş sahəsində nə qədər azərbaycanlı kadrlar vəzifədə irəli çəkilmişdilər. Mərkəzin təzyiqlərinə, yaratdığı baryerlərə baxmayaraq Heydər Əliyev bu sahələrdə olduqca əhatəli bir milliləşdirmə siyasəti həyata keçirmişdi.


Ulu Öndərin bacarıqlı yerli kadrları idarəetməyə cəlb etməsi respublikanın inkişafı istiqamətində başlanan islahatlara böyük dəstək oldu. Belə bir fəaliyyət nəticəsində Azərbaycanda idarəçilikdə - dövlət orqanları arasında işlək əlaqə zəncirləri yarandı. Bu mövzuda söz açmaq mənim üçün xüsusilə qürurvericidir. Çünki siyasi və idarəçilik fəaliyyətimdə ilk addımlarımı məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyə başlamasından sonra atdım. Məhz Heydər Əliyevin gəncləri idarəçilikdə önə çəkmək təşəbbüslərinin nəticəsi kimi, 1971-ci ilin fevral ayında Lənkəran rayonunda komsomolun ikinci katibi vəzifəsinə seçildim.  Bundan bir il sonra isə Lənkəran komsomolunun birinci katibliyinə namizədliyim irəli sürüldü. 1972-ci il iyul ayının 4-də məni qəbul edən Ulu Öndər Heydər Əliyevin verdiyi tövsiyələr, nəsihətlər  bütün həyatım boyu fəaliyyətimin əsas istinadgahı oldu. Ulu Öndər komsomola birinci katib seçilən gəncləri qəbul edirdi, onlara istiqamət verirdi.  Bu görüş məndə həyat fəaliyyətimin istiqamətini birdəfəlik müəyyən edən təəssürat yaratdı. O görüşdə mənə verilən tövsiyələr Ümummilli Lider  Heydər Əliyevin siyasi məktəbinin birinci dərsi idi. Bundan sonra Lənkəran Şəhər İcraiyyə Sovetinin sədri təyin olunanda bir daha Ulu Öndər məni qəbul edərək tapşırıq və tövsiyələrini verdi.


Heydər Əliyev kadrların pillə-pillə irəli çəkilməsinə, onların işlədikləri vəziflərdə təcrübə toplamalarına, Ali Partiya Məktəbində təhsil almalarına, ordu sıralarında xidmət etmələrinə xüsusi  diqqət yetirirdi. 


Heydər Əliyevin kadr siyasətində həm də multikultural baxışlar vardı. Respublikamızda yaşayan bütün azsaylı xalqların nümayəndələri vəzifə pillələrində irəli çəkilirdilər. O cümlədən gender bərabərliyi qorunurdu.
Kadr siyasəti ilə bağlı həyata keçirilən tədbirlərdən biri kimi xalqımızın dahi oğlu inkişafda vacib amil olan təhsil sisteminin yaxşılaşdırılmasına, savadlı, geniş dünya görünüşünə malik ziyalıların yetişməsinə böyük diqqət yetirirdi. Ölkənin dinamik inkişafı üçün ilk növbədə yüksəkixtisaslı kadrlara ehtiyac olduğunu yaxşı bilən Heydər Əliyev azərbaycanlı gənclərin Moskvada və SSRİ-nin başqa şəhərlərində olan qabaqcıl elm və təhsil ocaqlarında təhsil alması üçün bütün vasitələrdən istifadə edirdi. Bu baxımdan 1970-1980-ci illərdə onun təşəbbüsü ilə respublikadan kənarda, SSRİ-nin 50-dən artıq şəhərinin, 135 mülki, 105 ali hərbi məktəbində 250-dən çox nadir ixtisas üzrə 15 mindən çox mütəxəssis hazırlanmışdı. Heydər Əliyevin atdığı ən müdrik və cəsarətli addımlardan biri  də Cəmşid Naxçıvanskinin adı verilən hərbi təyinatlı məktəbin fəaliyyətə başlaması olmuşdu. 


Görülən işlərin nəticəsi idi ki, artıq 70-ci illərdə ali təhsilli, ixtisaslı kadrların sayı respublikada iki dəfə artmışdı. O dövrdə yüksəkixtisaslı kadrların böyük bir hissəsi ali təhsilli kadrlardan ibarət idi. Məsələn, 1978-ci ildə onlar ümumi sayın 46 faizini təşkil edirdilər.

 

İlham Əliyev nümunəsi

 

Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra da öz tarixi missiyasını fədakarcasına həyata keçirdi. 1969-1982-ci illərdə Azərbaycanı SSRİ miqyasında inkişaf səviyyəsinə görə 14-cü yerdən liderlər cərgəsinə çıxaran Heydər Əliyev bu dəfə mürəkkəb bir geosiyasi reallıqda hələ kövrək olan müstəqilliyimizi qorudu, vətəndaş qarşıdurmasına imkan vermədi, separatizmin kökünü kəsdi, dövlətçliyimizi yaşatdı.  Məhz Heydər Əliyev dühası ilə bu günkü qüdrətli Azərbaycanın möhkəm bünövrəsi yaradıldı.


Mənim üçün olduqca qürurvericidir ki, bu dövrdə də Heydər Əliyevin rəhbərliyi altında çalışmışam. Həm Nazirlər Kabinetində, həm də qanun yaradıcılığı sahəsində çalışdığım illərdə Ulu Öndərimizin nə qədər vətənpərvər, bütün varlığı ilə dövlətini və  xalqını sevən şəxsiyyət olmasının bir daha şahidinə çevrildim.  
Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi 10 il dövlətçiliyimizin əsaslarının formalaşdırılması və möhkəmləndirilməsi, hüquqi dövlət quruculuğunun həyata keçirilməsi, siyasi, iqtisadi və aqrar islahatların aparılması, respublikamızın beynəlxalq birliyin tamhüquqlu üzvünə çevrilməsi, o cümlədən təkmil dövlət idarəetmə aparatının yaradılması dövrü kimi yadda qaldı. 


Bütün bunlarla yanaşı, xalqımızın dahi övladı respublikamızın gələcək inkişaf istiqamətlərini müəyyən etdi və ən əsası bu inkişafı təmin edə biləcək layiqli siyasi varis yetişdirdi. Ötən 20 ilə yaxın dövr ərzində Azərbaycanın keçdiyi dinamik inkişaf yolu göstərir ki, Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu, ideyalarını layiqincə, qətiyyətlə davam etdirir. Başqa cür ifadə etsək, əsası Heydər Əliyev tərəfindən qoyulan inkişaf siyasəti Azərbaycan cəmiyyətinin bütün sferalarında yeni dövrün tələblərinə uyğun olmaqla uğurla davam etdirilir. Bu dövrdə iqtisadiyyatımızın 3 dəfə artması, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin inşasının başa çatdırılması, Bakı-Tbilisi-Qars və "Cənub qaz dəhlizi" kimi qlobal əhəmiyyət daşıyan layihələrin tam icra olunması, respublikamızın qlobal enerji müzakirələrində aparıcı mövqe tutması, həmçinin kosmik kluba daxil olması, əhalinin sosial rifahında baş verən yüksək keyfiyyət dəyişiklikləri  Azərbaycanın yüksəlişinin göstəriciləridir.


Milli inkişafda varisliyi təmin edən Prezdent İlham Əliyevin həyata keçirdiyi siyasət həm də novatorluğu və dinamizmi ilə fərqlənir. Qeyd olunanlar Prezident İlham Əliyevin dövlət idarəçiliyi xəttində və kadr siyasətində özünü göstərir. Bu sahədə vaxtilə Ulu Öndərin yaratdığı ənənələr layiqincə davam etdirilir. Bu baxımdan hazırda ölkəmizdə həyata keçirilən mütərəqqi gənclər siyasəti və təhsil siyasəti müasir idarəetmə çağırışlarının tələblərinə cavab verə bilən kadrların yetişdirilməsini təmin edir.  Bu gün gənclərimiz dövlət xətti ilə dünyanın nüfuzlu ali təhsil ocaqlarında təhsil almaq imkanına malikdirlər.


20 il böyük zaman kəsiyi deyil. Lakin keçdiyimiz yola nəzər salanda, prosesləri analiz edəndə görürük ki, bu dövrdə qazanılan uğurlar bir neçə onilliyə bərabərdir. Prezident İlham Əliyev ölkəmizin inkişafına nail olmaqla yanaşı, həm də beynəlxalq münasibətlər şəraitində istənilən məsələ üzrə Azərbaycanın milli maraqlarını təmin edir. Prezident İlham Əliyev beynəlxalq miqyasda da əsl lider olaraq ehtiramla qarşılanır.

 

Tarixin ən qüdrətli Azərbaycanı

 

Bu dövrün ən böyük tarixi uğuru isə 2020-ci ilin Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsidir. 44 günlük müharibədə qazanılan zəfərlə Prezident İlham Əliyev Ulu Öndərin 2003-cü ildə xalqımıza müraciəti zamanı etdiyi vəsiyyəti yerinə yetirdi. Artıq ərazi bütövlüyümüz bərpa edilib, keçmiş məcburi köçkünlər tədricən doğma yurdlarına geri dönürlər. Həmçinin Qarabağ və Şərqi Zəngəzurda onların məşğulluğu, sosial rifahı üçün geniş imkanlar yaradılır. Bu amillərin hər biri Azərbaycanda həyata keçirilən sosial siyasətin ən mükəmməl nümunəsidir.


Zəngilanın Ağalı və Tərtərin Talış kəndlərində həyatın yenidən başlanması göstərir ki, möhtərəm İlham Əliyev işğaldan azad edilmiş torpaqlarımızı əzmlə və qətiyyətlə bərpa edir. Bununla yanaşı, cənab İlham Əliyev müharibədən sonra yaranmış yeni reallıqlar müstəvisində də Azərbaycanın maraqlarını qətiyyətlə qoruyur. Bir neçə gün əvvəl Laçın yolunun girişində nəzarət-buraxılış məntəqəsinin yaradılması da göstərir ki, Azərbaycan dövləti özünün milli mənafelərini təmin etməyi bacarır. 


Bütün bu sadalananlar həm də Azərbaycan dövlətinin öz tarixinin ən qüdrətli mərhələsini yaşadığını təsdiq edən faktorlardır. 


Bu gün Azərbaycan bütün parametrlər üzrə nəinki regionun, ümumilikdə götürdükdə böyük bir arealın inkişaf nümunəsidir. Heydər Əliyev siyasi məktəbinin ən layiqli yetirməsi olan Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin hər bir nailiyyəti həm də idarəçilikdəki nizam-intizamın, ədalətin, şəffaflığın göstəricisidir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlət idarəçilik xətti Prezident İlham Əliyev tərəfindən daha da təkmilləşdirilməklə, dövrün çağırış və tələbləri nəzərə alınmaqla, ən müasir yanaşma metodları ilə davam etdirilir. Xüsusilə qeyd edilməlidir ki, dövlətin idarə edilməsində, dövlətə rəhbərlikdə peşəkarlığın, səmərəliliyin, səriştəliliyin əhəmiyyətini isə xalqımız Prezident İlham Əliyevin çoxcəhətli və səmərəli fəaliyyətində daha aydın görür və bununla fəxr edir.

 

Hadi RƏCƏBLİ,
siyasi elmlər doktoru, professor 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?