Modern.az

Nə qazi, nə də millət vəkili qanundan üstündür – Komitə sədri

Nə qazi, nə də millət vəkili qanundan üstündür – Komitə sədri

Aktual

8 May 2023, 13:34

"Kiminsə qazi, şəhid ailəsi, qəhrəman, dövlət mükafatlarının laureatı, millət vəkili olması onu qanundan üstün etmir".

 

Bunu Modern.az-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev peşəkar idmançı, Vətən müharibəsi iştirakçısı Rəvan Nəbizadənin Xüsusi Təyinatlı Qüvvələrin mənsubu olmuş qazi Namiq Babayevə ağır xəsarət yetirməsindən danışarkən deyib. 

 

Deputat məlum hadisənin cinayət olduğunu, Rəvan Nəbizadənin qanun qarşısında cavab verəcəyini bildirib:


“Bu, birbaşa cinayət hadisəsidir. Üstəlik ictimai yerdə baş verib. Bu halı nə özbaşınalıq kimi, nə də şəxsin psixoloji vəziyyəti ilə əlaqələndirmək olar. Hesab edirəm ki, hüquq-mühafizə orqanları tərəfindən hadisəyə ciddi şəkildə münasibət bildiriləcək. Kiminsə qazi, şəhid ailəsi, qəhrəman, dövlət mükafatlarının laureatı, millət vəkili olması onu qanundan üstün etmir. Heç kimə icazə verilmir ki, qanunu pozsun və vətəndaşa qarşı yolverilməz hərəkət etsin".

 


"Fikrimcə, belə məsələlər çox ciddi şəkildə araşdırlmalıdır. Arzu etmirəm ki, kimsə qazi, şəhid ailəsi, qəhrəman adından sui-istifadə edib, bu adı hörmətdən salsın. Hər bir münasibət qanun çərçivəsində olmalıdır. Əgər şəxsin hər hansı narazılığı varsa, müvafiq qurumlara müraciət edə, şikayətini çatdıra bilərdi. Amma kiminsə vəzifə başında, üstəlik qazi olan şəxsə xəsarət yetirməsinə heç kim nə mənəvi, nə də hüquqi cəhətdən haqq qazandıra bilər”, - deyə komitə sədri vurğulayıb.

 

Qeyd edək ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, Xüsusi Təyinatlı Qüvvələrin mənsubu, "Vətən müharibəsi iştirakçısı", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şücaətə görə" medalları ilə təltif edilmiş qazi Namiq Babayev işinin icrası zamanı vətəndaş Rəvan Nəbizadə tərəfindən hücuma məruz qalıb. 

 

N.Babayevin xəsarətlərinin dərəcəsini müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizanın rəyi alınıb. Faktla bağlı Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma) və 221 (Xuliqanlıq) maddələri ilə cinayət işi açılıb.

Bu xəbər ilə bağlı
Peşəkar idmançı qazinin çənəsini sındırdı - VİDEO
Xəbəri oxu
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?