Modern.az

Heydər Əliyev amili Azərbaycanı bir çətir kimi qoruyurdu

Heydər Əliyev amili Azərbaycanı bir çətir kimi qoruyurdu

10 May 2023, 10:14

Heydər Əliyevin gücü, müdrikliyi, ümumiyyətlə, Heydər Əliyev amili Azərbaycanı bir çətir kimi qoruyurdu.

 

Modern.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində deyib.

 

Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətdən kənarda qaldığı illərdə də hər zaman Azərbaycanın maraqları ilə yaşadığını, ürəyinin Azərbaycanla bir döyündüyünü vurğulayan dövlətimizin başçısı bildirib:

 

“Heydər Əliyev xalqımız üçün ağır günlərdə - 20 Yanvar faciəsindən sonra yenə də xalqımızın haqq səsini dünyaya məhz o çatdırmışdır. Yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək öz haqq səsini ucaltmış, sovet hökumətinin, Sovet İttifaqının rəhbərliyinin bu qanlı əməlini pisləmiş və bu qırğınla bağlı dünyaya bəyanat vermişdir. Mən onun yanında idim, o günü yaxşı xatırlayıram, həm faciəvi gün idi, eyni zamanda, qürurverici bir gün idi. Moskvada yaşayan azərbaycanlılar daimi nümayəndəliyin önünə toplaşmışdılar və Heydər Əliyev binaya yaxınlaşanda sanki bir canlı dəhliz açılmışdı. Baxmayaraq ki, o, bütün vəzifələrdən çıxarılmışdır, ona qarşı Azərbaycanda ovaxtkı rəhbərlik tərəfindən çirkin kampaniya aparılırdı, sovet mətbuatında da çirkin kampaniya aparılırdı, ancaq Azərbaycan xalqının qəlbində o, daim böyük lider kimi yaşayırdı”.

 

Prezident qeyd edib ki, Heydər Əliyev 1982-87-ci illərdə Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Bürosunun üzvü və Sovet Hökuməti sədrinin birinci müavini kimi daim Azərbaycana öz diqqətini, qayğısını göstərirdi. Məhz bu qayğı və diqqət nəticəsində Azərbaycan o illərdə də uğurla inkişaf edirdi.

 

Azərbaycan xalqının faciələrinin Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra başladığını diqqətə çatdıran dövlət başçısı qeyd edib: “1987-ci ildə istefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırmışdılar və Azərbaycan xalqının faciələri o gündən başlamışdır. Şübhə yoxdur ki, əgər Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?