Modern.az

Heydər Əliyev təkbaşına altı nəfərə qarşı dayanmışdı - Vilayət Quliyev

Heydər Əliyev təkbaşına altı nəfərə qarşı dayanmışdı - Vilayət Quliyev

Aktual

10 May 2023, 11:33

Heydər Əliyev hətta protokol xa­rakterli səfərlərdə də maksimum dərəcədə çox iş görməyə, siyasi və iqtisadi xarakterli görüşlər ke­çirməyə, predmetli söhbət etmək, konkret təkliflərlə müraciət edən hər bir dövlət adamına, tanınmış ekspertə, mətbuat nümayəndə­sinə vaxt ayırmağa çalışırdı. 

 

Modern.az xəbər verir ki, bunu 1999–2004-cü illərdə Azərbaycan Respublikasının Xarici işlər naziri vəzifəsində işləmiş və hazırda ölkəmizin Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri olan Vilayət Quliyev "Xalq qəzeti"nə müsahibəsində deyib.

 

Sabiq nazir deyir ki, o, hər dəfə Prezidentin prinsipiallığının, cə­sarətinin, dəqiq siyasi qiymət­ləndirmələrinin, ölkəmizlə bağlı məsələlərdə güzəştsizliyinin, dərin təhlil və ümumiləşdirmə bacarığının şahidi olurdu.

 

"Rəs­mi ziyafətlərdəki beş-on cümləlik tostları da kağızdan oxuyan bəzi dövlət və hökumət başçıların­dan fərqli olaraq Heydər Əliyev yüksək natiqlik istedadı, hazırca­vablığı, yerinə düşən incə zarafat və yumoru ilə də diqqəti çəkirdi. Tərəddüdsüz demək olar ki, hər bir səfər həm də Prezidenti daha yaxından tanımaq üçün əlavə şans idi. 

 

Əgər çoxsaylı səfərlərdən mütləq hansısa birini fərqləndirmək zərurəti yaransaydı, 2002-ci ilin aprelində Qarabağ münaqişəsinin həlli ilə bağlı həlledici danışıqların aparıldığı Ki-Vest səfəri üzərində dayanardım.

 

Olduğu bütün ölkələrdə dövlət və hökumət başçıları ilə ünsiyyət zamanı Heydər Əliyev üçün əsas meyar inandığı həqiqətlər, xalqı­mız və dövlətimiz üçün faydalı və zəruri saydığı məsələlər idi. Hə­min cəhətlər Ki-Vest danışıqla­rının da məzmun və mahiyyətini təşkil etmişdi. ABŞ Dövlət katibi Kolin Pauell və ABŞ prezidenti­nin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Kondoliza Raysın iştirakı ilə Ermənistan prezidenti Robert Koçaryan və Minsk qrupu həmsədrləri formatında keçirilən görüş dövlətçilik təfəkkürü, siyasizəka, intellekt mübarizəsi idi. Əs­lində, Prezident Heydər Əliyev Ki-Vestdə təkbaşına altı nəfərə qarşı dayanmışdı. Ermənistanın mövqeyi bəlli idi. ABŞ rəsmiləri, Minsk qrupu həmsədrləri də er­məni tərəfini işğalçı kimi tanıma­dan Azərbaycandan alacaqları güzəştlər hesabına Qarabağ mü­naqişəsinin dinc yolla həllinə nail olmağa çalışırdılar. Amma bütün səylərinə baxmayaraq ümidləri doğrulmadı.

 

Heydər Əliyev isə Ki-Vestdə yalnız işğalçı ölkənin lideri Köçər­yana deyil, onun açıq və gizli ha­vadarlarına müraciətlə münaqişə­nin illərlə həllini tapa bilməməsinin əsas səbəbi kimi işğalçı ilə işğala məruz qalanın bərabər tutulma­sı olduğunu göstərmişdi: “Çətin danışıqlar gedişində Ermənistan tərəfi həmişə qeyri-konstruktiv mövqe tutmuşdur və bu gün də bu mövqedə qalır. Ermənistan Azərbaycanın ərazisinin 20 faizini işğal etdiyinə və danışıqlarda bu üstünlükdən istifadə etdiyinə görə, biz Ermənistanla razılığa gələ bilmirik. Ermənistan hər vasitə ilə Azərbaycanın ərazisinin bir hissəsini qoparmağa, özünə birləşdirməyə və ya Dağlıq Qarabağ üçün müstəqillik statusuna nail olmağa çalışır”.

 

Köçaryan bir neçə min ki­lometr yol keçib Ki-Vestə gəl­məkdən məqsədinin siyasi bəyanatlar vermək olmadığını iddia eləsə də, əslində, Azərbaycan Prezidentinin sərt ittihamları qarşısında deməyə sözünün ol­madığını göstərdi.

 

Vaşinqtonda davam edən rəs­mi səfər zamanı kiçik Corc Buşla Ağ Evdə iştirakçısı olduğum görüşdə ABŞ-nın 43-cü Prezi­denti sonralar etiraf etdiyi kimi “Heydər Əliyevin şəksiz liderliyi-nə, cəsarətinə, misilsiz dünya-görüşünə və natiqlik istedadına” heyran qaldığını gizlətməmişdi"", - diplomat qeyd edib.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?