Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin gözlənilən görüşündə danışıqlar normallaşma prosesinin tərkib hissəsidir.
Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
XİN başçısı bildirib ki, Brüssel görüşünə Bakı və İrəvan arasında aparılan danışıqların bir hissəsi kimi baxılmalıdır.
"Prosesin baş verməsini müsbət qiymətləndiririk. Bəzən müxtəlif səbəblər olur və danışıqlar prosesində fasilələr, yaxud ləngimələr yaranır. Azərbaycan tərəfinin bu istiqamətdə yanaşması hər zaman davamlı və ardıcıldır. Biz danışıqlar prosesinin və normallaşmanın tərəfdarıyıq. Əfsuslar olsun ki, vaxtaşırı Ermənistan tərəfindən qeyri-ardıcıl, ziddiyyətli yanaşma və fikirlər səslənir. Sülh danışıqları ilə bağlı 6 aya yaxın fasilə vardı. Daha sonra beynəlxalq vasitəçilərin rolu nəzərə alınmaqla yaxınlarda yenidən danışıqlar baş tutdu. Hesab edirik ki, bəlli fasilədən sonra liderlər səviyyəsində görüşün keçiriləcəyi ümumilikdə müsbət haldır, danışıq və nəticələri gözləməyə çox vaxt qalmayıb”, - deyə Ceyhun Bayramov vurğulayıb.
Qeyd edək ki, Azərbaycan və Ermənistan liderlərinin mayın 14-də Brüsseldə görüşü gözlənilir.