Modern.az

Zəlzələ bölgəsinin Ərdoğanı seçməsinin səbəbi - Türkiyəli jurnalistlər danışır

Zəlzələ bölgəsinin Ərdoğanı seçməsinin səbəbi - Türkiyəli jurnalistlər danışır

15 May 2023, 17:38

Türkiyədə keçirilən prezident seçkilərində hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın zəlzələ bölgəsində üstünlük qazanması geniş müzakirələrə səbəb olub. Fevralın 6-da baş vermiş zəlzələdən sonra fəlakət bölgəsində səsvermənin "Millət İttifaqı"nın xeyrinə olacağı ehtimal edilsə də, nəticələr Ərdoğanı önə çıxarıb. Daha ətraflı BURADAN oxuya bilərsiniz.

 

Zəlzələ bölgəsində fəaliyyət göstərən jurnalistlər seçki ilə bağlı təəssüratlarını Modern.az-la bölüşüb, vətəndaşların daha çox Ərdoğana səs verməsinin səbəblərini açıqlayıblar.

 

Beynəlxalq Jurnalistlər Şurasının Adana üzrə nümayəndəsi Savaş Çokduygulu seçkilərin nəticələrinin sürpriz olmadığını deyir:

 

 

“Seçki ikinci tura qalsa da, prezident Ərdoğan bir addım öndədir. Deməli, iqtidar vəzifəsini icra edib. Müxalifət isə yaxşı performans nümayiş etdirməyib. Müxalif siyasi partiyalar Ərdoğanı məğlub edə bilmədi. Çünki o, öz vəzifəsini yerinə yetirib. Əlbəttə, demokratiyanın əsas göstəricisi seçki qutularıdır. Qutudan çıxan nəticəyə hər kəs sayğı göstərməlidir. Türkiyə vətəndaşları seçkidə fəal iştirak edib. Dünyada belə nümunə çox azdır. Seçkilər 90 faizə yaxın iştirakla problemsiz keçib.

 

Zəlzələ bölgəsində vəziyyət fərqli göstərilirdi. Biz də zəlzələ bölgəsindəyik. İqtidarın verdiyi vədlərdən vətəndaş xəbərdardır. Xüsusilə zəlzələ bölgələrində AKP-nin öndə olması təsadüfi deyil. Bu nəticələr iqtidarın fəlakət zamanı gördüyü işlər, verdiyi vədləri yerinə yetirməsi ilə əlaqədardır. Yenidən Ərdoğanın seçiləcəyi gözlənilir. Seçkidən əvvəl "Millət ittifaqı"nın arxayınlaşdığını müşahidə edirdik. Nəticədə seçkini qazana bilmədilər".

 

Beynəlxalq Jurnalistlər Şurasının Kahramanmaraş üzrə nümayəndəsi Bekir Doğanın sözlərinə görə, Kahramanmaraşda seçicilərin əksəriyyətinin Ərdoğana səs verəcəyi gözlənilən idi:

 

“Anket nəticələri hazırkı vəziyyəti göstərirdi.Hətta Ərdoğanın 52 faiz səs toplayacağı ehtimal olunurdu. Ancaq belə olmadı, seçki ikinci tura qaldı. Seçkinin ilk dəqiqələrində AKP və MHP-də həyəcan var idi. İlk olaraq kənarlardakı seçki qutuları açıldığına görə, nəticə yüksək görünürdü. AKP və MHP-yə  könül verənlər küçələrə çıxdılar. Sonra böyük şəhərlərin mərkəzlərinin nəticələri elan olunduqca səslərdə enmə oldu. Əlbəttə, əsas ikinci mərhələdir. Biz ikinci turda Ərdoğanın 51,5 və 52 faizlə seçiləcəyini düşünürük”.

 

 

Beynəlxalq Jurnalistlər Şurasının Osmaniyə üzrə nümayəndəsi İsrafil Avcı isə düşünür ki, seçki ikinci tura qalsa da, Ərdoğan seçiləcək:

 

“Parlamentdə "Cümhur İttifaqı" çoxluq qazandı. Bundan sonrakı seçkidə iki namizəd yarışacaq. Böyük ehtimalla ikinci turda Prezident Rəcəb Tayyib Ərdoğan seçiləcək. Bunun bir sıra səbəbləri var. Belə ki, Xalqların Demokratik Partiyası (HDP) "Millət İttifaqı"na dəstək verirdi. Bu da seçkinin nəticəsinə təsir etdi. Onu da bildirim ki, Sinan Oğanın eloktarat bazasını milliyyətçilər təşkil edir. Milliyyətçilər ikinci turda HDP-nin dəstəklədiyi ittifaqa səs verməz deyə düşünürəm”.

 

Qeyd edək ki, ötən gün Türkiyədə prezident və parlament seçkiləri keçirilib. İlkin nəticələrə əsasən, prezidentliyə namizədlərdən heç biri 50%+1 səs toplaya bilmədiyi üçün ikinci turun keçirilməsinə qərar verilib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?