Türkiyədə yeni hökumətin qurulması prosesi başa çatmaq üzrədir. İyunun 3-də keçirilən andiçmə mərasimindən sonra Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin tərkibini açıqlayıb. Dünən isə ölkənin digər güc strukturlarına təyinatlar olub.
Beləliklə, Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) sabiq sədri Hakan Fidan ölkənin xarici işlər naziri təyin edilib. Onun yerinə Ərdoğanın sözçüsü İbrahim Kalın gətirilib.
Kalın 15 sentyabr 1971-ci ildə İstanbul şəhərində anadan olub. 1992-ci ildə İstanbul Universitetinin Tarix fakültəsində bakalavr təhsilini tamamlayıb, Malayziya və ABŞ-da təhsilini davam etdirib. 1996-cı ildə ABŞ-ın Corc Vaşinqton Universitetinə doktoranturaya daxil olub. Kalın Corctaun Universitetində və Bilkənd Universitetində İslam düşüncəsi və İslam-Qərb münasibətləri mövzusunda mühazirələr oxuyub.
2005-2009-cu illərdə Türkiyənin ən məşhur beyin mərkəzlərindən biri olan Siyasi İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (SETA) qurucu sədri olub. İbrahim Kalın 2009-cu ildə baş nazirin xarici siyasətdən məsul baş müşaviri vəzifəsinə təyin edilib. 2012-ci ildə Baş nazir müşavirinin müavini vəzifəsini icra edib. Rəcəb Tayyib Ərdoğan prezident olduqdan sonra Prezident Administrasiyasının baş katibinin müavini vəzifəsinə təyinat alıb. O, 11 dekabr 2014-cü ildə Rəcəb Tayyib Ərdoğan tərəfindən Prezidentin sözçüsü təyin edilib və həmin dövrdən bu vəzifədə çalışıb.
MİT-ə yeni rəhbər təyinatını Modern.az-a şərh edən türkiyəli ekspert İmbat Muğlu deyir ki, İbrahim Kalın bundan sonrakı fəaliyyətində Hakan Fidanla kordinasiyalı şəkildə çalışacaq.
"İbrahim Kalının MİT-ə rəhbərlik etməsi dünya mediasında geniş tirajlandı. İbrahim Kalın Türkiyənin xarici siyasətini formalaşdırmaq üçün illərlə aktiv və bir o qədər də əhəmiyyətli vəzifələrdə xidmət edib. Bundan əlavə xarici işlər naziri təyin edilən MİT-in keçmiş rəhbəri Hakan Fidan ilə uzun zaman birlikdə işləyən Kalının bundan sonrakı yol xəritəsində də onunla koordinsayalı şəkildə çalışacağı məlumdur" , - deyə o bildirib.
Ekspert vurğulayıb ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı Azərbaycanda, Suriyada, İranda və digər ölkələrdə mühüm vəzifələr yerinə yetirəcək:
"Türkiyə geosiyasi vəziyyətinə görə, həm regional, həm də qlobal sülhün təmin edilməsində mərkəzi rol oynadığına görə Milli Kəşfiyyat Təşkilatının rəhbəri olaraq seçilən İbrahim Kalın bütün bu həssas məqamları bilən və lazımı addımları atan biridir. Türkiyənin maraqlarını qoruyan Milli Kəşfiyyat Təşkilatı əvvəl olduğu kimi indi də daxili və xarici dağıdıcı qüvvələrin fəaliyyətini izləməyə, lazım gəldikdə müdaxilə etməyə davam edəcək. Həmçinin, MİT ölkəyə qarşı həyata keçirilən kəşfiyyat fəaliyyətinə qarşı mübarizə aparmaq üçün üzərinə düşən vəzifəni yerinə yetirəcək. Təşkilat yeni dövrdə Azərbaycan, Suriya, İraq, Şərqi Aralıq dənizi, Liviya, Qara dəniz, Yunanıstan, İran, Rusiya, Ukrayna, ABŞ, Avropa İttifaqı ölkələri və digər dövlətlərin də daxil olacağı mühüm vəzifə və öhdəlikləri yerinə yetirəcək".