Goranboy rayonunda iqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir və bu sahədə bitkiçilik və heyvandarlıq sektorunun inkişafı diqqət çəkir. Rayonda cari təsərrüfat ilində 23650 hektar sahədə taxıl bitkisi, o cümlədən 15269 hektar sahədə arpa və 8381 hektar sahədə buğda, 1970 ha günəbaxan, 417 ha dənlik qarğıdalı əkilib.
Cari ildə rayonun Zeyvə, Şəfəq, Qarqucaq, Qaraçinar və Yenikənd kəndlərində, ümumilikdə 8,0 hektarda tütün əkilib. Hazırda rayonumuzda taxıl biçininə başlanılmış və bu günədək 1109 hektarda arpa biçini aparılmışdır. Cari məhsul ilində yüksək nəticə əldə olunacağı gözlənilir.Yaş barama qurdunun aidiyyəti qəbul məntəqələrinə təhvil verilməsi prossesi də davam etdirilir vəbugünədək 3982 kq məhsul təhvil verilib. Pambıq emal müəssisələri arasında müqavilələrin bağlanmasında cari ildə ciddi və əsaslı problemlərl yaranmış, bu da ötən illəmüqayisədə pambıq əkini sahələrinin xeyli azalmasına səbəb olub.
Bu məsələ ilə bağlı rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyevin rəhbərliyi ilə, “Goranboy rayonu üzrə 2023-cü ilin pambıq əkini ilə bağlı istehsalçılar və emal müəssisələri arasında bağlanmış müqavilələr və torpaq sahələrinin şumlanması vəziyyəti” barədə operativ müşavirə keçirilib. Müşavirədə pambıqçılığın inkişafında mövcud vəziyyət əsaslı təhlil və müzakirə edilib, bununla bağlı rayon İcra Hakimiyyəti başçısı tərəfindən aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar və tövsiyyələr verilib. Eyni zamanda, yüksək məhsuldarlıq üçün torpaq və su resurslarından səmərəli istifadə edilməli, növbəli əkin tətbiq olunmalıdır. Bundan başqa, aqrotexniki tədbirlərin vaxtında və düzgün yerinə yetirilməsi, torpaq sahələrinin aqrokimyəvi analizinin aparılması, mineral gübrələrdən düzgün istifadə olunması, zərərvericilərə qarşı mübarizə tədbirlərinin vaxtında görülməsi vacib məsələdir.
Məlumat üçün bildiririk ki, rayonumuzda pambıqçılığın becərilməsi və tədarükü ilə bağlı “MKT İstehsal Kommersiya” MMC, “Azərpambıq” MMC və “Goran-Cotton” MMC fəaliyyət göstərir. Ötən il 2526 hektar sahədən 6,8 min ton (27 sentner) pambıq yığılaraq, aidiyyəti üzrə təhvil verilmişdir. Lakin cari ilin əkini üçün 1540 hektarda səpin aparılmışdır. 2023-cü ilin müvafiq dövrü ərzində 70 ədəd texnika qeydiyyatdan, 681 ədəd texniki baxışdan keçirilmiş, 287 nəfər şəxsə yeni sürücülük vəsiqəsi verilmiş, 43 nəfərin sürücülük vəsiqəsinə yeni kateqoriya əlavə edilmiş və 151 nəfərin sürücülük vəsiqəsinin müddəti bitdiyi üçün yenisi ilə əvəz edilib.
Rayonda mövcud əkin sahələrinin suvarılması üçün Suvarma Sistemləri İdarəsinin balansında olan 958 ədəd subartezian quyusundan, mənbəyini Yuxarı Qarabağ kanalından götürən Borsunlu, Səfikürd, Boluslu və Qızılhacılı nasos stansiyalarından, “Şəmkir maşın” kanalından, “Sol sahil” Tərtər kanalından, təbii su mənbələri olan Kürəkçay, Qara-Goran və İncəçay çaylarından isdifadə edilir. Dövlət Başçısının müvafiq Sərəncamı əsasında, rayon ərazisində cari ildə 31 ədəd subartezian quyusunun qazılması və 16 ədədinin bərpası nəzərdə tutulub. Rayonda əkin sahələrinin suvarılması işinin təşkili və mövcud su ehtiyyatlarından səmərəli istifadənin təmin edilməsi nəzarətdə saxlanılır. Bu məqsədlə RİH yanında yaradılmış mobil qruplar tərəfindən yerlərdə mütəmadi iclaslar keçirilir.