Modern.az

Heydər Əliyevin 100 illik yubileyi haqqında

Heydər Əliyevin 100 illik yubileyi haqqında

16 İyun 2023, 11:34

Hörmətli Xanım Sədr!

Hörmətli deputatlar!

 

Bildiyiniz kimi bu il “Heydər Əliyev ili” elan olunması ilə əlaqədar Azərbaycan Respublikasının vətəndaşları, dünya azərbaycanlıları xalqımızın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyini böyük coşğu və sevinclə qeyd edirlər. Hörmətli sədrimiz Sahibə xanımın təşəbbüsü ilə may ayının 16-da bir çox ölkələrin parlament sədrlərinin və nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikası Milli Məclisinin ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclası keçirilmişdir. Bu gün də biz Parlamentimizin Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında Qurtuluşumuzun 30 illiyini qeyd edirik. Belə bir geniş miqyaslı tədbirin keçirilməsini təşkil etdiyinə görə hörmətli Sahibə xanıma xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Ulu Öndərin fəaliyyətinin qısa təhlili göstərir ki, Heydər Əliyev Azərbaycan dövlətini və millətini zamanın ən çətin sınaqlarından uğurla çıxararaq ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmuş qüdrətli şəxsiyyətdir, onun Azərbaycan dövləti və xalqı qarşısındakı möhtəşəm xidmətləri gələcək nəsillərin qəlbində də daim yaşayacaqdır.

Heydər Əliyev 1969-1982-сi illərdə Azərbaycana rəhbərlik etdiyi müddətdə bütün həyatını özünün qibləgahı hesab etdiyi Azərbaycanın iqtisadi inkişafına, milli-mənəvi dəyərlərin bərpası və tərəqqisinə və Azərbaycanın müstəqilliyinin formalaşmasına həsr etmişdir. Azərbaycan tarixinə quruculuq illəri kimi daxil olmuş bu dövrdə baş verən geniş miqyaslı inkişaf göstərdi ki, məhz Heydər Əliyev kimi enerjili və qətiyyətli bir liderin həmin şəraitdə Azərbaycana siyasi rəhbərliyə gəlməsinə böyük ehtiyac var idi.

Heydər Əliyev 1987-ci ildə Moskvada SSRİ rəhbərliyindəki vəzifəsindən istefa verdikdən sonra 1990-cı ildə Bakıya gəlmiş və sonra isə Naxçıvana getmişdir. Naxçıvan əhalisi həmin il görkəmli dövlət və siyasi xadimi Naxçıvan MSSR və Azərbaycan SSR Ali Sovetinə deputat seçdi. Mən də həmin il Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdim və Heydər Əliyevlə birlikdə Ali Sovetin sessiyalarında iştirak edirdik. 1990-cı ilin noyabr ayının 17-də Muxtar Respublikanın Ali Sovetinin birinci sessiyasında SSRİ-nin mövcud olmasına baxmayaraq Heydər Əliyevin böyük cəsarəti sayəsində doğma Azərbaycanımızın müstəqilliyinin rəmzi olan üçrəngli bayrağın dövlət bayrağı kimi qəbul edilməsi elan edildi. Həmin gün Azərbaycan Respublikasının müstəqilliyinin əbədi və dönməz olmasının möhkəm təməlinin qoyulduğu gün kimi tarixə düşdü. Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi çox çətin bir vaxtda - 1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və Heydər Əliyev partiyanın sədri seçildi. Həmin dövrdə Naxçıvanı Türkiyə ilə birləşdirən “Ümid” körpüsünün tikilməsi ilə Azərbaycan-Türkiyə qardaşlığının möhkəm təməli qoyuldu. 1993-cü ilin vahiməli iyun günlərində xalqın təkidli tələbini qəbul edən Heydər Əliyev 1993-cü il iyunun 15-də Ali Sovetin sədri seçildi. Ulu öndər müasir Azərbaycan dövlətinin memarı olmaqla yanaşı, həm də haqlı olaraq bugünkü Azərbaycan parlamentinin banisi sayılır. Heydər Əliyev cəmi 4 ay Ali Sovetin Sədri vəzifəsində çalışsa da, bu qısa müddətdə parlamentin ruhunu kökündən dəyişdi, ona siyasi mədəniyyət gətirdi. Sonralar 1997-ci il iyunun 27-də Milli Məclisin iclasında mənim əvvəlki iclasda verdiyim təklif deputat həmkarlarımın böyük əksəriyyətinin dəstəyini aldı və 15 iyun günü Azərbaycan xalqının Milli qurtuluş günü elan edildi və bayramlar sırasına daxil olundu. Hesab edirəm ki, doğma Azərbaycanımızın torpaqlarının erməni işğalından azad olunması məhz elə həmin gündən – Qurtuluş günündən başlamışdır. Çünki, hələ o vaxtlar Ulu Öndər bütün çıxışlarında böyük əminliklə deyərdi ki, “Biz Qarabağa mütləq qayıdacayıq. İnanın ki, qayıdacayıq”. Yəni bu fikirlər əsas verir ki, elə Qarabağın da Qurtuluşu 15 iyundan başlayır. Böyük səs çoxluğu ilə 4 dəfə Prezident seçilən İlham Əliyev cənabları keçən iyirmi il ərzində Ümummilli liderin layiqli varisi olduğunu və Azərbaycan Respublikasını daha yaxşı gələcəyə apardığını sübut etdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi sayəsində 44 günlük Vətən müharibəsində qazanılan parlaq qələbə ilə hörmətli Prezidentimiz tarixi nailiyyətə imza atdı, Azərbaycan xalqına verdiyi vədini və ata vəsiyyətini uğurla yerinə yetirdiyini bəyan etdi. Bütün bunlar onu deməyə əsas verir ki, Heydər Əliyev hakimiyyətə qayıtdığı gün bayram günü kimi qeyd edilməyə tam layiqdir.

“Nə qədər ki, Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam”, - deyən Heydər Əliyevin ideyaları və əməlləri daim yaşayacaq və onun adı Azərbaycanla həmişə qoşa çəkiləcəkdir. Diqqətinizə görə sağ olun.

 

Eldar İbrahimov

Milli Məclisin İntizam komissiyasının sədri,

iqtisad üzrə elmlər doktoru, professor

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?