Modern.az

Təxribatlar Ermənistanın sülhə hazır olmadığını göstərir

Təxribatlar Ermənistanın sülhə hazır olmadığını göstərir

17 İyun 2023, 11:30

Ermənilər təxribat törətməklə danışıqlar prosesini pozmaq və beynəlxalq birliyin diqqətini başqa məcraya yönəltmək istəyir.

 

Modern.az xəbər verir ki, bu sözləri deputat Fatma Yıldırım söyləyib.

 

O bildirib ki, Laçın sərhəd-buraxılış məntəqəsinin atəşə tutulması və nəticədə bir hərbi qulluqçumuzun yaralanması Ermənistanın sülhə maraqlı olmadığını göstərir. 

 

Ermənilər bu cür təxribatlar törətməklə danışıqlar prosesini pozmaq və beynəlxalq birliyin diqqətini başqa məcraya yönəltmək məqsədi daşıyır. Laçın postundan Qarabağ bölgəsinin yerli erməni sakinlərinin hər iki istiqamətdə şəffaf, təhlükəsiz və nizamlı keçidi üçün lazımi şərait yaradılıb. Bu post yaradılandan sonra yüzlərlə sakinin bu yoldan sərbəst şəkildə istifadə etməsi hər kəsə yaxşı məlumdur. Onun sözlərinə görə, sözügedən təxribatın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfərindən iki gün sonra, Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümündə baş verməsi diqqəti cəlb edir. Bu təxribatın törədilməsi göstərir ki, Ermənistan və onun havadarları çox narahatdırlar. 

 

F. Yıldırım qeyd edib ki, Ərdoğan səfəri zamanı Şuşada Türkiyənin Konsulluğunu açmağa hazır olduğunu bəyan etməsi, eləcə də regionun gələcəyi ilə bağlı mühüm mesajların verilməsi qarşı tərəfdə təşvişlə qarşılanır: "İyunun 15-də Şuşa şəhərində keçirilən Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümünə həsr olunmuş konfransda Türkiyədən də böyük nümayəndə heyəti iştirak etdi. Konfransda Azərbaycan və Türkiyənin rəsmi şəxsləri, parlament üzvləri önəmli çıxışlar etdilər, gələcək münasibətlərimizə dair vacib mövqe sərgilədilər, Şuşa Bəyannaməsi ilə əlaqələrimizin davamlı olaraq gücləndiyini vurğuladılar. “Qurtuluşdan Zəfərə” adlanan bu beynəlxalq konfransda qürurla iştirak etdik.

 

Millət vəkili deyib ki, həmin gün Laçın sərhəd nəzarət-buraxılış məntəqəsinin ermənilər tərəfindən atəşə tutulması təsadüfi sayıla bilməz. Erməni tərəfi məqsədli şəkildə bu təxribatı törətdi. Məlumdur ki, Azərbaycanla Türkiyənin regionumuzun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün aydın hədəfləri var. Ermənistan və onun havadarları isə öz çirkin əməlləri ilə bu hədəflərin reallığa çevrilməsinin qarşısını almağa çalışırlar. Amma bu cəhdlər heç bir nəticə verməyəcək. 15 iyun tarixində Ermənistan tərəfindən törədilmiş təxribatın digər bir məqsədi Laçın sərhəd buraxılış məntəqəsinin uğurlu fəaliyyətinə kölgə salmaq, məntəqədən təhlükəsiz və sərbəst şəkildə istifadəyə maneçilik törətməkdir. Hazırda rəsmi İrəvan yalan bəyanatlar verməklə beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Amma bu cür cılız davranışlarla güclü Azərbaycanı öz hədəflərdən çəkindirmək mümkün deyil”

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu