Füzuli rayonunda “Heydər Əliyev İli” ilə əlaqədar “Uşaqlar bizim gələcəyimizdir” adlı uşaq yaradıcılıq festivalı keçirilib.
Modern.az xəbər verir ki, Füzuli Rayon İcra Hakimiyyətinin, Kürdəmir Regional Mədəniyyət İdarəsi Füzuli rayon Mədəniyyət Müəssisələrinin, Rayon Gənclər və İdman İdarəsinin, Füzuli Dövlət Dram Teatırının və Rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Horadiz şəhərində yerləşən “Heydər Parkı”nda keçirilən festivalda Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Festivalda uşaqlara milli-mənəvi dəyərlərimizi aşılamaq məqsədilə qədim xalçalardan, qədim məişət əşyalarından ibarət, eləcə də qədim adət-ənənələrimizi, folklorumuzu özündə əks etdirən bölmələr təqdim olundu. Füzuli Dövlət Dram Teatrının aktyorları Azərbaycan nağıl qəhrəmanlarının personajlarını, eləcə də tarixi Azərbaycan filmlərindən qısa fraqmentlərini canlandırmaqla festivala rəngarənglik qatdılar.
Festivalda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən, eləcə də uşaq ədəbiyyatı nümunələrindən ibarət kitab sərgisi, uşaqların əl işlərindən, çəkdiyi rəsmlərdən və idmanda qazandıqları kuboklardan, medallardan ibarət sərgilər nümayiş olundu. Şahmat oyunu, nümunəvi idman nömrələri, akrobatik çıxışlar, bədii qirayət nümunələri, müxtəlif rəqslər və instrumental müsiqilərin təqdimatı festival iştirakçıları tərəfindən böyük maraqla qarşılandı. Uşaqların ifasında xalq mahnıları və muğamlar səsləndirildi. Balaca kulinarlar Azərbaycan mətbəxtinin müxtəlif nümunələri olan şirniyyatlar, qutablar, lavaşlar və yeməklərdən ibarət stendlərini qonaqlara böyük həvəslə təqdim etdilər.
Festivalda iştirak edən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev uşaqlarla səmimi söhbət etdi, uğurları ilə maraqlandı və onlara öz tövsiyələrini verdi. Festival şən musiqi sədaları və yüksək əhval-ruhiyyə şəraitində davam etdi.