Son günlər Ermənistan şərti sərhəddə, o cümlədən Laçın sərhəd-buraxılış məntəqəsində və Naxçıvan istəqamətində təxribatları intensivləşdirib. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində isə qanunsuz dəstələr mövqelərimizin qarşısında uzunmüddətli fortifikasiya qurğuları quraşdırmağa cəhd ediblər.
Azərbaycan Ordusu düşmənin təxribatlarına layiqli cavab verir, Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrini susdurur, eyni zamanda separatçıların təxtibat cəhdlərinin qarşısını alır.
Mətbuatda yayılan xəbərlərə görə, Ermənistan ordusunun şərti sərhəddə yerləşən bölmələri bir nömrəli hazırlıq vəziyyətinə gətirilib. Belə ki, dünən Ermənistan ordusunda silahların, xüsusi təyinatlı qüvvələrin və vasitələrin döyüş hazırlığının və döyüş qabiliyyətinin hərtərəfli yoxlanışları həyata keçirilib. Erməni mediasında yayılan iddialara əsasən, hazırlıq prosesi fonunda Avropa İttifaqının müşahidəçiləri sərhəddən uzaqlaşdırılıb.
Ümumilikdə bölgədə vəziyyətin gərgin olduğu müşahidə edilir, təbii ki, bunun səbəbi Ermənistan ordusunun hərbi təxribatlarıdır. Maraqlıdır, rəsmi İrəvan bu cür addımlar atmaqla yeni bir toqquşmaya zəmin yaradır?
Mövzu ilə bağlı Modern.az-a danışan hərbi analitik Alparslan İmamqulu hesab edir ki, Ermənistanın şərti sərhəd və Laçın sərhəd-buraxılış məntəqəsində törətdiyi təxribatlar Rusiyanın fəaliyyəti olaraq qiymətləndirilməlidir.
“Çünki Cənubi Qafqazdan çəkilmək istəməyən Rusiya mövcud vəziyyətdə Ermənistanın siyasi dairələrinə nüfuz etdiyi kimi, ordusuna da bunu nəzarət etməyə çalışır. Rusiya istədiyi vaxt diktə edərək bu cür əməllər həyata keçirməklə bölgənin sülh şansını aradan qaldırmaq və bir növ daim qarşıdurma yaradaraq, sülhməramlıların vacibliyini göstərmək istəyir”, - o bildirib.
A.İmamqulunun fikrincə, Azərbaycan həm Qarabağda, həm də şərti sərhəddə əməliyyatlar keçirməlidir:
“Başqa bir hal isə ondan ibarətdir ki, Paşinyan nə qədər Qərb dairələri ilə əlaqədə olsa da, müxtəlif dövrlərdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını ifadə etsə də, təxribatların qarşısını almaq üçün Azərbaycan yalnız irimiqyaslı antiterror əməliyyatları keçirməlidir. Bu cür əməliyyatlar həm Qarabağda, həm də şərti sərhəddə mütləq olaraq həyata keçiriləcək. Mövcud vəziyyət təhlükəsizliyimizin risk altında olduğunu göstərir. İstər Qarabağda, istərsə də digər bölgələrimizdə yeni investorların cəlb olunması, vətəndaşlarımızın qayıdış planı çərçivəsində geriyə dönməsi üçün təhlükəsizlik tam bərpa olunmalıdır”.
Hərbi ekspert Üzeyir Cəfərov isə düşünür ki, Ermənistana sərhəddə təxribatlar törədilməsi barədə tapşırıq verilib:
“Ermənistan bu toqquşma ilə çalışır ki, tərəflər arasında yaxın zamanda planlaşdırılan görüş ləğv edilsin. Onların məqsədi yalnız budur. Ermənistanın sülh haqqında düşündüyünü hesab etmirəm. Görünən odur ki, qarşı tərəf danışıqlardan yayınmaq üçün təxribatların sayını çoxaldıb”.
Ü.Cəfərov böyük toqquşma olmayacağını düşünür, buna səbəb kimi Ermənistan ordusunun Azərbaycanın cavab zərbələrinə qarşılıq verəcək gücdə olmamasını göstərib.
"Avropa İttifaqı müşahidəçiləri Ermənistan sərhədində olsa da, ciddi iş görmürdülər. Onlar yalnız hadisələrlə bağlı hesabat hazırlayırlar. Avropa İttifaqı bunun yerinə, Ermənistana Qarabağda olan silahlı dəstələrin çıxarılması ilə bağlı çağırış etsəydi, daha yaxşı olardı. Ümumiyyətlə, qeyd edim ki, Ermənistanın qarşıdurma yaradaraq bizə qarşılıq verəcək gücü yoxdur. Onlar ikinci Qarabağ müharibəsindən sonra heç bir hazırlıq keçməyib ki, bizə qarşılıq versin. Ermənistan yalnız, minaatanlardan istifadə edərək təxribatlar törədə bilər. Allah əsgər və zabitlərimizi qorusun. İtki olmasa sevinəcəyik, olsa ordumuz ermənilərə çox ağır şəkildə cavab verəcək. Ancaq mən düşünmürəm ki, tərəflər arasında böyük toqquşma olsun. Təbii ki, atılan addımlar Ermənistanın hərəkətlərindən aslı olacaq”.