Son dövrlər “Banklar haqqında”, “Mərkəzi Bank haqqında”, “Hesablaşmalar haqqında” qanunlarda müsbət məqamlarla yanaşı, xüsusi mənfi xətt də var.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Əli Məsimli bildirib.
“Bu da hər şeyin təmərküzləşdirilməsidir. Bunun hansısa normalar çərçivəsində dünya praktikasında öz əksini tapan dərəcəsini müsbət qiymətləndirirəm, amma normadan yuxarı olması bizim inkişafımıza çox mənfi təsir göstərəcək. Məsələn, hansısa təşkilata rəhbər gələndə orada birinci bütün funksiyaları öz üzərinə götürür. Sonra görür ki, bunların yarısını müavinə vermək lazımdır. Bunu paylaşdırandan sonra həmin təşkilatda iş getməyə başlayır. İndi yeni komandalarda çox təhlükəli bir tendensiya var ki, bu da hər şeyi mərkəzləşdirməkdir. Bilmirəm, bu göstəriş haradan gəlir, amma Azərbaycanda bumeranq effektini verəcək. Bundan əlavə, məmur sahibkarlığı da satınalmalarda xeyli çətinlik törədir. Satınalmalarda şişirdilmiş qiymətlər bütün dünyada var. Amma Azərbaycanda isə insafsızlıqdır”,- deyə deputat şikayətlərini çatdırıb.