Modern.az
Qəzənfər Həmidoğlu Klounada - Rus sirkində üçpərdəli QİYAM-ŞOU

Qəzənfər Həmidoğlu

Klounada - Rus sirkində üçpərdəli QİYAM-ŞOU

Aktual

25 İyun 2023, 08:38

1-ci pərdə

Rixard Vaqnerin “Faust re minor” üvertürasının sədaları altında pərdə açılır. Səhnənin ortasında Aşpaz Priqojin məşhur “kuvald”ı ilə janqlyorluq edir, “Vaqner”in akrobatları ətrafında hoppanır, salto-mortale nümunələri göstərirlər, yəni kəlləmayallaq aşırlar.

Aşpaz: - Maralotaran Sergey Küjügetoviç və danaqovan Gerasimov bizim akrobatların tövləsini arxadan raketlə vurublar. Bu “darmoyed”ləri cəzalandırmaq lazımdır. Gedirik Moskvaya. Hərbi qiyam etmirik, ədalət marşına çıxırıq, amma qarşımıza çıxmasınlar, blokpostlarını yıxar, tanklarının lüləsini əyər, təyyarələrini düşürərik. Hücum!

Akrobatlar: - Urra, irəli, düz Moskvaya, dedgilə!

2-ci pərdə


Moskva sirkində çaxnaşmadır: it yiyəsini tanımır, qırğılar pərən-pərən düşüb, Medvedev içib serpantariyada kobranın yanına uzanıb, FSB başını filin qulağına soxub, maralotaran Şoyqu sincabın karuselində fırlanır, atbalaxanım Simonyan başını Solovyovun qoltuğuna, o da burnunu bülbül qığına soxub, at oğrusu Narışkin “danışan at” Lavrovu zorla qaşovlayır, Jirinovskinin kabusu “çekist” Patruşevin ombasını gəmirir, “Xruş” Mişustin Peskovun bığını qoparıb özü taxmaq istəyir. Arenanın küncündəki bunkerdə ded bağırır…

Ded Putin: - Qiyamkar, xain Aşpaz! Satdı bizi. El içində üçqəpiklik hörmətimiz vardı, onu da birqəpiklik etdi. Bayden güləcək, Zelenski dombul çalıb oynayacaq, İmomali Rahmon bizi adam yerinə qoymayacaq. Leninqradlı deyib adam saydıq, Neva körpüsü təpəsinə düşsün…

FSB: - Aşpaza azı 20 il iş düşür, 19 il yatsın, sonuncu ildə sianid-noviçokla zəhərləyərik.

Maralotaran Şoyqu: - Aşpaz bizi daldan vurdu, Kiyev rejimi qabaqdan vurur, Baxmut əldən gedir.

“Danışan at” Lavrov: - Rostov da əldən getdi, Voronejə girirlər.

Dimon Medvedev (başını serpantariyadan qaldırır): - Voroneji taktiki nüvə raketi ilə vuraq… düt (qusur)… girə bilməsinlər.

Don-don Ramzan (Qroznıdan zəng edir): - Bizimkilər Rostova gedir. “Ахмат - сила! Аллаху Акбар!”

Danaqovan Gerasimov: - Tik Tok “Axmat” 10 saat əvvəl yola düşüb, amma hələ Qroznıdan çıxmayıb.

At oğrusu Narışkin: - “Vaqner” bir gündə üç xüsusi Mi-8 helikopteri, daha bir adi Mi-8, həmçinin Ka-52 (alliqator) yeni nəsil kəşfiyyat-hücum helikopteri, daha bir Mi-35 və bundan başqa İl-18 komanda-qərargah təyyarəsi vurublar.

“Xruş” Mişustin: - USQ əks-hücuma iyunun 7-də başlayıb, bu müddətdə hərbi aviasiyamıza Aşpazın Moskva yürüşünün bir günündə məhv etdiyi qədər zərbə vurmayıb…

Qəfildən Batka Şurik Minski hövlənak özünü dürtür içəri və ded Vovadan muştuluq istəyir.

Lukaşenko: - Aşpazla anlaşdıq, aparıram özümlə Minskə. Amma xərci filan barel neft, filan kubmetr qaz, filan qədər rubl, bir butulka “vodka” və bir balon xiyar turşusudur.

“Çekist” Patruşev: - Batya, bizim işlərə burnunu sox-soxa bizi siçan kimi gəmirir, qaz kimi yolur. Dedin saqqalı yoxdur, amma keçi yerinə minir…

Ded “bığ”ından yapışıb dartır bunkerin içinə. Az sonra qapı açılır və “bığ”- Peskov astanada görünür.

Bığ Peskov: - Ded Aşpazı əfv etdi, dəstəsini də bağışladı. Dedi ki, cəhənnəm olub getsin Belarusa. Sərəncam verdi ki, olan olub, keçən keçib, ölən ölüb və 24 iyun təqvimdən silinsin.

3-cü pərdə

Moskvanın yaxınlığında dayanan Aşpaz durbinlə sonuncu dəfə Kremlə baxır, sonra Napolyonsayağı burnunu ovuşdurur və qaçaq-quldur-dustaq ləşkərini süzür.

Aşpaz: - Marş qurtardı, qiyam bitdi. Gedirəm Minsk sirkinə, Dedi yıxa bilmədik, görək Batka ilə nə edirik…

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir