Modern.az

105 yaşı tamam olan Qalib xalqın Müzəffər ordusu!

105 yaşı tamam olan Qalib xalqın Müzəffər ordusu!

Aktual

26 İyun 2023, 22:46

"Azərbaycan xalqının qədim, zəngin dövlətçilik tarixi vardır. Azərbaycanın dövlətçilik tarixində ordu qurulması, yaranması, dövləti, ölkəni qorumaq üçün qüdrətli olması həmişə diqqət mərkəzində dayanıbdır. Azərbaycan xalqı çoxəsrlik tarixində çox döyüşlərdən çıxmış, yadelli basqınlara cavab verərək, torpaqlarını qoruyaraq, qonşu xalqların, ölkələrin təcavüzünün qarşısını alaraq, yaxud da öz ərazisinin bərpasını təmin edərək çox döyüşlər etmiş, döyüşlərdən çıxmışdır.”

 

Heydər Əliyev,

Azərbaycan xalqının Ümummilli Lideri

 

Bu gün Azərbaycan ictimai-siyasi, iqtisadi sabit və qüdrəti olan bir dövlət kimi, həm də güclü orduya malikdir. 105 yaşı tamam olan müzəffər ordumuzun yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir.

 

Tarixə nəzər salsaq, görərik ki, Milli Ordumuzun yaradılması hələ Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövrünə təsadüf edir. 1918-ci il mayın 28-də qəbul edilmiş „İstiqlal bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Bu səbəbdən, Azərbaycan Xalq Cümhuriyyətinin Hökuməti tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Beləliklə, Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə ilk ordu hissəsi "Əlahiddə Azərbaycan korpusu” yaradıldı. Həmin ilin avqust ayının 1-də Azərbaycanın Hərbi Nazirliyi təsis olundu və ilk müdafiə naziri isə Xosrov bəy Sultanov təyin edildi.

 

1918-ci ilin 15 sentyabrında bolşevik-daşnak qüvvələri və Lionel Denstervilin ingilis qüvvələrinin at oynatdığı və Azərbaycan türklərinə divan tutduqları Bakını Nuru paşanın rəhbərlik etdiyi Osmanlı və Azərbaycan Xalq Cümhuriyyətinin qüvvələrindən ibarət Qafqaz İslam Ordusu erməni-daşnak işğalından azad etdi.

 

1920-ci ildə XI Qırmızı Ordu və Volqa-Xəzər hərbi donanmasının Azərbaycan bolşevikləri ilə yaxın koordinasiyalanmış və həyata keçirilən hərbi əməliyyatı nəticəsində Qızıl Ordunun hərbi hissələri Bakıya daxil oldu, bununla da cəmi 23 ay müstəqil olmuş Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyi ləğv edildi.

 

1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Ordusunun yaradılması haqqında qərar qəbul edildi. Ulu öndər Heydər Əliyevin "Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü haqqında” 1998-ci il 22 may tarixli Fərmanına əsasən iyunun 26-sı „Azərbaycan Respublikası Silahlı Qüvvələri günü” elan olundu.

 

Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan Azərbaycan Silahlı Qüvvələri bu gün müdrik lider, böyük strateq, qalib sərkərdə - milyonların ürəyini fəth etmiş Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir.

 

Məhz bu uğurlu və uzaqgörən siyasət nəticəsində Vətən müharibəsinə qədərki 17 il ərzində ordumuzun döyüş qabiliyyəti daha da yüksəldi, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndi, silahlı qüvvələrimiz modernləşdirildi, ən son hərbi texnologiyaların orduya cəlb edilməsi təmin olundu və hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldı.

 

Burada Azərbaycanın görkəmli şairi, dramaturqu, ədəbiyyatşünaslarından biri və Azərbaycan Yazıçılar Birliyinin Qarabağ bölməsinin sədri olmuş Ənvər Əhmədin təkcə lirikası ilə deyil, vətənpərvərlik və qəhrəmanlıq motivləri ilə də zəngin olan poeziyasına nəzər salmamaq olmaz. "Bu qılınc qınında pas ata bilməz" əsəri mərhum şairin torpaqlarımızın işğaldan azad olunmasını həm İlahi hissi ilə, həm də ağıl və məntiqlə öncədən xəbər verən və xalqımızı Qələbəyə kökləyən əsərlərindən biri olub.

 

Şair Ənvər Əhməd digər bir əsəri "Ali Baş Komandanım, əmrinə müntəzirik…” şeiri ilə də sanki 2020-ci ildə əldə etdiyimiz şanlı Qarabağ Zəfərini öngörüb:

 

Ali Baş Komandanım, əmrinə müntəzirik,

Hər bir əsgər mərd, mətin, ilan başı əzirik.

Yarası göz-göz olan vətən ağrı çəkirdi,

Məkirli yağı düşmən qan toxumn əkirdi.

Üçrəngli bayrağımı bağrım üstə sıxıram,

Qarğa qonan zirvəyə qartal kimi çıxıram.

Ey ərən oğlu, ərən, haydı, deyin: qana qan,

Tətik çəkən əlindən öpəcək Azərbaycan!

…Ali Baş Komandanım, bu tarixdir, yazılır,

Tökdüyü qan içində, düşmən qəbri qazılır.

Məğlublar tarixini tərsinə yazır yağı,

Onlara bax, beləcə çəkirik biz göz dağı.

Döyüşə hər atılış, hər vuruş haqdır indii,

Ey vətən, o torpağın hər zərrəsi sənindi,

Cahangirlər böyüdən bu ulu xalq mətindi,

O yer, o yurd, o dağlar bizim məmləkətindi.

Arxaya yol yox daha, hər şey bizdən öndədir,

Hər şey ürəkdən, candan, hər şey gözdən öndədir.

Qaldır bayrağımızı göylərədək ucalsın,

Orda tarix diz çöküb bircə anda qocalsın!..

Gedir, gedir ordumuz, hücum əmri qətidir,

Qarabağ başdan-başa vətənin cənnətidir.

Ali baş komandanım, son sözü sən demisən,

Dünyanı silkələyib, haqqını istəmisən,

Bu haqq xalqın haqqıdır, bu haqq vətən səsidir.

Bu haqqın son çağırışı qələbə təntənəsidir.

Bu yolda ölüm-itim, bu yolda hər şey olar,

Bu hücumun zorundan yeni vətən doğular.

Qisas qınında qalmaz, əsirdir anam-bacım,

Gədənin başındadır Qarabağ adlı tacım.

Eşit, general oğlan, millətin haqq səsini,

Öz qanınla bərpa et, Vaqifin türbəsini.

Mən də bir əsgər kimi döyüşməyə hazıram,

Bu şeirimlə düşmənə ölüm hökmü yazıram!..

 

Ənvər Əhməd kimi şairlərimiz öz əsərləri ilə bizi Qələbəyə inandıranlardan olublar. Ruhu şad, yeri behişt, məkanı cənnət olsun!

 

Məqaləmin sonlarına yaxın bütün Azərbaycan xalqının əbədi inam və etibar məbədinə çevrilən Prezident Ilham Əliyevin 10 dekabr 2020-ci ildə Bakının Azadlıq meydanında Vətən müharibəsində qələbəyə həsr olunan Zəfər paradında çıxışında dilə gətirdiyi həmin o qürürverici sözləri olduğu kimi burada qeyd etmək istəyirəm:

 

"2003-cü ildə Prezident vəzifəsinə seçiləndə bizim Konstitusiyamıza və müqəddəs “Qurani-Kərimə”l basaraq and içmişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Və bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi!”

 

3 il əvvəl, Müzəffər Ali Baş Komandan Ilham Əliyevin rəhbərliyi altında dəmir yumruqla düşmənin başını əzərək, darmadağın edərək mədəniyyətimizin beşiyi, Qarabağın incisi, onun döyünən ürəyi olan Şuşanı azad edən və bununla da tariximizin ən şərəfli və qürur verici səhifələrindən biri olan Qarabağ Zəfərini bizə yaşadan, Vətənimizin ərazi bütövlüyünü bərpa edən şücaətli, qüdrətli, rəşadətli Ordumuza minnətdarıq!

 

Allah Vətən uğrunda canlarından keçən, tarix yazıb, tarixə sığmayan bütün şəhidlərimizə rəhmət, məkanlarını cənnət, ruhların şad etsin, qazilərimizə cansağlığı, uzun ömür bəxş etsin!

 

Nə etsək, nə desək, nə yazsaq, gedənləri geri gətirə, qaytara bilmərik, ödəyə bilmərik haqqlarını, doğmalarının acısına, dərdinə çarə ola bilmərik, sözsüz, ama onların əziz xatirəsini bir ömür boyu ehtiramla anmaq, yad etmək və əbədi yaşatmaq, unutdurmamaq hər birimizin vətəndaşlıq borcudur!

 

Yekun olaraq da vurğulayım ki, xalq-iqtidar/vətəndaş-dövlət birliyi olan yerdə, hərbçilərin vətənpərvərliyi olan yerdə heç kim bizim qabağımızda dura bilməz!

 

Yaşasın Müzəffər Ali Baş Komandan, Prezident Ilham Əliyev,

Yaşasın sücaətli, qüdrətli, rəşadətli, yenilməz Azərbaycan Ordusu,

Yaşasın müstəqil, firavan, güclü Azərbaycan və dəmir iradəli Azərbaycan xalqı!

Qarabağ bizimdir,

Qarabağ Azərbaycandır!

 

Ramil Şükürov

Gənclərin İnteqrasiyası və İnkişafı Assosiasiyasının (AYID) prezidenti

Budapeşt, Macarıstan

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?