Ukraynadakı Rusiya qoşunlarının komandanının müavini, general Sergey Surovikinlə bağlı müxtəlif xəbərlər yayılıb.
Modern.az xəbər verir ki, Qərb və Rusiya mətbuatı onun harada olduğu ilə maraqlanır.
"Bloomberg"in məlumatına görə, hərbi prokurorlar Surovikini "Vaqner"in rəhbəri Yevgeni Priqojinlə əlaqələri ilə bağlı bir neçə gün dindiriblər. Agentliyin həmsöhbətləri onun “hansısa bir yerdə saxlanıldığını, həbsxanada olmadığını” deyirlər.
"Istories.media" nəşri Baş Qərargah və Federal Təhlükəsizlik Xidmətinə yaxın iki mənbəyə istinadən bildirir ki, Surovikin həbs olunmayıb və Lefortovo həbxanasında deyil, o, dindirilib, lakin sonra sərbəst buraxılıb.
“Exo Moskvı” radiosunun keçmiş baş redaktoru Aleksey Venediktovun sözlərinə görə, Surovikin üç gündür ki, ailəsi ilə əlaqə saxlamır: "Onun mühafizəçiləri də cavab vermir. Məndə ancaq belə faktlar var".
"Financial Times" qəzetinin məlumatına görə, Surovikin ötən həftə uğursuz üsyandan sonra saxlanılıb. Qəzet qeyd edir ki, Surovikin Yevgeni Priqojinlə yaxşı münasibətlər saxlayır. Məqalədə deyilir ki, Surovikinin qiyamçılara dəstəkdə ittiham olunduğu, yoxsa sadəcə olaraq dindirilmək üçün saxlandığı hələ də qeyri-müəyyən olaraq qalır.
Rusiya hakimiyyətinə yaxın "Baza" telegram kanalı iddia edir ki, kanal Surovikinin qızı ilə danışıb, generalı heç kim həbs etməyib və hər şey qaydasındadır. Kremlin sözçüsü Dmitri Peskov isə onun saxlanılması barədə sualları şərh etməyib və bununla əlaqədar Rusiya Müdafiə Nazirliyinə sual ünvanlamağı məsləhət görüb.
"Vaqner"in qiyamı başladıqdan qısa müddət sonra Surovikin üsyançılara videomüraciət ünvanlayıb: “Vaqner"in rəhbərliyinə, komandirlərinə və döyüşçülərinə müraciət edirəm. Biz birlikdə vuruşduq, itkilər verdik, birlikdə qalib gəldik. Biz eyni qandanıq, döyüşçüyük. Sizi dayanmağa çağırıram, düşmən ancaq ölkəmizdə daxili siyasi vəziyyətin pisləşməsini gözləyir. Çox gec olmadan, Rusiya Federasiyasının xalq tərəfindən seçilmiş Prezidentinin iradəsinə və əmrinə tabe olmaq lazımdır".
"New York Times" qəzeti Amerika kəşfiyyatına istinadən yazıb ki, generalla "Vaqner" arasında əlaqə daha da sıx ola bilər, Surovikin üsyan planlarından əvvəlcədən xəbərdar olub və heç nə edə bilməyib. Nəşr qeyd edir ki, rəsmilər generalın Priqojinə kömək edib-etmədiyini öyrənməyə çalışırlar.