Füzuli rayonunda 2 iyul polis işçilərinin peşə bayramı günü ilə əlaqədar tədbir keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir başlamazdan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, hüquq mühafizə orqanlarının rəhbərləri, bir qrup şəhid ailələri və qazilərlə birlikdə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək Ümümmilli Liderin əziz xatirəsinə dərin ehtiramlarını ifadə etdilər.
Daha sonra Füzuli Dövlət Dram Teatrının binasında keçirilən tədbir Dövlət Himninin səslənməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətin başçısı Alı Alıyev ölkəmizdə hüquq-mühafizə orqanlarının fəaliyyəti üçün səmərəli şəraitin Ulu Öndər Heydər Əliyev tərəfindən yaradıldığını, eləcə də Azərbaycanda əsaslı hüquq islahatlarının məhz Heydər Əliyevin hakimiyyəti dövründə həyata keçirildiyini diqqətə çatdırdı. Polis işçilərini peşə bayramları münasibətilə təbrik edən Alı Alıyev ölkəmizdə sabitliyin və əmin-amanlığın qorunmasında polis işçilərinin xidmətlərindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin hüquq-mühafizə orqanları işçilərinə göstərdiyi diqqət və qayğısından söz açıb.
Tədbirdə çıxış edən Füzuli Rayon Polis Şöbəsinin rəisi Zaur Abbasov, Füzuli Rayon Prokuroru Elnur Rüstəmov və digər çıxışçılar Azərbaycan polisinin həmişə dövlətə, cəmiyyətə şərəflə xidmət etdiyini bir daha diqqətə çatdırdılar.
Sonda nümunəvi xidmətlərinə görə fərqlənən bir qrup polis əməkdaşı Fəxri Fərmanlarla təltif olundular.