Biz Azərbaycanla enerji, turizm, infrastruktur və digər sahələrdə birgə işlər görmək istəyirik.
Bunu Modern.az-a açıqlamasında Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən Nazirlər görüşündə iştirak edən Monteneqronun Baş naziri Dritan Abazovic deyib.
O, Bakıda təşkil olunan nazirlər toplantısının böyük əhəmiyyətə malik olduğunu söyləyib.
“İlk olaraq tədbirin təşkilinə görə Azərbaycan Prezidenti və hökumətini təbrik etmək istəyirəm. Qoşulmama Hərəkatı dünyanın ikinci ən böyük təşkilatından biridir və Monteneqro burada müşahidəçi ölkə kimi iştirak edir. Həmçinin biz dünyanın digər dövlətləri ilə dostluq əlaqələri yaratmaq istəyirik. Bu cür tədbirlər böyük əhəmiyyətə malikdir. Çünki ölkələr belə toplantılarda çox önəmli məsələləri müzakirə edir. Biz dünyanın hazırkı mürəkkəb geosiyasi mühiti ətrafında fikir mübadilələri aparırıq. Bu cür tədbirlər həm də ölkələrin görüşlər keçirməsi və gələcək inkişaf proqramı haqqında fikirlərin bölüşməsi üçün fürsətdir”, - XİN başçısı bildirib.
D.Abazovicin fikrincə, Monteneqro kimi kiçik ölkələrin belə toplantılarda iştirak etməsi çox vacibdir:
“Biz Azərbaycanla turizm, infrastruktur, enerji və digər sahələrdə də işlər görmək istəyirik. Məhz bütün bu söylədiyim məsələlərə görə hazırkı tədbiri böyük bir fürsət kimi görürəm. Xüsusilə vurğulamaq istədiyim odur ki, Monteneqro kimi kiçik ölkələr üçün bu cür tədbirdə olmaq çox vacibdir. Bir ölkənin ərazisinin böyük olması vacib deyil, təhlükəsizliyin inkişafı üçün ümumbəşəri dəyərləri təbliğ etmək və geosiyasi vəziyyətin daha da inkişafına töhfə vermək üçün nə qədər böyük arzu və enerjinin olması vacibdir”.
