Hamiləlik prosesinin ən həyəcanlı hadisəsi həm ana, həm də ata üçün körpənin ürək döyüntülərinin ilk dəfə eşidildiyi andır. Bu proses xüsusilə gələcək analar tərəfindən həyəcan və səbirsizliklə gözlənilir. Ona görə də həkim mama-ginekoloq Xanım Adıgözəlovanın yazılarına əsasən dölün ürək döyüntüsü mövzusunda araşdırma elədik.
Dölün ürək döyüntüsü hansı həftədə eşidilir?
Hamilə qadınları maraqlandıran əsas məsələ hamiləlikdə dölün ürək döyüntüsünün nə zaman eşidiləcəyidir. Həkim mama-ginekoloq Xanım Adıgözəlova qeyd edir ki, hamiləliyin 6-cı həftəsində ultrasasəs cihazının keyfiyyətindən və həkimin səriştəsindən asılı olaraq embrionun ürək döyüntüsü eşidilə bilər. Lakin hamiləliyin 7-ci həftəsində normal formada görülür.
Dölün ürək döyüntüsü necə olur?
Dölün ürəyi ana bətnində inkişaf prosesində olan digər orqanlar kimi embrion toxumasından ibarət xüsusi bir quruluşdur. Ürək döyüntüləri isə dölün sağlam inkişaf etdiyini və canlı olduğunu göstərən mühüm əlamətdir. Buna görə də, prenatal müayinələrdə müntəzəm olaraq dölün ürək döyüntüsü izlənməlidir. Həkim mama-ginekoloq Xanım Adıgözəlova bildirir ki, hamiləlik irəlilədikcə dölün ürəyi sabit bir ritmlə döyünməyə başlayır. Ümumiyyətlə, bu dövrdə ürək dərəcəsi dəqiqədə 100-130 vuruş arasındadır. Hamiləliyin 9-10-cu həftələrindən etibarən isə ürək döyüntüsü artır və 140-170 vuruş arasında dəyişir.
Dölün ürək döyüntüsündə bəzi dəyişikliklər normaldır. Belə ki, hamiləlik irəlilədikcə körpənin yuxuda və ya hərəkətdə olduğu vaxtda ürək döyüntüsündə müəyyən dəyişikliklər ola bilər. Həmçinin ananın fiziki aktivliyinə əsasən də dölün ürək döyüntüsündə kiçik dəyişikliklərin olması normaldır. Lakin bu dəyişikliklər ciddi fərqlə hiss olunursa, mütləq müdaxilə edilməlidir. Əgər ürək döyüntüsü dəqiqədə 180-dən yuxarı və ya 110-dən azdırsa, həkim müxtəlif müayinələr edə bilər.
Dölün ürək döyüntüsündəki dəyişikliklər və səbəbləri
Qeyd edildiyi kimi, dölün ürək döyüntüsü hamiləlikdə körpənin sağlamlıq vəziyyəti haqqında vacib məlumat verir. Adətən ürəyin nizamlı və sürətli ritmdə döyünməsi körpənin inkişafının müsbət əlamətidir. Lakin mütəxəssis rəyinə əsasən deyə bilərik ki, bəzi hallarda dölün ürək döyüntüsü anomaliyaları görünə bilər və bu vəziyyətlər diqqət tələb edən vacib sağlamlıq göstəriciləridir.
Sözügedən anomaliyaların bəzi ümumi səbəbləri arasında dölün ürək strukturundakı anadangəlmə qüsurlar yer alır. Həkim mama-ginekoloq Xanım Adıgözəlova bildirir ki, bundan əlavə, ana və ya körpənin sağlamlığına təsir edən müəyyən risk faktorları da anormallıqlara səbəb ola bilər. Hamiləlik zamanı infeksiyalar, qidalanma, müəyyən genetik faktorlar, hamiləlik yaşı kimi faktorlar riskləri artıra bilər.
Dölün ürək döyüntüsü anomaliyalarının erkən diaqnozu müdaxilə ehtimalını artırır və körpənin uzunmüddətli sağlamlıq nəticələrini yaxşılaşdırır. Müntəzəm edilən prenatal və ultrasəs müayinələri dölün ürək döyüntüsündə hər hansı bir anormallıqları aşkar etməyə kömək edir.
Dölün ürək döyüntüsü eşidilmirsə nə etməli?
Hamiləliyin dördüncü həftəsindən körpənin qan dövranı sisteminin əmələ gəlməsi başlayır. Qeyd edildiyi kimi, ürək döyüntüsünü isə 7-ci həftədən etibarən eşitmək mümkündür. Həmin bu prosesdə körpənin ürək döyüntüsü və hamiləlik kisəsi 1-2 həftə ərzində yaxından izlənilir.
Həkim mama-ginekoloq Xanım Adıgözəlova bildirir ki, müayinənin 7-ci həftəsində körpənin ürək döyüntüləri eşidilməyə bilər. Bu zaman hamilələrin narahat olmasına ehtiyac yoxdur. Çünki hamiləliyin növbəti həftələrində ürək döyüntüsünü eşitmək mümkün olacaq. Lakin yenə də ürək döyüntüsü eşidilmirsə və ya zəif eşidilirsə və ya sonrakı dövrdə artıq ürək döyüntülərində problem yaranarsa, dərhal lazımi tədbirlər görülür və müayinələr aparılır.
Unutmayın ki, hər bir hamiləlik fərqlidir. Hətta bir qadının daha öncə hamiləliyi olubsa da, yeni hamiləliyi fərqli ola bilər. Ona görə də simptomlar, inkişaf mərhələləri müəyyən fərqliliklərdə olacaqdır və buna görə də hamiləliklə bağlı hansısa sualınız yaranarsa, mütəxəssis rəyinə önəm verməyiniz tövsiyə olunur.