Modern.az

Qüdrəti, müharibə əxlaqı inkaredilməz ORDU

Aktual

18 Oktyabr 2023, 15:40

Regionda bütün məsələləri Azərbaycan dövlətinin iradəsi həll edlirsə, bu, İlham Əliyevin qurduğu güclü dövlət, güclü ordu sayəsindədir
 

İlham Əliyevin 20 illik Prezidentlik fəaliyyətində ordu quruculuğu ən üst məqamda dayandı. Bu, səbəbsiz deyildi. Ali Baş Komandan Azərbaycan Ordusunu elə bir səviyyəyə qaldırmalı idi ki, istənilən an işğal altındakı torpaqları qısa müddətdə azad etmək imkanına malik olsun. Belə də oldu. İlham Əliyev elə bir ordu qurdu ki, dünyada ilklərə imza atdı. Keçirdiyi hərbi əməliyyatlar hərb tarixində yeni səhifə açdı. Cəmi 44 günə 30 illik dövrdə düşmənin və havadarlarının möhkəmləndirdiyi keçilməz səngərlər keçildi, güclü sədlər aşıldı, əzəli torpaqlarımız azadlığına qovuşdu. Bir aydan artıq müddətdə belə tarixi qələbəyə imza atmaq, düşməni diz çökdürmək dünyanın diqqətini Azərbaycan Ordusuna, onun həyata keçirdiyi hərbi əməliyyatlara yönəltdi. Hamı yaxşı anlayırdı ki, Azərbaycan təkcə erməniləri yox, həm də onlara havadarlıq edənləri, hər cür hərbi-siyasi dəstək verən böyük gücləri məğlub edib; Mümkünsüz görünəni reallığa çevirib.
 

Azərbaycan Ordusu həm də əxlaqlı müharibə aparmaqla, savaş qaydalarına əməl etməklə ortaya nümunə qoyub. İstər 44 gün ərzində, istərsə də postmüharibə dövründə baş verən hərbi əməliyyatlarda Azərbaycan Ordusunun hümanistliyini, ədalətini də hamı gördü. Ordumuz uşaq, qoca, qadın qatili düşməndən fərqli olaraq sivil adamlara bir dəfə də olsun, silah yönəltmədi, onları qətl etmədi. Bu ilin 20 sentyabrında 23 saatlıq antiterror əməliyyatı bu deyilənləri bir daha dünyaya nümayiş etdirdi. Yalnız hərbi obyektləri sıradan çıxaran silahlı qüvvələrimiz elə dəqiqliklə antiterror əməliyyatı apardı ki, dinc sakinlərdən heç kim zərər görmədi və ərazilərimizdə yaşayan erməniəsilli sakinlərin bu əməliyyatlar zamanı öldürülməsi ilə bağlı faktların olmamasını düşmənin özü də etiraf etmək zorunda qaldı.
 


Bu gün dünyanın ayrı-ayrı yerlərində baş verən hərbi əməliyyatlar zamanı uşaqların, qocaların ölməsi ilə bağlı reallıqlar, acı mənzərələr Azərbaycan Ordusunun müharibə əxlaqını yaddaşlarda təzələyir. Ordumuz içindəki insanpərvərliklə dünyaya müharibə əxlaqının inkaredilməz gözəl nümunəsini təqdim edib.
 

Belə bir ordunu qurmaq isə heç də asan başa gəlməyib. 90-cı illərin əvvəllərində hələ tam formalaşmayan, ayrı-ayrı silahlı dəstələrdən ibarət olan silahlı qüvvələrin yerinə, hazırda regionda ən güclü, bütün dünyada öz imkanlarına görə sayılıb-seçilən bir ordu keçib.
 

Ulu Öndər Heydər Əliyev 1993-cü ildə acınacaqlı durumda olan ordunu özünün bacarığı, qətiyyəti, illərə dayanan siyasi təcrübəsi ilə formalaşdırmağa başladı. Hələ sovet hakimiyyəti dövründə ölkəmizin nə vaxtsa müstəqil olacağını yaxşı anlayan, bu baxımdan peşəkar hərbçilərin yetişməsi üçün məktəb yaradan Ulu Öndər yenidən hakimiyyətə qayıtdıqdan sonra müstəqil Azərbaycanın hərbi siyasətini daha da gücləndirdi. 1994-cü ildə Ermənistan-Azərbaycan arasında atəşkəs əldə edildi və həmin dövrdən sürətlə milli ordu quruculuğuna start verildi. Ölkənin məhdud iqtisadi gəlirləri hərbi xərcləri arzu olunan səviyyəyə yüksəltməyə imkan verməsə də, Ümummilli Lider özünün bütün imkanlarını səfərbər edərək nizamlı ordu quruculuğunu gerçəkləşdirdi.
 

Ulu Öndərin ordu ilə bağlı planları yarımçıq qalmadı. İqtisadi baxımdan daha da güclənən Azərbaycanın hərbi büdcəsi sürətlə artdı. Prezident İlham Əliyevin Prezidentliyinin ilk illərində hərbi sahə dövlət siyasətində xüsusi prioritetlik qazandı. Ali Baş Komandan ordu quruculuğu ilə bağlı yaradılan mükəmməl baza əsasında müasir silahlarla təchiz olunmuş qüdrətli ordu yaratdı. Güc amilinin dünyada önə çıxdığını dəfələrlə bəyan edən İlham Əliyev peşəkar ordu məsələsini ölkənin bir nömrəli məsələsinə çevirdi; dövlət büdcəsində silahlı qüvvələrə ayırılan vəsaitin həcmi əməlli böyüdü. Maddi-texniki bazası möhkəmlənən ordunun təminatı üçün milli hərbi-sənaye kompleksinin yaradılmasına təkan verildi. Eyni zamanda, qoşun birləşmələrinin döyüş hazırlığı müasir standartlar səviyyəsinə çatdırıldı, əməliyyat işləri, idarəetmə təkmilləşdirildi, xeyli sayda təlimlər keçirildi, yeni silah sistemləri alındı və s.
 

Qələbə ilə nəticələnmiş reallıq göz önündədir. Dağınıq sılahlı dəstələrin yerində düşməni diz çökdürən, güclü, rəşadətli, qalib Azərbaycan Ordusu dayanıb. Qüdrəti hamı tərəfindən etiraf edilən ordumuz bu gün dövlət müstəqilliyinin ən böyük qarantı rolunu oynayır. Hazırda regionun güc balansında əvvəlki hökmran və təkəbbürlü davranışlar keçmirsə, köhnə təxribat ssenariləri işə yaramırsa, bütün məsələləri Azərbaycan dövlətinin iradəsi həll edlirsə, ölkəmizlə təhdid dilində danışmağa cürət olunmursa, bu, İlham Əliyevin qurduğu güclü dövlət, güclü ordu sayəsindədir. Qalib Azərbaycanda ordu quruculuğu strategiyası bundan sonra da daha əzmlə davam etdiriləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir