Modern.az

Ermənistanda “siyasi turizm”

Aktual

29 Oktyabr 2023, 12:56

Son vaxtlar Ermənistanda turizmin yeni növü meydana gəlib. Ölkəyə səyahət edən “siyasi turistlərin” sayı kəskin şəkildə artıb.

 

Fransadan demək olar ki, hər həftə bu ölkəyə “səyahət” edən nazirlərin, deputatların, xristian təəssübkeşlərinin, müxtəlif rəngli və çaplı lobbistlərin ardınca Kanadanın xarici işlər naziri də haqqında heç bir məlumatı olmadığı bölgəyə səfər edib. Bütün turistlər kimi o da Azərbaycan sərhədinin Ermənistan üzündən ölkəmizə binoklla baxıb və elə sərhəd bölgəsində də İPhone fotoları çəkib “like” toplamağa başlayıb. Qərb demokratiyasının əsas əlamətlərindən olan populizmin bundan da yaxşı nümayişi ola bilməzdi. Azərbaycana qarşı apardığı işğalıçılıq, etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində Ermənistanın üzləşdiyi çıxılmaz vəziyyətin fonunda Qərb populistlərinin özünü reklam kampaniyaları genişlənməkdədir. Bu kampaniyaların Qərb tərəfindən davamlı olaraq manipulyasiya edilən “insan haqları” və “demokratiya” ilə hər hansı mümkün əlaqəsi isə cavabı olmayan tapmacadır.

 

Ermənistanda keçirdiyi görüşlərdə ölkəmizə qarşı əsassız ittihamlar səsləndirən və hətta Bakını sanksiyalarla hədələyən Melani Coli hələ Ermənistana səfəri ərəfəsində öz ölkəsində olarkən erməni gündəliyinin əsas şüarlarını səsləndirmişdi. Deməli, Kanadanın erməni lobbisi artıq öz işini görüb, indi işləmək növbəsi Melani Colidədir. Melani Coli isə həddindən artıq “işgüzar” və “fədakar” olduğunu göstərmək üçün ermənidən daha çox erməni cildinə girməyi bacardı. Görünür bu ona Kanadanın erməni mafiyası ilə gələcək işbirliyini möhkəmləndirmək üçün lazımdır. Çoxsaylı Avropa rəsmilərinin səxavətli ödənişlər müqabilində erməni lobbisinə can-başla xidmət etdiyi heç kimə sirr deyil. Kanada kimi soyuq bir ölkədə erməni maraqlarının belə qızğın müdafiəsi isə suallar doğurmaya bilməz. Beynəlxalq siyasət meydanında özünə məxsus heç bir dəsti-xətti olmayan Kanada kimi bir ölkənin rəsmilərini özlərindən min kilometrlərlə məsafədə yerləşən Ermənistana doğmalaşdıran nə ola bilər? Bu suala yalnız iki cavab variantı var: erməni lobbisinin göz qamaşdıran vəsaitləri və ya vassalı olduğu dövlətin təlimatları. Hər bir halda Cənubi Qafqazda başının çıxmadığı oyunların içinə girmək Kanada siyasətinin əsas məsələsi ola bilməz. Çünki Kanada müstəqil bir dövlət kimi beynəlxalq siyasətdə heç zaman heç bir rol oynamayıb. Əgər Kanada beynəlxalq siyasət meydanında azacıq da olsa görünsəydi, Azərbaycan torpaqlarının 30 ildən çox işğal altında qaldığından, Ermənistandan və işğal olunmuş ərazilərdən 1 milyon insanın qovulub çıxarılmasından xəbərdar olardı. Amma belə görünür ki, bütün bu hadisələrin baş verməsindən Kanadanın xəbəri olmayıb. Xəbəri olsaydı yəqin ki, heç olmasa Azərbaycanlıların öz ata-baba torpaqlarından deportasiya edilməsini qınayardı. Bütün bunlar olmayıb. Ona görə də Meloni Colinin ölkəmizin ünvanına cəfəng iddialar səsləndirməsi, Azərbaycanı “deportasiya”da ittiham etməsi Kanada siyasətinin məsələsi yox, erməni riyakarlığının və Kanadanın vassal obrazının təzahürüdür.

 

Kanadanın bir dövlət kimi yaradılması tarixi özü bəşəriyyətə qarşı cinayətlərlə dolu qanlı bir tarixdir. Vaxtilə Kanada ərazisinin aborigen sakinləri olmuş hinduların acı taleyi bu dövlətin yerli xalqlara qarşı həyata keçirdiyi soyqırımı faktının sübutu kimi bütün dünyaya məlumdur. Bu gün də Kanadada hindu uşaqları üçün açılmış çoxsaylı internatlarda uşaqların kütləvi şəkildə öldürülməsi faktları ortaya çıxır. Belə dəhşətli cinayətlərdə ittiham olunan bir dövlətin rəsmisinin Cənubi Qafqazda baş verən hadisələrə münasibət bildirmək cəhdləri öz-özlüyündə siyasi əxlaqsızlıqdır.

 

Yerli aborigen xalqların soyqırımı nəticəsində yaradılmış Kanada rəsmisinin hansısa ölkələri, xüsusilə də Azərbaycanı etnik dözümsüzlükdə ittiham etməsi erməni həyasızlığının Melani Coli tərəfindən çox yaxşı mənimsənildiyini göstərir.

 

Kanada xarici işlər nazirinin Ermənistana səfəri və bu ölkədə səsləndirdiyi cəfəng ittihamların Kanadanın hər hansı dövlət maraqlarına uyğunluğu da təəccüblü görünür. Əgər Kanadanın bu bölgədə hər hansı marağı varsa, bu maraq Azərbaycansız təmin oluna bilməz. Azərbaycan Kanadanın Mərkəzi Asiya və Çinlə ticarət əlaqəsini təmin edən bir ölkədir. Bütün bunlara rəğmən erməni lobbisinin və ABŞ administrasiyasının ruporuna çevrilən Kanada siyasi rəhbərliyinin Azərbaycana qarşı nümayiş etdirdiyi riyakarlıq adekvat cavab tədbirlərinin görülməsini zəruri edir. Hazırda ölkəmizdə fəaliyyət göstərən Kanada şirkətləri var. Belə bir vəziyyətdə Melani Colinin özünün xatırlatdığı sanksiya tədbirlərinin Azərbaycan tərəfindən ölkəmizlə çalışan Kanada şirkətlərinə tətbiq edilməsi ən düzgün cavab tədbiri olardı. Belə tədbirlərin görülməsi ona görə vacibdir ki, Melani Coli kimi siyasi turistlər Ermənistanda “səyahət”də olduqda özlərini düzgün aparsınlar.

 

Cavanşir Feyziyev
Milli Məclisin deputatı 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir