Modern.az

Tariximizin ən möhtəşəm Zəfərini qazanan lider

Aktual

24 Dekabr 2023, 15:02

Azərbaycan cəmiyyəti demokratik inkişafının yeni mərhələsinə növbədənkənar prezident seçkiləri marafonu ilə qədəm qoyur. Artıq seçki hazırlıqlarının startı verilib. Cəmiyyətin mütləq gözləntisi özünü döğruldub. Hakim Yeni Azərbaycan Partiyası öz liderinin növbəti müddətdə dövlət başçısı seçilmək üçün namizədliyini irəli sürüb. Mərkəzi Seçki Komissiyası YAP Sədri İlham Əliyevin prezidentliyə namizədliyini qeydə alıb.

 

Ötən 20 ildə Azərbaycanı Ümummilli lider, müstəqil dövlətimizin banisi Heydər Əliyevin müəyyən etdiyi yolla inamla irəli aparan Prezi­dent İlham Əliyevin siyasi fəaliyyətini davam et­dirmək uğrunda növbəti mübarizəsi 62 yaşının tamam olduğu günlərə təsadüf edir. Azərbaycan cəmiyyəti indidən ona son 2 əsrlik tarixinin ən böyük qələbəsini qazandırmış liderinin alterna­tivsizliyi barədə qənaətlərini bildirməkdən çə­kinmir. Prezident isə növbədənkənar seçki elan edərkən bütün demokratik tələblərə sonadək əməl edilməsi barədə qəti mövqe ifadə edib.

 

Artıq yüz ilə yaxındır ki, Azərbaycan cəmiyyəti hər bir vətəndaşına seçmək və seçilmək hüququnu tanıyıb. Bu gün ölkəmiz dünya qarşısında daha bir im­tahana gedir. Növbəti 5 ildə Azərbay­canı dünya siyasətinin labirintlərində məharətlə irəliyə aparacaq, vətəndaş rifahını onun layiq olduğu yaşam səviy­yəsinə yüksəldəcək bir ölkə başçısının seçimi qarşısındayıq. Deməli, cəmiyyə­tin hər bir üzvü üçün məsuliyyətin ən yüksək dərki və vicdanın tələbi ilə qərar qəbul etmək anıdır.

 

Belə bir anda millətimizin gələcəyi naminə dönüb geriyə baxmaq, qazan­dıqlarımızla itirdiklərimizi tərəziyə qoy­maqla milli maraqlarımıza ümummilli təəssübkeşlik aynasından baxaraq edilən seçim vətəndaş məsuliyyətinin ən parlaq göstəricisi olur. 

 

30 il əvvəl üzləşdiyi ağır tarixi sı­naqlardan Heydər Əliyev kimi müdrik bir şəxsiyyətin öndərliyi ilə üzüağ çıxan Azərbaycan xalqı seçimində yanılma­yaraq müstəqil dövlət quruculuğunun Heydər Əliyevlə başlayan şərəfli yoluna qədəm qoydu. Sözlə ifadəsi sadə gö­rünən, lakin enişli-yoxuşlu yollardan və siyasi təlatümlərdən keçərək bu günün mənzərəsini yaratmaq heç də asan ol­madı. İlk növbədə, günbəgün daha bö­yük itkilər və daha böyük sarsıntılar gə­tirən müharibəyə son qoymaqla ölkənin tarixi taleyində dönüş yaradan Heydər Əliyev qısa bir zamanda ortaya qoydu­ğu uğurlu enerji strategiyası ilə ölkəmizi yeni bir yola – Yeni Azərbaycanın şərəfli quruculuq yoluna çıxara bildi. 

 

Məhz xalqla birgə nəfəs alması, onun müstəqilliyini əbədi və sarsıl­maz etmək uğrunda son nəfəsinə­dək göstərdiyi çabalar Heydər Əliyevi xalqın əbədi Ümummilli liderinə çevir­di. Öz tarixinə hörmətlə, öz xilaskarına ümumxalq məhəbbəti və minnətdarlığı ilə yanaşan xalq Heydər Əliyev idealla­rına sədaqətini 2003-cü il secimlərində nümayiş etdirdi. Xalq Heydər Əliyev kursunu uğurla davam etdirmək iqtida­rında olan yeni liderini – İlham Heydər oğlu Əliyevi özünə rəhbər seçdi. Hə­min dövrdə İlham Əliyevi uğurlu seçim kimi fərqləndirən başlıca şərtlərdən biri onun müstəsna tarixi şəraitdə yetkin bir siyasətçi kimi yetirməsi idi. 

 

Əvvəlki dövrdə çalışdığı rəhbər və­zifələrdə özünü doğrultması, ən baş­lıcası isə Heydər Əliyev dühasından bəhrələnərək novator siyasətçi kimi ye­tişmək imkanlarını səfərbər etməsi onu qısa bir zamanda Azərbaycanın siyasi səhnəsində önə çıxarmışdı. 2003-cü ildə prezident səlahiyyətlərinin icrası­na başladığı zaman qarşısına qoyduğu ən böyük hədəflərdən biri kimi yeni iş yerlərinin açılması ölkənin ən böyük so­sial bəlası olan işsizlik probleminin həll olunmasına şərait yaratdı. 

 

O dövrdən etibarən bu günə qədər həyata keçirilmiş uğurlu sosial-iqtisa­di proqramlarla, sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi yolu ilə bir milyondan çox yeni iş yerləri yara­dıldı. Bu siyasətin ardıcıllığı və dön­məzliyi ölkədə yoxsulluq səviyyəsinin azaldılmasına və əhalinin sosial rifah səviyyəsinin yüksəlişinə səbəb oldu. Çala-çuxurlu yolların, sınıq-salxaq kör­pülərin, divarları ovulub tökülmüş yaşa­yış binalarının, məktəblərin, xəstəxa­naların, təsərrüfat, istehsal və xidmət obyektlərinin abadlaşdırılması, bütöv­lükdə, yeni ölkə quruculuğuna start verilməsi, ölkənin simasının kökündən dəyişilməsi möcüzə təəssüratı yaratsa da bütün bunlar xalqın gözü qarşısında baş verdi. 

 

Bu İntibah Azərbaycan dövlətinin və vətəndaşının birgə səyi nəticəsində baş tutdu. Bu İntibahın əsasında Azərbay­can liderinin – İlham Əliyevin yaradıcı zəkası, Azərbaycan vətəndaşının isə qurucu əməyi dayandı. Bu gün “dün­yaya Günəş kimi doğan Azərbaycan” (Heydər Əliyev) məhz Lider – Vətəndaş vəhdətinin nəticəsi oldu. Azərbaycan­da xalq və hakimiyyət vəhdətinin yeni, daha məhsuldar epoxası da məhz bu dövrdən başlayır.

 

İlk 5 illik prezidentlik dövründə ona etimad göstərmiş xalqın gözləntilərini layiqincə doğrultması İlham Əliyevə sonrakı 3 seçkidə daha inamlı qələbə qazandırdı. İkinci prezidentlik dövründə İlham Əliyev Ulu öndərin siyasi kursuna sadiq qalmaqla bərabər, həm də onu yeni keyfiyyətlərlə zənginləşdirmək, heç kimin proqnozlaşdıra bilmədiyi bir novatorluqla davam etdirmək, müasir dünyanın siyasi mədəniyyətində “öz üslubunu” yaratmaq bacarığını ortaya qoydu. İqtisadi böhranın bütün dünyanı çulğadığı bir zamanda milli dövlətimizin tərəqqiyə qovuşması, ölkə miqyasında bu inkişaf tendensiyasının davamlılı­ğı Azərbaycanı beynəlxalq arenada önəmli bir dövlətə – qlobal siyasətdə söz sahibinə çevirdi.

 

Azərbaycanın orta və uzunmüddətli inkişafının prioritet istiqamətləri və bu strategiyanın uğurlu icra mexanizmləri müəyyən edildi. Regionların sosial-iq­tisadi inkişafına vüsət verən proqram­lar, əhalinin həyat səviyyəsinin yüksəl­dilməsinə, təhsilin, səhiyyənin, elmin tərəqqisinə hesablanmış fəaliyyət is­tiqamətləri bir-birini tamamlamaqla ölkəmizdə bir milyondan çox iş yerinin açılmasına və yoxsulluq səviyyəsinin kəskin şəkildə aşağı düşməsinə şərait yaratdı. İnsan amili dövlət siyasətinin ana xəttini təşkil etməyə başladı. 

 

Bu dövrdə Azərbaycanın xarici si­yasət sahəsində qazandığı uğurlar onu beynəlxalq siyasi sistemin ən fəal sub­yektlərindən birinə çevirdi. Azərbaycan özünün və daxil olduğu regionun təh­lükəsizlik maraqlarını qoruya bilmək, cürbəcür təhdid və avantüraları zərər­sizləşdirmək bacarığını nümayiş etdirdi və nəticədə, dünya birliyində etibarlı tərəfdaş nüfuzu qazanmış Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT Təhlükə­sizlik Şurasının üzvü seçilərək dünya­nın idarə olunmasında bilavasitə iştirak edən bir dövlətə çevrildi. Həm birinci, həm də ikinci prezidentliyi dövründə ölkəmiz üçün ən ağrılı problem olan Dağlıq Qarabağ münaqişəsinin həlli is­tiqamətində həyata keçirilən ardıcıl təd­birlər İlham Əliyev siyasətinin prioritet istiqamətini təşkil etdi. 

 

Avropa Şurası, Avropa Parlamen­ti kimi mötəbər təşkilatlar tərəfindən Ermənistanın təcavüzkar dövlət kimi tanınması, bir çox dövlətlər tərəfindən Xocalı faciəsinin soyqırımı faktı kimi qə­bul edilməsi Azərbaycanın beynəlxalq hüquq prinsiplərinə əsaslanan haqlı mövqeyini bir daha təsdiq etmiş oldu. Azərbaycanın bu illər ərzində öz ədalət­li mövqeyindən bir addım belə geri çə­kilməməsi, Ermənistanın bu problem üzərindən spekulyasiya manevrlərinin sıfıra endirilməsi, böyük iddialarının girovuna çevrilmiş işğalçı-separatçı re­jimin beynəlxalq miqyasda küncə sıxış­dırılması xarici siyasətimizin qələbəsi oldu.

 

Bu gün Azərbaycan beynəlxalq mövqeyi tarixində heç zaman olmadı­ğı qədər güclü və sarsılmazdır. Eyni zamanda, regional müstəvidə göstə­rilən təşəbbüslər, həyata keçirilən iri layihələr Azərbaycanı regionunun lider dövlətinə çevirdi. Dövlət başçısı İlham Əliyevin dəfələrlə və qürurla qeyd etdiyi – “Bu gün Azərbaycanın razılığı olma­dan regionda heç bir layihə gerçəkləşə bilməz” yanaşması bu günümüzün re­allığı, ölkəmizin regional və beynəlxalq miqyasda artan nüfuzunun və möhkəm­lənən mövqeyinin əyani təzahürü oldu.

 

Əsası Heydər Əliyev tərəfindən qoyulmuş enerji strategiyasının ötən onillikdə də uğurla həyata keçirilməsi Azərbaycanın əldə etdiyi iqtisadi uğur­ların başlıca səbəbi oldu və bu proses­də ölkəmizin güclü enerji infrastrukturu təşəkkül tapdı və onun qlobal əhəmiy­yəti daha da artdı. Nəticədə, ölkəyə sabit maliyyə axını təmin edildi, ölkənin valyuta ehtiyatları dəfələrlə yüksəldi, çoxsaylı sosial-iqtisadi proqramların ic­rası təmin edildi.

 

İlham Əliyevin ölkəyə rəhbərliyinin sonrakı illərində qarşıya qoyulan əsas hədəflərdən biri – qaçqın düşərgələri­nin ləğv edilməsi, onlar üçün müasir tipli qəsəbə və şəhərçiklərin salınması, on­ların iş yerləri ilə təmin olunması uğurla həyata keçirildi. Bununla bərabər, ölkə iqtisadiyyatının enerji amilindən asılılı­ğının azaldılması da hər zaman İlham Əliyevin yürütdüyü iqtisadi siyasətin mərkəzində dayandı. Ümumdaxili məh­sulun həcmində qeyri-neft sektorunun xüsusi çəkisi dəfələrlə artırıldı, çox­şaxəli inkişaf strategiyasının tətbiqinə başlanıldı. 

 

Qeyri-neft sektorunun sabit və da­vamlı inkişafı hesabına yaxın gələcək­də ümumdaxili məhsulun iki dəfəyədək artırılmasını, innovativ və bilikyönlü iqtisadiyyatın inkişaf etdirilməsini əsas hədəflərdən biri olaraq müəyyən edən “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası qəbul olundu və onun icrasına başlanıldı. Bu dövrdə ölkəmizə şərəf və rəğbət qazandıran ən böyük hadisələrdən biri də Azərbay­canın ilk süni peykinin – “AzərSpace”in fəzaya qaldırılması və onun kosmik sə­nayeyə sahib olan azsaylı ölkələrin sı­rasında yer alması oldu. Gənc bir döv­lət olan Azərbaycanın kosmik ölkələr ailəsinə qatılması hər bir vətəndaşın öz dövləti ilə fəxr etməsinə, qürur hissi ke­çirməsinə şərait yaratdı.

 

Son 5 il ərzində Azərbaycan təkcə iqtisadi inkişafı ilə deyil, bu inkişafla tarazlı şəkildə həyata keçirilən idarəet­mə qurumlarının restrukturizasiyası, əhaliyə göstərilən xidmətlərin keyfiy­yətinin artırılması baxımından da di­gər dövlətlər üçün müsbət nümunəyə çevrilməkdədir. Elektron hökumətin formalaşdırılması tədbirləri çərçivə­sində vətəndaşlara göstərilən əksər xidmətlərin vətəndaş – məmur qar­şılaşması olmadan elektron formada həyata keçirilməsi, ASAN Xidmət şə­bəkəsinin respublika miqyasında qu­rulması istiqamətində görülən tədbirlər İlham Əliyevin öz vətəndaşına dünya standartlarına uyğun yüksək keyfiyyətli xidmətlərin göstərilməsində qərarlı ol­duğunu göstərir.

 

Bütün bu uğurların kökündə ötən 4 seçimlərdə xalqın etimadını qazan­mış və onu layiqincə doğrultmuş İlham Əliyevin modernist baxışları, prinsipial siyasi mövqeyi, öz xalqına və xalqın Ümummilli liderinin siyasi kursuna sa­diqliyi və nəhayət, onun gərgin əməyi dayanır. Bu gün prezident olmaga iddi­alı şəxslərin siyahısında yer alan İlham Əliyev bütün məziyyətləri ilə başqala­rından fərqlənən, eyni zamanda, öz tə­vazökarlığı ilə ən çox diqqəti cəlb edən və seçicilər tərəfindən xüsusi rəğbətlə qarşılanan bir namizəddir. Bu məqam­da bir vətəndaş və bir siyasətçi kimi İlham Əliyev şəxsiyyətini opponentlə­rindən fərqləndirən özəlliklərə nəzər salmaq yerinə düşərdi.

 

Humanizm. Hər şeydən öncə İlham Əliyev humanist – insanpərvər bir siyasətçidir. Demək olar ki, hər bir çıxışında qeyd etdiyi – “Azərbaycanda dövlət siyasətinin təməlində insan amili dayanır” prinsipi İlham Əliyevin rəhbər­liyi ilə həyata keçirilən bütün layihələrin başlıca humanist ideyasıdır. 

 

Fədakarlıq və təvazökarlıq. İlham Əliyev xalq tərəfindən seçilən, xalq üçün seçilən və xalqın firavan gələcəyi üçün yorulmadan çalışan bir siyasət­çidir. O, eyni zamanda, əldə olunan bütün uğurları xalqın adına bağlayan təvazökar bir siyasətçidir. “Bizim uğur­larımız insanların, Azərbaycan xalqı­nın dəstəyi və birbaşa iştirakı olmadan mümkün deyil və bir daha demək istə­yirəm ki, bizim uğurlarımızın əsas mən­bəyi Azərbaycan xalqının fəaliyyətidir, Azərbaycan xalqının iradəsidir”. 

 

Çeviklik, cəsarət və qətiyyət. İlham Əliyev dünya birliyinin dialektik inkişaf istiqamətlərini yaxşı bilən, Azər­baycanın xarici və daxili siyasət platfor­masını optimal tarazlıq müstəvisində zərgər dəqiqliyi ilə müəyyənləşdirən çevik, cəsarətli və qətiyyətli bir siyasət­çidir. Yaşadığımız regionda, eləcə də beynəlxalq miqyasda bir göz qırpımın­da dəyişən situasiya xarici siyasətin daha çevik olmasını və bu siyasətin milli maraqlara adekvat yürüdülməsini tələb edir. 

 

Dövlət maraqlarının ən ali səviyyə­də qorunmasına xidmət edən diploma­tik korpus şəbəkəsinin genişlənməsi, beynəlxalq və regional təşkilatların Azərbaycanın haqlı mövqeyini qəbul etdikləri qərarlarla dəstəkləməsi, Birləş­miş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında və Qoşulmama Hərəkatında İlham Əliyevin yürütdüyü xarici siyasə­tin milli maraqlardan qaynaqlandığını və bu siyasətin daxili siyasətlə harmo­nik bağlılığını göstərən dəlillərdir. Bu baxımdan, Azərbaycanın ümumtürk inteqrasiya proseslərini və türk dünya­sının bütövlüyünü şərtləndirən təşəb­büslərin İdeya Mərkəzinə çevrilməsi də İlham Əliyevin milli-tarixi və milli-mənə­vi köklərə bağlı olan cəsarətli bir rəhbər olduğunu göstərir.

 

Sabitlik və Həmrəylik. İlham Əliyevin prezidentliyi dövründə Azər­baycan sabitliyin, davamlı iqtisadi in­kişafın təmin olunduğu, dövlət siyasə­tinin mərkəzində vətəndaş marağının dayandığı bir ölkəyə çevrilmişdir. Bu gerçəkliyi görməmək mümkün deyil. Bu gün Xalq–Hakimiyyət konfiqurasi­yasının bir tərəfində – vətəndaşı üçün layiqli həyat səviyyəsini təmin etməyi başlıca hədəf kimi müəyyən edən İlham Əliyev şəxsiyyəti, digər tərfində isə əv­vəlki seçkilərdə İlham Əliyevə göstərdi­yi etimadın bəhrəsini real şəkildə hiss edən, onu yenidən öz lideri kimi görmək arzusunda olan Azərbaycan vətəndaşı dayanır. 

 

Bu gün çoxşaxəli inkişaf strategi­yasının uğurla həyata keçirildiyi Azər­baycanda sabitlik onun əsas sərvəti və tərəqqisinin kökündə dayanan başlıca amildir. Azərbaycan seçicisi üçün əldə olunmuş uğurların davamlılığı, tərəqqi yolunun, sabitliyin dönməz xarakter da­şıması daha çəkicidir. Burada özünün zəngin dövlətçilik təcrübəsi ilə Azərbay­canı dünya birliyinin aparıcı subyektinə çevirən İlham Əliyevin siyasi opponent­lərlə müqayisədə mütləq üstünlüyü dərhal nəzərə çarpır və bu fərq hər bir Azərbaycan vətəndaşının seçimində həlledici olur.

 

Söz və Əməl. Yüksək xarizmaya, rəğbətdoğurucu şəxsi keyfiyyətlərə, üç dildə natiqlik məharətinə, əsaslı mövqeyin optimal təzahür maneraları­na malik olan İlham Əliyev Azərbayca­nın bir ucqar kəndində də, beynəlxalq tədbirlərin keçirildiyi yüksək tribunalar­da da eyni səviyyədə yüksək məntiq və inandırıcılıq səriştəsi ilə çıxış edir. Onun çıxışları məntiqli və inandırıcıdır. Çünki onun dediyi Sözün arxasında Əməli dayanır. Prezidentliyi dövründə İlham Əliyev bir ölkə başçısının öz dövləti və xalqı üçün edə biləcəyindən daha ar­tığını edə bilməyin mümkün olduğunu artıq öz əməlləri ilə sübut etmişdir. 

 

Malik olduğu bütün müsbət məziy­yətlərini, proseslərə rasional yanaşma qabilyyətini dövlətin daxili və xarici si­yasət strategiyasına məharətlə hop­duran İlham Əliyev XXI əsrin çağdaş ruhu ilə səsləşən müasir Azərbaycanı yaratmaqdadır. Bu prosesdə isə heç nə təsadüfən baş vermir, ölkənin si­yasi, ictimai, iqtisadi, mədəni həyatını yönəldən proseslər onun daxili inkişaf məntiqindən, qabaqcadan ölçülüb-bi­çilmiş layihələrin, proqramlaşdırılmış fəaliyyətlərin ardıcıllığından irəli gəlir. Belə yaradıcı bir fəaliyyətin nəticəsində Azərbaycan kəndi tarixin heç bir zama­nında görmədiyi təhsil, mədəniyyət və istehsal obyektlərinə sahib olur. Ölkə əhalisinin yarıdan çoxunu təşkil edən kənd əhalisinin verdiyi sözü əməli işi ilə tamamlayan bir namizədi səmimiyyətlə dəstəkləyəcəkləri qətiyyən şübhə do­ğurmur. Səhiyyə sisteminin təkmilləş­dirilməsi, maddi-təchizat və tibbi xidmət potensialının dünya standartları səviy­yəsinə çatdırılması istiqamətində da­vamlı siyasətin aparılması Azərbaycan həkiminin seçim etməsində əsas meyar olacaqdır. 

 

Kiçik və orta sahibkarlığın inkişafına yönəlmiş proqram və layihələrin uğurlu icrası, sahibkarlığa dövlət dəstəyinin yüksələn xətlə davam etməsi, əlveriş­li iş mühitinin yaradılması Azərbaycan sahibkarının seçimində həlledici amil­dir. Əmək şəraitinin yaxşılaşdırılması, yeni-yeni iş yerlərinin açılması kənddə və şəhərdə yaşayan zəhmətkeş insan­ların verilən sözə etimadını daim artır­maqdadır. 

 

Dövlət qayğısını hər zaman hiss edən, yaşayış tərzi daim yaxşılığa doğ­ru dəyişməkdə olan Azərbaycan təqa­üdçüsü öz seçimində sosial rifaha işıq yandıran namizədi tərəddüd etmədən dəstəkləyəcək. Təhsil sistemində key­fiyyət dəyişikliklərinə hədəflənmiş, təh­sil infrastrukturunun, onun maddi-texni­ki bazasının gücləndirilməsi, müəllim və tələbə heyətinin sosial rifahının yüksəl­dilməsi məqsədi daşıyan, mədəniyyət və incəsənət sahəsini intibaha çatdıran siyasət kursu Azərbaycanda yaradıcı insanların, müəllim və tələbələrin se­çimində məhz İlham Əliyevə üstünlük qazandıracaqdır. 

 

Nəhayət, İlham Əliyevi alternativsiz liderə çevirən onun son 2 əsrlik tariximi­zin ən böyük qələbəsini təmin etməsidir. Ulu öndərin Qarabağla bağlı vəsiyyətini böyük məharətlə gerçəkləşdirən siyasi varis itirilmiş torpaqlarımızı geri qaytar­dı və suverenliyini qətiyyətlə bərpa etdi. Torpaqlarımızın işğalı isə, sadəcə, Er­mənistan–Azərbaycan davası deyildi. Bu işin arxasında hələ də Azərbaycanı əsarətdə saxlamaq istəyən beynəlxalq güclər dayanırdı. Azərbaycan döv­ləti və onun müdrik Prezidenti İlham Əliyev bu güclərin oyununu pozdu. Nə­ticədə, Azərbaycanın 30 il pozulmuz ərazi bütövlüyü təmin edildi. İndi artıq Azərbaycanın bütün ərazilərində suve­ren hüquqlarımız bərqərar olub. Bu isə xalqımız və dövlətimiz üçün tarixi bir uğurdur.

 

Azərbaycanı ötən illərin və indi də davam edən xarici təzyiqlərindən, təh­didlərdən və maneələrdən xilasetmək, Qarabağ savaşında qalib gəlmək və Azərbaycanın milli maraqlarını daha üst səviyyəyə çatdırmaq üçün əlbəttə ki, çox dərin bir zəka, dərin düşülmüş bir siyasət lazım idi. Belə bir siyasəti məhz İlham Əliyev ortaya qoydu. O, son 20 il ərzində bir çox hallarda özü­müzün də inana bilməyəcəyimiz ən yüksək zirvələrə çatdırdı.

 

Bu ilin sentyabrında Azərbaycan beynəlxalq siyasətdə daha bir möh­təşəm qələbəsini qazandı. Dövlətimiz cəmi 24 saat sürən antiterror tədbirləri ilə 30 ildən çox bütün Cənubi Qafqazı gərginlikdə saxlayan bir münaqişənin son nöqtəsini qoydu. Xalqımız çoxdan arzuladığı yeni bir həyata başlamaq ərəfəsindədir. 

 

Prezident İlham Əliyev Cənubi Qafqaz bölgəsinin gələcəyini birdəfəlik müəyyən etdi. Qarabağın azad edil­məsi türk dövlətlərinin də maraqlarına xidmət edən yeni geosiyasi vəziyyət yaradıb. Vətən müharibəsi başlayarkən növbəti tarixi sınaq qarşısında biz yenə də Türkiyənin bütün imkanları ilə Azər­baycanın müdafiəsinə qalxdığını gör­dük. Ərdoğan hökuməti başda olmaqla bütün Türkiyə müharibə ilə bağlı ermə­ni havadarları tərəfindən Azərbaycana edilən təzyiqlərin qarşısında mətanətlə durdu və bu təzyiqləri neytrallaşdırmaq baxımından Azərbaycanın haqq işinə tarixi bir dəstək verdi. 

 

Ulu öndər Heydər Əliyevin siyasi dühası və misilsiz fədakarlığı nəticəsin­də müstəqilliyini bərpa etmiş dövlətimiz onun siyasi varisinin rəhbərliyi ilə özü­nün dinamik inkişaf yolunda uğurla ad­dımlayır. 30 ilə yaxın işğal altında qal­mış torpaqlarımız Ali Baş Komandanın başçılığı altında şanlı Ordumuz tərəfin­dən azad edilib. Ölkəmiz və xalqımız sülh və əmin-amanlıq şəraitində yeni həyata başlayıb. Müharibədən sonra­kı dövrdə Qarabağda həyata keçirilən abadlıq və quruculuq işləri hər bir Azər­baycan vətəndaşının qəlbini sevinc və fərəh hissləri ilə doldurur. 

 

Qarabağın Fatehi, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı və Avrasiya miqyaslı geosiyasi proseslərə istiqamət verən qüdrətli Azərbaycan dövlətinin rəhbəri İlham Əliyev ötən 20 ildə xalqımızın xoşbəxt gələcəyinin və fıravanlığının sınaqlardan çıxmış ən mötəbər təminatçısı olduğunu misilsiz uğurları ilə sübuta yetirib.

 

Cavanşir FEYZİYEV,
Milli Məclisin deputatı, fəlsəfə doktoru

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü