Modern.az

Avropa faşizmə təslim olur

Aktual

25 Noyabr 2023, 11:03

Yeni Hitlerin doğması an məsələsinə çevrilib

Hər gün Avropada faşizm dalğasının daha da yüksəldiyinin şahidi olmaqdayıq. Niderlandda (Hollandiya) keçirilən növbədənkənar parlament seçkiləri ərəfəsində baş verənlər bunun daha bir nümunəsidir. Açıqlanan “exit poll”un nəticələrinə əsasən, ultrasağçı Azadlıq Partiyası leyboristlər, solçular və yaşılların birləşdiyi ən böyük koalisiyadan daha üstün nəticə göstərib.

Azadlıq Partiyasının Niderland siyasətinin aparıcı qüvvəsinə çevrilməsi təkcə bu ölkədə deyil, bütövlükdə Avropada faşizm ənənələrinin artıq təhlükə həddinə çatdığını isbat edir. Bunu daha aydın şəkildə görmək üçün öncə bu partiyanın lideri Gert Vildersin kimliyinə baxaq. Vilders islama qarşı siyasət yürüdən və əsl nifrətinin islam dininə qarşı olduğunu açıq şəkildə bəyan edən birisidir. Təkcə onu vurğulamaq yetər ki, Vildersin islama qarşı qızışdırıcı fikirləri ölümlə təhdidlərə səbəb olub. Polisin ciddi mühafizəsi altında yaşayan Vilders açıq şəkildə Məhəmməd peyğəmbəri təhqir edib, islamı “faşist ideologiyası” və “geri qalmış din” adlandırıb. O, Niderlandda məscidləri və müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimi qadağan etmək kimi təhlükəli fikirlərin müəllifidir. Vildersin açıqlamaları bir çox islam ölkələrində (Pakistan, İndoneziya, Misir və s) şiddətli etirazlarla qarşılanıb. İslama qarşı sərt ifadələrinə görə Vildersə qarşı bir neçə dəfə cinayət işi açılsa da, sonradan prokurorluq onun cinayət məsuliyyətinə cəlb edilə bilməyəcəyinə qərar verib. Vilders və onun partiyası əcnəbi mühacirlərə qarşı daha sərt tədbirlərin görülməsinin və immiqrasiya qanunlarında dəyişiklik edilməsinin qatı tərəfdarıdır. O, həmçinin ölkəsində Türkiyənin Avropa Birliyinə üzvlüyünə qarşı ən böyük müxalifətə rəhbərlik edir.



Belə islamfob, xəstə təfəkkürün daşıyıcısı olan bir şəxsin Niderlandda seçkilərin favoritinə çevrilməsi, ümumilkidə Avropada faşizm xəstəliyinə yoluxduğunu ortaya qoyur. Avropada “Stop İslam”, “İslam miqrantlara yox” şüarları ilə siyasi qüvvələrin cəmiyyətdən dəstək alaraq hakimiyyət pilləsinə qalxması günümüzün acı reallığıdır. Faşist düşüncəli siyasətçilərin dəstəklənməsi ilə bağlı başqa-başqa nümunələrə də (Slovakiya, İtaliya və s.) diqqət etsək, Avropada faşistlərin və sağçıların tədricən gücə çevrilməsi, üstün mövqe qazanmasını bir daha açıq şəkildə görürük.

Bu gün PKK kimi terror təşkilatlarına kim dəstək verir, qucaq açır? Avropa ölkələri!

Milli və dini ayrı-seçkilik, ksenofobiya, rasizm harada çiçəkləyir? Avropada!

Miqrantlara, müsəlmanlara qarşı güclü təzyiq dalğası harada daha da güclənir? Avropa ölkələrində!

Bu günümüzün dəhşət saçan tablosudur. Avropanı yeni faşizm dalğası ağuşuna alıb və yeni Hitlerin doğması an məsələsinə çevrilib. Faşizm ideologiyası bu gün Avropanın əksər guşələrində üstünlük qazanırsa, buna başqa don geyindirmək mümkün deyil. Ədalət, qanunçuluq, dözümlülük, insan hüquqları artıq Avropa üçün yad dəyərlərə çevrilib, ancaq kağız üzərində qalıb. Avropa cəmiyyətinin faşizm ideologiyasının daşıyıcısı olan siyasi qüvvələrə dəstəyi durumun nə qədər faciəvi olmasıni ortaya qoyur.

Avropa ölkələrinin siyasi genlərində mövcud olan faşizm və nasizm yenidən kök atır və bu qitənin faşizmə təslim olması qaçılmaz prosesə çevrilir.

Fransa kimi ölkələrdə illərdir yüksələn nifrət və ayrı-seçkiliyi bütün dünya əyani şəkildə izləyir. Bu ölkələrdə demək olar ki, hər gün dini zəmində, milli-mənəvi dəyərlər zəminində hadisələr baş verir.

Avropa ölkələrində irqçilik və islamofobiya, həmçinin müsəlman dövlətlərinə, Afrika və Asiya xalqlarına münasibətdə onları ikinci dərəcəli hesab etmək həyat tərzinə çevrilib. Fransada, Almaniyada, Niderlandda və başqa Avropa ölkələrində irqçilik, neo-nasizm, ksenofobiya və islamofobiya meyillərinin fonunda insan hüquqlarının qorunması, tolerantlıq, multikulturalizm kimi dəyərlər isə tam tənəzzülə uğramaqdadır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir