Modern.az

Ağdərə, zəlzələ və sosial yardımlar...  - Ötən günün icmalı Modern.az-da

Ağdərə, zəlzələ və sosial yardımlar...  - Ötən günün icmalı Modern.az-da

Aktual

28 Dekabr 2023, 10:34

Dünən Ağdərə rayonunun rəsmən yaranması, Fransanın 2 Azərbaycan diplomatını "arzuolunmaz şəxs" elan etməsi, Neftçaladakı zəlzələ və seçkilərlə bağlı proseslərin aktivləşməsi və digər hadisələrlə müşayiət olundu.

 

Modern.az 27 dekabr tarixini əhatə edən icmalını təqdim edir:

 

Yeni ilin gəlişi ilə əlaqədar ənənəvi şəhər gəzintisinə gecə çıxacaq paytaxt sakinləri və qonaqların maraqları nəzərə alınaraq, dekabrın 31-dən 2024-cü il yanvarın 1-nə keçən gecə Bakı metropoliteninin iş rejimi 1 saat uzadılacaq. Bütün stansiyalar gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

 

Bakı-Quba yolunun 37-ci kilometrində Vüsal Xangəldiyev idarə etdiyi "Ford Tranzit" markalı yük maşını ilə yolu keçmək istəyən 1957-ci il təvəllüdlü Oruc Osmanovu vurub. Hadisə dekabrın 25-də saat 19:30 radələrində baş verib. Nəticədə, piyada xəsarət alaraq yolun asfalt örtüyünün üzərində qalıb. Təxminən yarım saat sonra isə Elşən Cəfərov adlı şəxs idarə etdiyi “QAZ 31” markalı avtomobillə yolun üzərində qalmış O.Osmanovu vurub. Bu dəfə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Neftçalada zəlzələ olub. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Neftçala ərazisində qeydə alınan zəlzələnin maqnitudası 3.8 olub.

 

Nazirlər Kabineti “Dərman vasitəsinin xarici (beynəlxalq) qeydiyyatının tanınması şamil olunan ölkələrin və xarici (beynəlxalq) təşkilatların Siyahısı”nı təsdiqləyib.

 

Bu ay Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməni əsilli şəxslərə yenidən baş çəkiblər. Bu barədə təşkilatın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib. Saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqə yaratmaları üçün şərait yaradılıb. "Biz həmçinin onlara ailələrindən bağlamalar da çatdırdıq. Aidiyyəti orqanlarla razılaşdırılaraq vaxtaşırı verilən bu bağlamalarda ailələrin onlara göndərdiyi şəxsi əşyalar olur. Mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir", - BQXK rəsmisi qeyd edib.

 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının dekabrın 27-də Bakıda keçirilən ümumi yığıncağında Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyevin namizədliyinin dəstəklənməsi barədə bəyanat qəbul olunub. Tarixçi Nəsiman Yaqublu da İlham Əliyevin seçkilərdə qalib gələcəyini deyib. Azərbaycanın Rus İcması da qarşıdan gələn Prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəklədiyini bəyan edib. Eks-prezident Ayaz Mütəllibovun oğlu Zaur Mütəllibov da növbədənkənar Prezident seçkilərində İlham Əliyevə səs verəcək.

 

Yad cisim udan 4 aylıq körpənin həyatı xilas edilib.

 

Jurnalist Şamo Emin həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə Ş.Emin haqda 3 ay 5 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, Şamo Emin əvvəl “Kanal 13” internet televiziyası ilə əməkdaşlıq edirdi. Bundan əvvəl kanalın rəhbəri Əziz Orucov da eyni ittihamla həbs edilib. Ə.Orucovun işi üzrə Səbail Rayon Məhkəməsinə ev dustaqlığına buraxılması ilə bağlı müraciət olunub. Bu gün keçirilən məhkəmə iclasında onun müraciəti qəbul olunmayıb.

 

“Biz erməni dostlarımızın müsbət münasibətini dəstəkləyirik, əlaqələrimiz Aİİ çərçivəsində praqmatik və qeyri-siyasi əsasda qurulub və Ermənistanda ciddi iqtisadi artım müşahidə olunur”. Rusiya XİN-in sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə Ermənistan və Rusiya Federasiyası arasında gərgin münasibətlər fonunda İrəvanın Aİİ-yə sədrliyinin riskləri ilə bağlı sualı belə cavablandırıb. "Qərb erməni xalqının taleyinə biganədir, onlar tarixi yaddaşdan, ağrı və iztirablardan öz maraqları üçün istifadə edirlər. Biz xarici qüvvələrin İrəvanı təhlükəli geosiyasi oyunlara sürükləmək cəhdlərini görürük. İrəvanla Bakı arasında münasibətlərin normallaşması üçün yaxşı perspektivlər var. Rusiya Federasiyası Ermənistanın sabitliyinə və rifahına töhfə verməyə hazırdır və Cənubi Qafqazda problemin azaldılmasında maraqlıdır. Bizim üçün bu, bir sıra səbəblərə görə son dərəcə vacibdir - bu, ümumi tarix, mədəniyyətlərin nüfuzu, regional planın sabitliyi, ümumi çağırışlar və birlikdə həlli daha asan olan problemlərdir", - o deyib.

 

İran və Ermənistan XİN başçıları Hüseyn Əmir Abdullahiyan və Ararat Mirzoyan görüşüblər. İrəvanda səfərdə olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Ermənistanın Baş naziri Nikol Paşinyanla da görüşüb.

 

Mərkəzi Seçki Komissiyası prezident seçkilərində namizədliyi irəli sürülmüş şəxslərin imza vərəqələrini yoxlamağa başlayıb.

 

İl ərzində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 33 gün xarici səfərlərdə, 17 gün isə ölkənin regionlarında səfərdə olub. Bu statistikanı dövlət başçısının mətbuat katibi Berik Uali açıqlayıb. "Ümumilikdə o, 152 921 kilometr məsafə qət edib. Eyni zamanda prezidentin təyyarə və helikopterdə qaldığı vaxt 243 saat 46 dəqiqə olub. Bu, prezidentin ekvator ətrafında təxminən 4 dəfə Yer kürəsini dövrə vurmasına bərabərdir”, - deyə Berik Uali bildirib.

 

Rusiyada Ali Məhkəmə Mərkəzi Seçki Komissiyasının Yekaterina Duntsovanın prezidentliyə namizədliyinin irəli sürülməsi üzrə təşəbbüs qrupunun qeydə alınmasından imtinasını təsdiqləyib. Belə ki, Rusiya Ali Məhkəməsinin hakimi Oleq Nefedov Mərkəzi Seçki Komissiyasının seçkilərdə iştirak etmək üçün onun təşəbbüs qrupunu qeydə almaqdan imtinasına etiraz etməyə çalışan jurnalist Yekaterina Duntsovanın iddiasını təmin etməkdən imtina edib.

 

"Krım Putinin Axilles dabanına çevrilib". Bunu Almaniyanın "Bild" nəşrinin analitiki Yulian Röpke “Novoçerkassk” böyük desant gəmisində baş verən partlayışı şərh edərkən qeyd edib. Onun sözlərinə görə, gəmi çox güman ki, 2 “Storm Shadow” raketi ilə vurulub. Bundan əvvəl Ukrayna Silahlı Qüvvələri Krımdan havaya qalxan Rusiyanın 4-ə qədər Su-34 təyyarəsini vurub. Təhlilçinin fikrincə, yarımada bir sıra səbəblərə görə Putinin Axilles dabanıdır. Belə ki, yarımadanın coğrafi mövqeyi Qara dəniz üzərində NATO-nun kəşfiyyat təyyarələrinə rus qoşunlarının hərəkətini, həmçinin radio mesajlarını qeyd etməyə imkan verir. Bütün bu məlumatlar Ukrayna Silahlı Qüvvələrinə ötürülür. Krıma Ukraynaya verilən raketlərin "əli çatır". Məsələn, "Storm Shadow"un uçuş məsafəsi 250 km, "Patriot"da isə 160 km-dir. Qərb ölkələri Krımı Rusiya ərazisi kimi tanımır və buna görə də Ukrayna Silahlı Qüvvələri bütün mövcud silahlarla yarımadaya hücum edə bilər. Minlərlə ukraynalı Krımda qalır, yarımadanın işğalından narazıdır və onlar Kiyevə məlumat ötürən informator şəbəkəsi yarada bilirlər. Qeyd edək ki, Krım 2014-cü ildə Rusiya tərəfindən ilhaq olunub. Bundan sonra yarımadanın yerli sakinləri olan krımtatar türklərinə qarşı təzyiqlər artıb.

 

Dövlət İmtahan Mərkəzi ümumi və tam orta təhsil səviyyəsi üzrə 2024-cü ildə keçiriləcək buraxılış imtahanlarının tarixini açıqlayıb. Bildirilib ki, 2024-cü ildə builki imtahan modeli tətbiq olunacaq. DİM tərəfindən keçiriləcək digər imtahanların qrafiki 2024-cü ilin yanvar ayı ərzində paylaşılacaq.

 

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. Ağdərə Qarabağ iqtisadi rayonunun tərkibinə daxil edilib. Bundan başqa, o, Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

 

Fransa Azərbaycan səfirliyinin iki diplomatını "arzuolunmaz şəxs" (persona non grata) elan edib. Bu barədə AFP məlumat yayıb. Məlumata görə, Fransa bu barədə Azərbaycanın qərarına cavab olaraq addım atıb.

 

Azərbaycanda şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemində dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsini təmin edən “Şəhərsalma Nəzarəti” altsistemi yaradılacaq. Tarix və mədəniyyət abidələri barədə məlumatlar dövlət şəhərsalma kadastrına yerləşdiriləcək.

 

Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb.

 

Ötən günün mənzərəsi ilə tanış olmaq üçün bu materiallara da nəzər salmaq mümkündür:

 

2023-cü ildə onları itirdik... - FOTOLAR

Müharibə, çevriliş və zəlzələlər ili: Təlatümlü 2023-də baş verənlər...

Şahramanyan qərarsızdır: Ermənistandakı separatçılar üçün son 4 gün

Müharibə Yaxın Şərqə yayılır: "İsrail 7 cəbhədə savaşır"

2023-cü il Azərbaycanda hansı əsas hadisələrlə YADDA QALDI...

Bir ildə 20-dən çox xarici səfər: Prezident İlham Əliyevin diplomatik trafiki

Ağdərənin deputatı da olacaq!

Sosial yardımlar nə vaxt veriləcək? - Rəsmi AÇIQLAMA

İran APA-ya niyə qadağa qoyub? - AÇIQLAMA

Xankəndidə Zəfər Paradı, Şuşada qlobal forum - Prezidentin Qarabağ SƏFƏRLƏRİ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək