Modern.az

Müharibə, çevriliş və zəlzələlər ili: Təlatümlü 2023-də baş verənlər...

Müharibə, çevriliş və zəlzələlər ili: Təlatümlü 2023-də baş verənlər...

Analitika

27 Dekabr 2023, 17:22

2023-cü il bir çox mənada təlatümlü illərdən biri kimi tarixə düşəcək. Təbii fəlakətlər, siyasi böhranlar, hərbi toqquşmalar bu ilə damğasını vuran hadisələr olacaq.

 

Modern.az xatırladır ki, başa çatmasına 4 gün qalan il ərzində dünyada tarixi əhəmiyyətə malik olan bir çox vacib hadisələr baş verib.

 

 

Əvvəla, 2023-cü il geosiyasi rəqabətin kəskin surətdə artması ilə xarakterizə oluna bilər. Bu rəqabətin əlamətlərindən biri kimi il boyu Afrika qitəsində baş verən ardıcıl hərbi çevrilişlər və hakimiyyətlərin zorakı yollarla dəyişdirilməsi müşahidə edildi. Təbii ki, Afrikada çevrilişlərin tarixi bu il başlamayıb və post-kolonial dönəm başlayandan bəri zaman-zaman bu hadisələr baş verib. Lakin cari ildə proses daha geniş vüsət aldı və qlobal demokratik tənəzzülün davamı kimi özünü göstərdi. İyul ayında Niger ordusu ölkənin demokratik yolla seçilmiş prezidentini devirdi. Avqust ayında Qabon ordusu hakimiyyəti ələ keçirdi və seçkilərin keçirilməsi ilə bağlı qeyri-müəyyən vədlər verdi və s. Bütün bunlar şübhəsiz ki, qitədəki geosiyasi qarşıdurmanın şiddətlənməsinin nəticələri kimi qiymətləndirilir.

 

 

2023-cü il həm də kosmos uğrunda yarışla əlamətdar oldu. Bu il kosmos yarışı Aya xüsusi maraqla müşayiət edildi. Rusiyanın avqust ayında göndərdiyi eniş aparatının Ayın səthinə düşməsi ilə yarışın müəyyən mərhələsi bu ölkə üçün məyusluqla başa çatsa da, bundan bir neçə gün sonra Hindistan Aya insansız peyk vasitəsi endirən 4-cü ölkə kimi tarixə düşdü və bunu Ayın cənub qütb bölgəsi yaxınlığında edən ilk ölkə oldu. 2 həftə sonra Hindistan günəşi öyrənmək üçün missiyaya başladı... Bu il ABŞ kosmosun mülki tədqiqi və istifadəsini idarə etmək üçün Artemida Sazişlərini təşviq etdi. Çin və bir çox digər kosmosla məşğul olan ölkələr bunu imzalamaqdan imtina etdilər. Lakin kosmik aktivliyin artması həm də zahirən adi məsələ kimi görünən kosmos tullantıları probleminin göylərin tədqiqini çətinləşdirib-çətinləşdirməyəcəyi ilə bağlı suallar doğurur.

 

 

İlin digər önəmli hadisəsi isə Hindistanın dünyanın ən çox əhalisi olan ölkəsi kimi Çini keçməsi oldu. Keçən əsrdən Çin dünyanın ən böyük əhalisinə sahib ölkəsi idi. Bu, məhz 2023-cü ildə başa çatdı. 1.5 milyarda yaxın əhalisi olan Hindistan çox güman ki, gələcək onilliklər ərzində ən çox əhalisi olan ölkə olaraq qalacaq. Çinin əhalisi isə həm azalır, həm də qocalır. Sirr deyil ki, daha gənc, artan əhalisi olan ölkələr daha çox istehlak edən, daha canlı işçi qüvvəsinə malikdirlər və nəticədə daha yüksək iqtisadi artım templəri əldə edirlər. Hindistanın daha əlverişli demoqrafiyası gələcəkdə böyümənin mühərriki kimi çıxış edə bilər. Bunun Asiyada qüvvələr balansı üçün siyasi nəticələri çox əhəmiyyətli ola bilər.

 


Fevral ayında Türkiyənin cənub-şərqində, eləcə də Suriyanın şimalında baş verən güclü zəlzələ 2023-cü ilin təbii fəlakətlər üzrə "aktiv"inə yazıldı. 7.8 balla qiymətləndirilən zəlzələdən sonra 7.6 ballıq daha bir dağıdıcı zəlzələnin baş verməsi insan tələfatını daha da artırdı. Episentri Kahramanmaraşda olmaqla, Türkiyənin 11 vilayətini əhatə edən təkanlar nəticəsində 60 minə yaxın insan həyatını itirdi, onlarla yaşayış məntəqəsi tamamilə dağıntılara çevrildi, bir neçəsi isə yer üzündən silindi. Hazırda bu təbii fəlakətin baş verməsinin üzərindən 10 aydan da çox vaxt keçsə də, hələ də fəsadlar tam aradan qaldırıla bilməyib. Suriyada həm də humanitar böhran səviyyəsində problemlər yaradan zəlzələdən sonra çoxlu afterşoklar yaşandı. Zəlzələyə davamlı binaların inşası, müasir şəhərsalma və memarlıq standartlarına cavab verən inşaat işlərinin aparılmasının vacibliyi bir daha ortaya çıxdı.

 

 

2023-cü ilin gündəmdən kənarda qalsa da, ən vacib hadisələrindən biri də vətəndaş müharibəsinin Sudanı bürüməsi oldu. Münaqişənin kökləri Sudan ordusunun 2019-cu ilin aprelində ölkədə uzun müddətdir hakimiyyəti əlində tutan olan Ömər əl-Bəşirin devrilməsinə səbəb olan etirazlar gedib çıxır. Yeni hərbi xunta hakimiyyəti bölüşmək və seçkilərə doğru işləmək üçün mülki qruplarla razılaşma əldə etdi. Bununla belə, 2021-ci ilin oktyabrında Sudan Silahlı Qüvvələrinin (SAF) rəhbəri Əbdülfəttah əl-Burhan və Çevik Dəstək Qüvvələrinin (RSF) rəhbəri Məhəmməd Daqalo növbəti çevrilişə rəhbərlik etdilər. 2022-ci ilin dekabrında bu iki şəxs xalqın təzyiqinə boyun əydilər və mülki idarəçiliyə keçidə razılaşdılar. Lakin 15 aprel 2023-cü ildə RSF qüvvələri ölkə daxilində SAF bazalarına hücum etdi. Atəşkəs haqqında danışıqlar aparmaq cəhdləri heç bir nəticə vermədi. Payızda RSF Sudanın paytaxtı Xartumun çox hissəsinə, SAF isə ölkənin əsas dəniz limanı olan Port Sudana nəzarət edirdi. İndiyə kimi döyüşlər 10 000-dən çox insanın həyatına son qoyub və 5,6 milyon insanı didərgin salıb ki, bu da Sudan əhalisinin təxminən 15 faizi deməkdir.

 

 

Rusiyanın Ukraynaya hücumu ilə başlayan müharibə 2022-ci ildə start götürsə də, bu il də davam etdi və 2023-cü ilin əsas hadisələrindən biri kimi nəzərdən keçirilir. Ukraynanın əks-hücumları bu il genişləndi. 2023-cü ilin əvvəlində Ukraynanın əks-hücumunun Rusiyanın Ukraynanın şərqində və ola bilsin ki, Krımda nəzarətini qıra biləcəyinə ümidlər böyük idi. Çoxdan gözlənilən əks-hücum iyunun əvvəlində başladı. Rusiya qoşunlarına böyük itkilər verməsinə baxmayaraq, döyüş xətləri çətinliklə keçildi. Rusiya hərbçiləri müdafiədə qala bildilər. Noyabrın əvvəlində Ukraynanın yüksək rütbəli generalı döyüşləri “dalan” kimi xarakterizə etdi və etiraf etdi ki, “çox güman ki, dərin və uğurlu irəliləyiş olmayacaq”. Həqiqətən də, generalın dediyi kimi, Rusiya il ərzində Ukraynadan daha çox əraziyə nəzarət etdi.

 

 

Qəzza zolağına nəzarət edən HƏMAS-ın 7 oktyabrda İsrailə hücum etməsi ilə Yaxın Şərqdə də dəhşətli müharibə başlandı. Əslində 2023-cü ilin sentyabr ayının sonlarında Yaxın Şərqdə sülh perspektivli görünürdü. İsrail və bir sıra ərəb ölkələri arasında razılaşmalar əlaqələri normallaşdırdı. Səudiyyə Ərəbistanının tezliklə İsraillə diplomatik əlaqələr qura biləcəyi ilə bağlı məlumatlar yayıldı. Bu tendensiyalar ABŞ prezidentinin müşaviri Ceyk Sallivanı bunu deməyə vadar etdi ki, Yaxın Şərq regionu "bu gün 20 ildə olduğundan daha sakitdir”. Bundan cəmi 8 gün sonra müharibə başladı. Təxminən 1200 israilli öldürüldü, bu İsrail tarixində ən böyük itki sayılır. Daha 240 nəfər isə girov götürüldü. HƏMAS-ın "kökünü kəsəcəyinə" söz verən İsrail Qəzzaya hava zərbələri endirdi, daha sonra Qəzzanın şimalına nəzarəti ələ keçirdi. Noyabrın sonunda döyüşlərdə danışıqlara əsaslanan fasilə 100-ə yaxın girovun azad edilməsini təmin etdi. Lakin tezliklə İsrail əsgərlərinin Qəzzanın cənubuna keçməsi ilə döyüşlər yenidən başladı. Əksəriyyəti qadın və uşaqlar olan fələstinli mülki vətəndaşların ölüm sayının artması bütün dünyada geniş narazılıq oyatdı. Son məlumatlara görə, 7 oktyabrdan bəri 20 mindən çox fələstinli həyatını itirib. İsrail HƏMAS-ın fələstinli mülki şəxslərdən canlı qalxan kimi istifadə etdiyini əsas gətirərək ittihamları rədd edib. Münaqişənin necə bitəcəyi və onun ardınca nələrin gələcəyi açıq sual olaraq qalır.

 

Modern Təhlil və Araşdırma Qrupu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var