Modern.az

Londondakı görüşlər Azərbaycan Prezidentinin qlobal lider kimi nüfuzundan xəbər verir

Londondakı görüşlər Azərbaycan Prezidentinin qlobal lider kimi nüfuzundan xəbər verir

21 İyul 2024, 11:28

Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirak etmək üçün İngiltərədə işgüzar səfərdə olub. Dövlət başçısı çoxsaylı görüşlər keçirib və panellərdə iştirak edib.

 

Görüşlə bağlı Modern.az-a danışan VI çağırış Milli Məclisin Azərbaycan-Böyük Britaniya Parlamentlərarası İşçi Qrupunun üzvü Asim Mollazadə bildirib ki, Prezident İlham Əliyevin strategiyasının tamamilə düzgün olması "Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında yenə də öz təsdiqini tapıb:

 

"Cənab Prezident İlham Əliyevin Böyük Britaniyada keçirilən “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirakı Azərbaycanın Avropa Birliyi üçün çox böyük önəmə malik olmasından xəbər verir. Enerji və nəqliyyat sahəsində əməkdaşlıq Avropa üçün çox mühümdür. Azərbaycan bu istiqamətdə çox böyük işlər görür, investisyalar qoyulur. Bu da Avropada yüksək qiymətləndirilir. Bununla yanaşı, Azərbaycan böyük bir regionun çox mühüm hissəsinə çevrilir. Azərbaycan Beynəlxalq diplomatiya sahəsində çox fəaldır.Bu, əməkdaşlıq və tərəfdaşlıqdan ibarətdir. Bunların nəticəsində Avropa Birliyində Azərbaycana qarşı erməni diasporuna bağlı olan siyasətçilərin bütün səyləri iflasa uğrayıb. Prezident İlham Əliyevin strategiyasının tamamilə düzgün olduğu "Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında yenə də öz təsdiqini tapıb".

 

VI çağırış Milli Məclisin deputatı Vüqar İskəndərov isə vurğulayıb ki, cənab Prezidentin Böyük Britaniya və Şimali İrlandiya Krallığının Baş nazirinin dəvəti ilə "Avropa Siyasi Birliyi"nin 4-cü Zirvə Toplantısında iştirakı çox maraqlı məqamlarla yadda qalıb:

 

"Əvvəla, cənab Prezident burada çox məhsuldar və vacib görüşlər keçirib. Bu görüşlərin mütləq əksəriyyəti qarşı tərəfin təklif və xahişi ilə baş tutub. Bu görüşlər sözün əsl mənasında Azərbaycanın Avropadakı mövqeyi və Avropanın real, səmimi dost və tərəfdaşı olduğunu bir daha bütün dünyaya göstərmiş oldu. İkitərəfli  və çoxtərəfli görüşlərdə regional və beynəlxalq məsələlər müzakirə olunub. Bu da Azərbaycan Prezidentinin, artıq qlobal lider kimi çox böyük nüfuzundan xəbər verir. Paşinyanın Azərbaycan lideri ilə görüşdən imtinası, növbəti dəfə Ermənistanın sülh gündəliyinə kölgə salması və bu ölkənin qeyri-səmimi olduğuna işarə oldu. Bunu bütün dünya gördü".

 

V.İskəndərov İlham Əliyevin Böyük Britaniya kralı ilə görüşündən də danışıb:

 

"Səfər çərçivəsində cənab İlham Əliyev Böyük Britaniya kralı III Çarlzla da görüşüb. Bu görüş də çox yaxşı məqamlarla yadda qalıb. Kral Çarlzın cənab Prezidenti qlobal lider kimi qarşılaması və görüşməsi, xüsusi diqqətini və hörmətini bəyan etməsi hər bir azərbaycanlını qürurlandırır. Bu, həm də Azərbaycanın Avropanın və dünyanın ən önəmli dövlətinə çevrilməsini hər birimizə göstərmiş olur".

 

VI çağırış Milli Məclisin Azərbaycan-Böyük Britaniya Parlamentlərarası İşçi Qrupun üzvü Könül Nurullayeva bildirib ki, Prezident İlham Əliyevin "Avropa Siyasi Birliyi" 4-cü Zirvə toplantısında iştirakı onun yüksək nüfuzundan xəbər verir:


"Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirak etmək üçün İngiltərədə işgüzar səfərdə oldu. Prezident Böyük Britaniya Kralı ilə də görüşüb. Ümumiyyətlə, Prezidentin bu tədbirdə iştirakı ilk növbədə dövlət başçımızın uğurlu və çoxşaxəli xarici siyasətinin göstəricisidir. 


Məlumdur ki, ASB qitə ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır və burada iştirak ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirməklə yanaşı, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməyə hesablanıb. Azərbaycan da bu platformanın fəal iştirakçılarındandır.


Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda keçirilən dəyirmi masada da Pezident çox vacib mesajlar verdi. Dövlət başçımız bir daha bəyan etdi ki, enerji sahəsində Bakıda müəyyənləşdirdiyimiz strateji tərəfdaşlıq bizim Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. Biz bu hədəfə doğru irəliləyirik. Belə ki, 2021-ci ildə Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr olduğu halda, cari ildə bu rəqəm 13 milyard kubmetrə yaxın olacaq. Artıq Avropa interkonnektor layihələri icra olunduqca Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaq. Əsas hədəf isə Avropanı 2027-ci ilə qədər ildə 20 milyard kubmetr qazla təchiz etməkdir. 


Avropa Komissiyasının Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı adlandırması bu platformadan bir daha diqqətə çatdırıldı".

Deputat vurğulayıb ki, dövlət başçısı eyni zamanda səfər çərçivəsində ikitərəfli formatda səmərəli görüşlər keçirib:


" Bu görüşlər də faydalı müzakirələrlə yadda qaldı. Azərbaycanın bir çox qlobal məsələlərlə bağlı dövlət başçımız tərəfindən diqqətə çatdırıldı.


Prezident İlham Əliyev eyni zamanda Zirvə toplantısı çərçivəsində keçirdiyi ikitərəfli görüşlərdə sülh gündəliyi və Azərbaycan-Ermənistan münasibətlərinə də aydınlıq gətirdi. Belə ki, dövlət başçımızın da bəyan etdiyi kimi, Azərbaycan sülh gündəliyini, sülh müqaviləsinin tezliklə imzalanmasını və sülh prosesini dəstəkləyir. Amma bunun üçün, ilk növbədə, Ermənistanın konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar və Azərbaycanın Qarabağ regionunun Ermənistanla birləşməsini nəzərdə tutan müddəalar dəyişdirilməli, konstitusional əsasda Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır.


Bir sözlə, 44 günlük müharibədə əldə etdiyimiz qələbədən sonra Azərbaycan daha qlobal xarici siyasət həyata keçirir, müxtəlif beynəlxalq platformalarda aktiv iştirak edir. Ölkəmiz etibarlı tərəfdaş kimi qəbul olunur. Noyabrda keçiriləcək COP 29-la əlaqədar Azərbaycan dünya ölkələri, xüsusilə Qlobal Cənub və Qlobal Şimal arasında konsensusun qurulması, həmrəyliyin artırılması istiqamətində səylərini davam etdirməkdədir. “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısı da ölkəmiz üçün növbəti səmərəli platforma kimi yadda qaldı".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri