Modern.az

“Məhkəmələr barədə məqsədyönlü mənfi imicin formalaşdırması cəhdlərindən çəkinmək lazımdır”

“Məhkəmələr barədə məqsədyönlü mənfi imicin formalaşdırması cəhdlərindən çəkinmək lazımdır”

Aktual

26 İyul 2024, 15:44

“Əvvəla qeyd etmək istərdim ki, media və jurnalistika çox məsuliyyətli, çətin və şərəfli bir sahədir və ictimai rəyin formalaşmasında mühüm bir vasitədir. Açığı desək mən mediada əksini tapan bütün yazılara tolerant münasibət göstərilməsinin tərəfdarıyam və media mənsublarının fikir müxtəlifliyinə normal baxmaq lazımdır. Əlbəttə arzu olunandır ki, hər bir sahədə olduğu kimi jurnalistika ilə də peşəkarlar məşğul olsun və ictimai rezonans doğura biləcək bütün hallara obyektiv qiymət verilsin. Bu baxımdan bəzən məhkəmələr və hakimlərimiz haqqında qeyri-dəqiq və məlumat mənbəyi şübhə doğuran yazıların getməsi təəssüf hissi doğurur”. 

 

Modern.az xəbər verir ki, bunu Bakı Apellyasiya Məhkəməsinin sədri, Məhkəmə-Hüquq Şurasının üzvü  Mübariz Əkbərov bildirib. 

 

Sədr qeyd edib ki, neqativ halların işıqlandırılmasının və ictimailəşməsinin önəmini inkar etmək olmaz:

 

“Lakin hər bir halda yanaşma və qiymətləndirmə birtərəfli olmamalıdır və ölkədə məhkəmə sisteminin fəaliyyətinin təkmilləşdirilməsi üzrə həyata keçirilən önəmli işlər kölgədə qalmamalıdır. Başqa sözlə desək, məhkəmələr barədə məqsədyönlü mənfi imicin formalaşdırması cəhdlərindən çəkinmək lazımdır və tənqidlə yanaşı məhkəmələrdə yer alan müsbət hallar da təşviq edilməlidir. Məhkəmələrin və ayrı-ayrı hakimlərin stimullaşdırmaya və həvəsləndirilməyə ehtiyacları vardır və razılaşın ki, məhkəmələr və hakimlər barədə məqsədyönlü mənfi rəy yaratmaq cəhdləri ümumən cəmiyyətin və yaxud hər hansı bir konkret şəxslərin mənafeyinə xidmət edən amil kimi qiymətləndirilə bilməz. 


Bundan əlavə tamamlanmamış məhkəmə mübahisələrinin, eləcə də qanuni qüvvəsini almamış yekun məhkəmə aktlarının sosial şəbəkələr üzərindən ictimai müzakirələrə çıxarılaraq qiymətləndirilməsi məqbul hesab edilə bilməz. Yəni, məhkəmə aktı dövlətin adından çıxarıdığından, həmçinin müvafiq prosessual qanunvericilik həmin aktın mübahisələndirilməsinin hüquqi prosedurunu təsbit etdiyindən, bu mövzu ətrafında müzakirələrin peşəkar yanaşma nümayiş etdirilərək aparılması daha məqsədə müvafiqdir”. 


M. Əkbərov bildirib ki, “Məhkəmələr və hakimlər” haqqında Azərbaycan Respublikasının qanununa əsasən hər hansı bir şəxs tərəfindən, hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, təsir, hədə və müdaxilə edilməsi, habelə məhkəməyə hörmətsizlik göstərilməsi, yaxud aşkar etinasızlıq göstərildiyini bildirən hərəkətlər edilməsi yolverilməzdir. Qeyd eydiyimiz kimi biz media nümayəndələri ilə yüksək hörmət və diqqətli münasibətdə olaraq kommunikasiyaya hər zaman açıq olan məhkəmə kimi paylaşılan hər bir xəbərə peşəkar və həssas yanaşılmasının tərəfdarıyıq. Və tövsiyə edərdik ki, həqiqiliyi və tamlığı müvafiq məhkəmə vasitəsilə müəyyən edildikdən sonra hər hansı bir məlumatın yayılmasına rəvac verilsin”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri