Modern.az

Azərbaycan və Türkmənistanın elmi-mədəni-iqtisadi əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub

Azərbaycan və Türkmənistanın elmi-mədəni-iqtisadi əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub

27 İyul 2024, 13:02

Türkmənistanın daimi bitərəflik statusu qazanmasının 29 illiyinə həsr olunmuş “Bitərəf Türkmənistan – UNESCO: tarixi-mədəni beynəlxalq əlaqələr” adlı beynəlxalq onlayn forumda Azərbaycandan Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova və Azərbaycan Milli Məclisinin deputatı, Mahmud Kaşğari adına Beynəlxalq Fondun Prezidenti Cavanşir Feyziyev məruzə ilə çıxış edib.

Xanım Raimkulova Bakıda əmək fəaliyyətinə başladığı qısa zaman kəsiyində Azərbaycanla qardaş türk dövlətləri arasında mədəni münasibətlərin dərinliyini öz müşahidələrinə əsaslanaraq təhlil etmiş və bildirmişdir ki, hər xalqın mədəniyyətində, ədəbiyyatında bir sıra şəxsiyyətlər var ki, həmin ədiblər ümumtürk düşüncəsi konteksində qəbul olunur. Azərbaycanın Nizami Gəncəvisi, qazaxların Abay Kunanbayevi, özbəklərin Əlişir Nəvaisi kimi, türkmən ədəbiyyatının Məhtimqulu Fəraqisini biz hamımızın olaraq qəbul etmişik. Və ədəbi-ictimai düşüncələrimizdən qaynaqlanan bu birlik ölkələrimizin mədəni tərəqqisi ilə yanaşı; digər sahələrdə də inkişafa və əməkdaşlıqlara yol açacaqdır.

Azərbaycan Milli Məclisinin deputatı Cavanşir Feyziyev çıxışında Azərbaycanla Türkmənistan arasında çoxşaxəli əlaqələrin təməlinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkmənistan Respublikasının əvvəlki prezidenti Qurbanqulu Berdiməhəmmədovun əməkdaşlığının təqdirəlayiq nəticələrini hər iki qardaş xalq əyani şəkildə uzun illər müşahidə etmiş oldu. İki ölkənin mədəni əlaqələrinə ən gözəl nümunə kimi 2009-cu ildə Türkmənistanda Azərbaycan mədəniyyəti günlərinin, 2010-cu ildə isə Azərbaycanda Türkmənistan mədəniyyəti günlərinin keçirilməsini göstərmək olar. Mütəfəkkir türkmən şairi Məhtimqulu Fəraqinin anadan olmasının 290 illik yubileyi 2014-cü ildə həm Azərbaycanda, həm də Türkmənistanda yüksək səviyyədə keçirildi. Həmin tədbirlərdə Azərbaycan alimlərinin sanballı elmi məruzələrlə çıxışı Azərbaycan-Türkmənistan ədəbi əlaqələri sahəsində ən yaddaqalan hadisə oldu.

Bu gün prezident İlham Əliyevlə Türkmənistan prezidenti Serdar Berdımuhəmmədov arasındakı qarşılıqlı hörmət və etimad çoxcəhətli əlaqələrimizin yüksək templə inkişafına zəmin yaradır.

Bu gün dünya düzəninin yenidən formalaşması prosesində ölkələrimiz arasında mövcud olan çox sıx siyasi əlaqələrin möhkəm təməllər üzərində qurulduğunu qeyd edən Cavanşir Feyziyev mədəni əlaqələrin fonunda iqtisadi məsələlərə də toxunaraq Türkmənistanın enerji, pambıqçılıq, nəqliyyat, investisiyalar və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanlara malik olduqlarını qeyd etdi.

Deputat əlavə etdi ki, Azərbaycan özünün nəqliyyat-tranzit potensialını artırır və bu, gələcəkdə Türkmənistan mallarının da ölkəmizin ərazisindən daşınması üçün əlavə imkanlar yaradır.
Cavanşir Feyziyev öz çıxışında bildirib ki, Türkmənistan Prezidentinin Azərbaycan Respublikasına səfəri zamanı Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Əlyazmalar İnstitutu ilə Türkmənistan Elmlər Akademiyasının Məhtimqulu adına Dil, Ədəbiyyat və Milli Əlyazmalar İnstitutu arasında imzalanmış Müqavilə elm sahəsində əməkdaşlığımızın mühüm nailiyyəti sayıla bilər.

Araşdırmaçı alim bir məqamı xüsusi diqqətə çatdırmışdır ki, Türkmənistanda neft-qaz elmi məktəbinin yaradılmasında Azərbaycanın mühüm rolu olmuşdur. Türkmənistanın neft-qaz mühəndislərinin bir neçə nəsli Azərbaycan ali məktəblərində təhsil almışlar.

Dünya şöhrətli Azərbaycan alimi, akademik Azad Mirzəcanzadənin Türkmənistan üçün hazırladığı yüksək ixtisaslı elmi kadrların bu gün də qardaş ölkədə neft-qaz elminin və bu sahə üzrə ali təhsilin inkişafında özünəməxsus rol oynamaları mühüm hadisədir”, – deyə Cavanşir Feyziyev fikirlərini yekunlaşdırıb.
Forum Anevdən, Bişkekdən, Səmərqənddən, İstanbuldan qatılan elm adamlarının müzakirəsi kontekstində öz işini başa vurub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri