Modern.az

GEOPOLİTİK KOLLAPS VƏ PROQRES

GEOPOLİTİK KOLLAPS VƏ PROQRES

Aktual

25 Avqust 2024, 09:56

4 – CÜ MƏQALƏ

Qlobal siyasi arxitekturada çatlar getdikcə dərinləşir. Hegemon ambisiyalar planetar təhlükəsizliyi sual qarşısında qoyub. Məsələ orasındadır ki, dünya gündəmini formalaşdıran güclərin savaşı onları zəiflətməkdən yana daha çox ətraf dövlət və xalqlara zərbə vurur. Od tutub yanan Yaxın Şərq, Rusiya-Ukrayna müharibəsi, regional münaqişələrin həllini tapmaması və ya çözümünə imkan verilməməsi, əslində, bəlli mərkəzlərin ambisioz iddialarından doğur. Nəticədə faciələr yaşanır, xalqlar olmazın məhrumiyyətlərə düçar olur və geopolitik kollaps yaranır. Səbəblərə qısaca toxunmaq, məncə yerinə düşər və vacibdir.
-ikinci dünya müharibəsinə gətirib çıxaran imperializm yeni məzmunda təzahür edir;
-bazarların yenidən bölüşdürülməsi indiki geoiqtisadi arxitektura ilə tərs mütənasibdir;
-iqtisadi hegemonluq, müharibələrdən öndə gedir və s.

 

Bu və digər səbəblər öz yerində. Ən əsası, 21-ci əsrin əvvəlindəki dünya, obrazlı desək, 20-ci yüzilliyin paltarında çılpaq görünür. Ona görə də təkqütblü və çoxqütblü dünya mübarizəsində konsesus yoxdur, yaxın perspektivdə bunu gözləmək isə sadəlövhlük olardı. Çünki, iqtsadi asıllıq siyasi müstəqillikləri amputasiya edir, həmçinin, inkişaf etməkdə olan ölkələrə müxtəlif metodlarla hibrid müdaxilələr olunur və s. Daha çox hara? Əlbəttə, enerji qaynaqları, resursları çox olan coğrafiyalara. Bu nöqteyi-nəzərdən Şərq olduqca zəngindir. Təxmini hesablamalara görə dünyanın neft və qaz ehtiyatlarının 60-70%-i bu coğrafiyada qərarlaşır. Tranzit imkanlar, insan resursları, milli-mental dəyərləri də bura əlavə etsək, onda yaşananları asanlıqla şərh etmək olar. Türk dünyasına qarşı yönəlik müxtəlif cəhdlər, təzyiqlər də bu baxımdan təsadüfi deyil.

 

Fəlsəfə doktoru, millət vəkili C. Feyziyev “Türkşünaslıq” kitabında faktların dili ilə buna çox orijinal şərh verir. Özü də müqayisəli şəkildə.Məsələn, müstəqil türk respublikalarının ümumi ərazisi 4 milyon 737 min kv. kilometr təşkil edir. Muxtar statusa malik olan türk respublika və vilayətlərin ərazisi isə 5 milyon 400 min kv. kilometrdir. Bütövlükdə, türk coğrafiyası 10 milyon 137 min kv. kilometrdir. Müəllif qeyd edir ki, hələ siyasi-hüquqi statusa malik olmayan kompakt məskunlaşma sərhədləri dəqiqləşməyən türk xalqlarının – İran, İraq, Balkan yarımadası, Kosovo, Bolqarıstan, Suriya və s ölkələrdə – yaşadıqları coğrafiya bu ümumiləşdirilmiş statistik məlumata daxil deyil. Göründüyü kimi, kifayət qədər böyük coğrafiyadır, resursları da öz yerində, həm insan , həm də təbii resurslar. Bu yerdə kitabdan türk coğrafiyasının müqayisəli statistikasına dair bir iqtibasa olduğu kimi nəzər yetirək: “Bu ərazi hazırda dünyada siyasi-iqtisadi baxımdan ən təkmil birlik olan Avropa İttifaqının ( 4 milyon 324 min kv. kilometr -C.F) ərazisindən iki dəfədən də böyükdür. Eyni zamanda, ümumtürk coğrafiyası ayrılıqda ABŞ ( 9 milyon 837 min kv. kilometr – C.F) və Çin (9 milyon 596 min kv. kilometr) ərazisindən, Avrasiya terikindən ( 7 milyon 692 min kv.klometr- C.F) daha geniş məkanı əhatə edir.” Göründüyü kimi kifayət qədər böyük ərazi və strateji məzmun daşıyan coğrafiyadır.Bu coğrafiya həm də ona görə dominantlıq qazanır ki,
– imkanlar və resurları əməkdaşlıq platformasına çevirir;
– sülh və təhlükəsizliyə alternativi olmayan proses kimi yanaşır;
-mental dəyərlərin deqradasiyasının qarşısını alır;
-nəhayət, sivilizasiyaların hrmoniyasını təşviq edir və s.

 

Bu tipli amillər təbii ki, qlobal miqyasda türk coğrafiyasına qarşı qərəz və qısqanclıq yaradır. Ziddiyyətlər burulğanında güclər qarşıdurmaları bu müstəviyə daşımağa çalışır. Xüsusilə, son zamanlar Xəzər hövzəsi-Mərkəzi Asiya-Balkanlar münasibətlərində istiləşmə, Orta dəhlizin bütün perimetri boyunca aktuallıq kəsb etməsi, Avrasiya məkanında türk coğrafiyasının üstünlüyü, əlbəttə, asanlıqla həzm edilmir və edilməyəcək də. Ona görə də C. Feyziyevin hadisələrə türkşünaslığın problemləri, türk ideologiyası və nümayəndələri, türkçülüyə təhrif edilən yanaşma və nəzəriyyələrin tənqidi analitikası, türklərin kimliyinə münasibət, müasir türk dünyasının inkişaf potensialı və perspektivləri haqqında konkret informasiyalar kontekstində izah verməsi başa düşülən və həm də olduqca aktualdır. Yəni, müəllif, nifaq və təhlükələrin qarşısını birgə, vahid baxışlardan almaq üçün həyəcan təbili çalır, təşviq etdiyi fikirlərə tarixi qaynaqlardan işıq salır.

 

3 bölümdən ibarət 4-cü kitab “Türkçülük, türkşünaslıq və türkçülər” bölümü ilə başlanır. Əsas tezis -türkçülük ideologiyası və türkşünaslıq konkret detallar üzərindən təhlil edilir. 13 əsr bundan əvvəl Göy Türk imperiyası dövrünə aid Orhon-Yenisey kitabələrinin ilk ideoloji cizgiləri və 19-cu əsrdən başlayaraq onun siyasi-ideoloji platforma keyfiyyəti qazanmasının mahiyyəti müstəqim məzmunda şərh olunur.Və həmin tezislər aşağıdakı kimi ümumiləşdirilir və konkret sualları cavablandırır:
-türkçülük ideologiyası milli hadisədir və üçüncü tərəflərə qarşı yönəlməyib;
– bu ideologiya azadlıq və müstəqilliyə təkamül yolu kimi baxır;
– milli birlik məfkurəsi yaradır;
– xaotik hərəkiliyin tənəzzülə doğru apardığını anladır;
– nəhayət, ideoloji həyatilik özünütəsdiq kimi inkişaf etdirilir və s.

 

Təbii ideologiya nə qədər cazibədar görünsə də, rasionallığı cəmiyyətdəki harmoniya ilə ölçülür. C. Feyziyevin türk ideolojisinə “Oğuz Kağan”,”Kitabi-Dədə-Qorqud”, “Manas”, “Əmsali- Türki” kimi klassik türk abidələri, oğuznamələrin timsalında izah verməsi bu mənada tam yerini tutur. Müəllifin Mahmud Kaşğarlının “ Divani- Lüğət-ü-Türk “(11-ci əsr) ,Yusif Balasağunlunun “Qutdağu Bilig”(11-ci əsr), Seyid Əhməd Yasəvinin “Divani-hikmət” (12-cü əsr), Fəzlüllah Rəşidəddinin “Oğuznamə”(14-cü əsr ), Əlişir Nəvainin ”Müqayisət- ül- lüğəteyn” (15-ci əsr), Əbdülqazi Bahadır xanın “Şəcəreyi Tərakimə”(17-ci əsr) kimi fikir fatehlərinin əsərlərinə müraciəti və istinadı ideoloji məfkurənin tarixi mənzərəsini yaradır. Şərqin dünyəvi anlamda və demokratik ruhda müasirləşməsi ideyası isə ilk dəfə Mirzə Fətəli Axundovun əsərlərində meydana çıxır. O, bütün Şərqdə ilk dəfə öz dilində – Azərbaycan türkcəsində fəlsəfi traktat yaratmaqla türk idelogiyasını daha da irəliyə aparır. Kitabın “Məfkurə savaşları”, “Dünya türkşünaslığı” yarımbaşlıqları da xüsusi maraq doğurur. “Türkçülüyün nümayəndələri” yarımbaşlığı altında 22 fikir dahisi haqqında müfəssəl bilgi verilir.Beləliklə , birinci bölümdən hasil edilən qənaət odur ki, ideologiya yeniləndə millət, xalq yenilər. Odur ki, ideoloji boşluqlar olmamalı, bu sahədə fasiləsiz iş getməlidir. İllah ki, dünyanın poliqona çevrildiyi, yad ideologiyaların beyinləri zəhərlədiyi bir dönəmdə. Bir də ki, fikir dahilərindən miras qalan zəngin mənəvi xəzinə üzərində dünyaya yeni körpülər salmalıyıq. Barış və sülh , bəşəriyyətin sabahı naminə!..

 

Sülh həm də tarix və sivilizasiyaların dialoqu ilə birbaşa bağlıdır. Çünki ideyalar bir-biri ilə çəkişmirsə, bir-birini tamamlayırsa ( söhbət müsbət yüklü ideyalardan gedir) deməli, sülh və təhlükəsizlik özünü rahat hiss edə bilər. Millət vəkili, fəlsəfə doktoru C. Feyziyevin kitabın ikinci bölümündə “Türklər haqqında fikirlər”dən bəhs etməsi məhz bu missiyaya xidmət edir. Özü də dünya siyasəti, mədəniyyəti , hərb sənətində xüsusi yer alan 80-dən yuxarı görkəmli şəxsiyyətlərin dili ilə. Əlbəttə, belə fikirləri toplamaq , bir araya gətirmək yorulmaz fəaliyyət , gərgin əmək tələb edir. C. Feyziyev buna sistemli və ardıcıl işi ilə nail ola bilib. İndi yüzlərcə mənbə deyil, kitabın sözügedən bölümünə müraciət etməklə bu fikirlərdən vaqif olmaq mümkündür. Düşünürəm ki, müəllifin tədqiqatı bu baxımdan da xüsusi təqdir olunmalıdır. Gəlin bir neçə deyimə nəzər yetirək
-Lev Qumilyov: – Tür Kağanlığınn təşəkkülü bəşəriyyət tarixiə dönüş nöqtəsi deməkdir;
-Y.S.Hamilton :- Tyarix türklərdən çox şey öyrəndi;
-Əl- Cahiz:- Bir türk bir millət deməkdir:
-Albert Sorel- Türklər- asiyanın güclü ulusudur:
-Napoleon 1-ci Bonapart- Türkləri öldürmək olar, ancaq məğlub etmək olmaz və s.

 

Misallar gətirməkdən məqsədim odur ki, kitabı tüklərlə bağlı səslənən fikrlər haqqında ensiklopedik məlumat kimi də istifadə etmək olar.Tədiqaqt əsərinin 3-cü-“Türk dünyasının inkişaf perspektivləri – Böyük birliyin təməlləri və imkanları” bölümü haqqında da fikir və düşüncələrimi bölüşmək istəyirəm. Müəllif, türk dünyasının perspektivləri baxımından olduqca vacib təklif irəli sürür-Türk Geopolitik Regionu təklifi. Şübhəsiz, bunun üçün konsolidasiya, iqtisadi, siyasi, mədəni-humanitar, diplomatik, informasiya, bir sözlə, bütün əlaqələri özündə birləşdirən ümumtürk strategiyası platforması vacibdir. Bu həm də türk dünyasına qarşı yönəlik açıq və gizli cəhdlər, məkrli niyyətlər, birlik daxilində dezinteqrasiya təhrikli fəaliyyətlərin qarşısını alar. Müəllifin uğurlu yanaşması ümumi strategiyanı modernləşməyə imkan verən qənaətini konkret bəndlər üzrə təhil edərək oxucuların ixtiyarına buraxmasıdır. Sonda bir məsləni xüsusi vurğulamaq istəyirəm. Dünya sürətlə dəyişir. Dördüncü Sənaye İnqilabı, texnologiyalar yeni reallıqlar daşıyır. Bu reallıqlara bütün spektrlərdən nəzər salınmalırır. Məslən, bu gün müstəqil türk dövlətlərinin ümumi daxili məhsulunun həcmi 1 trilyon 113 milyon ABŞ dollarına bərabərdir. Ancaq sözügedən rəqəm mövcud potensial və resursları ifadə etmir. Deməli, nəticəyönümlü addımlar atılmalıdır ki, zamanın sürəti ilə ayaqlaşaq.O da xüsusi qeyd edilməlidir ki, istənilən birlik modelinin dayanıqlı olmasında iqtsadi resurslar həlledici faktorlardan biridir. Qlobal arenada yeni iqtisadi və siyasi güc mərkəzi kimi təmsilçilik istəyiriksə məhz bu tezislər üzərində düşünməli və hərəkət etməliyik. Beləliklə, millət vəkili , fəlsəfə doktoru C. Feyziyevin çağırışlarla zəngin dörüncü kitabını geosiyasi, geoiqtisadi və geostrateji baxımdan çox mühüm qaynaq kimi dəyərləndirmək olar.

 

S.HÜSEYNOV

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya növbəti zərbə-50 milyonluq qırıcı təyyarə məhv edildi