Modern.az

Fədailərə sayğı və mənəvi borc heç zaman azalmır

Aktual

17 Oktyabr 2024, 16:24

“Mübariz yaxşı bilirdi ki, o döyüşdən sağ-salamat çıxa bilməyəcək. Ancaq Vətən, torpaq sevgisi, onda olan vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. Mübariz bütün gənclər üçün örnəkdir, nümunədir... Şəhidlərimizin valideynlərinə minnətdarlığımı bildirmək istəyirəm ki, onlar Vətən üçün belə qəhrəmanlar böyütmüşlər”.

Milli Qəhrəman Mübariz İbrahimov və baş leytenant Fərid Əhmədovun vida mərasimində (07 noyabr, 2010-cu il) Prezident İlham Əliyevin söylədiyi bu fikirlər hafizələrdən heç zaman çıxmır. Bu, Azərbaycanın birinci şəxsi səviyyəsində şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə olan ən böyük hörmət əlaməti sayılmaqla yanaşı, həmin kateqoriyadan olan şəxslərin yadigarlarına, onların valideynlərinə də ehtiramın ali nümunəsidir.

Bəli, bu gün Azərbaycanın hər bir fərdinin, tutduğu mövqedən asılı olmayaraq şəhid ailəsinə, müharibə əlilinə həssas münasibəti mübahisə doğurmayan bir mövzudur. Bunu ötən gün dünyasını dəyişən Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimova münasibətdə bir daha gördük. İnsanların bu itkiyə reaksiyası sanki öz doğmalarının itkisi kimi oldu. İçdən gələn belə sevginin, hörmətin kökündə Azərbaycan xalqının, dövlətinin öz şəhidinə, qəhrəmanına verdiyi ölçüyəgəlməz dəyər dayanır.


Ağakərim İbrahimovun Zəfər tariximizin növbəti ildönümünü yaşadığımız bu şərəfli günlərdə dünyasını dəyişməsində sanki bir hikmət var- məhz Zəfər ayında təkcə özünün yox, bütün xalqımızın igid övladı olan Mübarizə qovuşdu! Və cəmiyyət Milli Qəhrəmanın atasının dünyasını dəyişməsinə göstərdiyi yanğı ilə şəhidlərimizə, Qarabağ müharibəsi əlillərinə münasibətini bir daha ortaya qoydu. Kimisi ürəkdən gələn status yazdı, kimisi dönə-dönə rəhmət oxudu, kimiləri də dəfndə birbaşa iştirak etdi!

Prezident İlham Əliyevin hər fürsətdə şəhid ailələri ilə müxtəlif tədbirlərdə dəfələrlə görüşməsi, onlara öz diqqətini dönə-dönə ifadə etməsi heç də təsadüfi deyil. Dövlət rəhbəri onların qayğılarını əyani şəkildə dinləməklə yanaşı, cəmiyyətə, müvafiq qurumlara daima şəhid ailəsinə, Qarabağ əlilinə həssas münasibəti axsatmamaq mesajı ötürür.

Dövlətin bu kateqoriyadan olan şəxslərə yönələn sosial siyasəti ötən illərdə daha da güclənib, əhatə dairəsi genişlənib. Prezidentin imzaladığı sərəncamlarla təsdiq olunmuş proqramlara əsasən, ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəhid ailəsi və müharibə əlilinin mənzil, fərdi ev, avtomobillə təmin olunması davam etdirilir. Konkret rəqəmlərə istinad etsək, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə yönələn sosial ödənişlərdə təkcə son beş ildə orta hesabla 2,5-3 dəfə artıb. Bu kateqoriyalardan olan vətəndaşlara 6,2 min, ümumən ötən dövrdə 15 mindən çox mənzil və fərdi ev təqdim edilib. Postmüharibə dövründə müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 528, ümumən ötən dövrdə 7,7 mindən çox avtomobil verilib.

Müharibə dövründə əlini, ayağını itirmiş qazilərimizin ən müasir protezlərlə təminatı diqqət mərkəzində saxlanılır, onların belə protezlərlə təminatı yüksək səviyyədə icra olunur.

“YAŞAT” Fondunun xətti ilə qazilərimizə göstərilən yardımların, onların müalicəsi üçün atılan addımların əyani şahidiyik. Ötən dövrdə ölkədə müalicəsi mümkün olmayan qazilərimizin Türkiyədə müalicəsi üçün real addımların atılması, eyni zamanda İsraildən dəvət olunan həkimlərin uğurlu göz əməliyyatları həyata keçirməsi ilə bağlı onlarla nümunə var.

Siyahını daha da uzatmaq, digər müvafiq statistik rəqəmləri nümunə kimi göstərməklə, bura bu şəxslərin reabilitasiya və müalicəsi, onların sosial müavinətlərinin, pensiyalarının məbləğinin artırılması, təhsil sahəsində tətbiq olunan güzəştlərlə bağlı addımları da əlavə etmək olar. Əsas odur ki, dövlət də, cəmiyyətdə özünü həmişə bu şəxslərə borclu bilir, onların qayğılarına seyrçi qalmır, onlara biganə münasibət göstərmir. Prezidentin “Bu qələbəni biz şəhidlərimizin qanı hesabına qazanmışıq. Şəhidlər bizim qəlbimizdə əbədi yaşayır, yaşayacaq”- fikirləri əslində hər kəs üçün verilən vacib mesaydır-gözünü qırpmadan Vətən üçün canını, sağlamlığını fəda edənlərə ehtiram göstərmək mesajı!

Prezidentin mövqeyi şəhid ailələrinə, müharibə əlillərinə qayğı siyasətinin hər zaman yürüdüləcəyinə etibarlı zəmanətdir. Azadlığına qovuşmuş Qarabağdakı quruculuq prosesi də özündə şəhidlərimizin cəsurluğuna minnətdarlıq, ruhuna hörmət əlaməti daşıyır. Çünki onlar torpağı düşməndən həm də ona görə geri aldılar ki, yenidən yurda çevrilsin, xarabalıq mənzərəsi quruculuq tablosu ilə kökündən dəyişsin.

Azərbaycan bu hədəflər üzrə getdiyi yolu dəyişmir. Həm Qarabağ və Şərqi Zəngəzuru dirçəldir, həm də bütövlükdə ölkənin hər qarışı üçün inkişaf proseslərini sürətlə aparmaqda qərarlılıq sərgiləyir!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi