İşğaldan azad edilmiş rayonların ərazi planlaşdırma sənədlərinə uyğun olaraq, yaşıllıq sahələrinin yaradılması məqsədilə ayrılmış torpaq sahələrində Zəngilan rayonu ərazisində 55 hektar, Cəbrayılda 50 hektar, Ağdamda 11 hektar və Füzulidə 16 hektar yeni yaşıllıq sahəsi salınıb.
Modern.az xəbər verir ki, bunu Xankəndi şəhərində keçirilən Ekoloji məsələlər üzrə İşçi qrupun iclasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
Nazir müavini bildirib ki, meşə fondu ərazilərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi planları çərçivəsində Cəbrayılda 72 hektar, Zəngilanda 142 hektar, Qubadlıda 70 hektar, Füzulidə isə 2 hektar meşə fondu sahəsində əkin və səpin işləri icra olunub.
Həmçinin 2025-ci ilin payız əkin mövsümündə Ağdərə, Laçın, Zəngilan və Cəbrayıl rayonlarının meşə fondu sahələrində azı 240 hektar ərazidə meşə bərpa tədbirlərinin aparılması planlaşdırılıb və hazırda bununla bağlı müvafiq hazırlıq işləri görülür.