Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Beynəlxalq Mülki Müdafiə Təşkilatının iclasında iştirak etmək üçün Bakıya gəlib.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib. Qeyd edilib ki, rusiyalı nazirin Bakıda digər ölkələrdən olan həmkarları ilə ikitərəfli görüşlər keçirməsi planlaşdırılır.
Qeyri-rəsmi məlumatlara görə, Aleksandr Kurenkov Bakıda Rusiya-Azərbaycan münasibətlərindəki gərginliklə bağlı da müzakirələr aparacaq. Bəzi Teleqram kanalları Kurenkovun prezident Vladimir Putinin şəxsi mesajını Bakıya çatdıracağını iddia edib.
Modern.az saytı Rusiya fövqəladə hallar nazirinin Bakı səfərilə bağlı əlavə məlumat almağa çalışsa da, Azərbaycanın rəsmi qurumlarından bunu şərh etmək istəməyiblər.