“Zəngəzur dəhlizinin açılması post-münaqişə dövründə Ermənistan-Azərbaycan dövlətlərarası normallaşma gündəliyinin vacib tərkib hissəsidir”.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Rizvan Nəbiyev deyib.
O bildirib ki, hələ torpaqlarımız işğal altında olduğu dövrdə belə, BMT Təhlükəsizlik Şurasının qətnamələri, xüsusilə 874 saylı Qətnamə regionda blokadanın aradan qaldırılmasını, dövlətlərarası və kommunikasiya əlaqələrinin bərpasını tələb edirdi:
“Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edildikdən sonra isə Zəngəzur dəhlizinin açılması prosesi daha da aktuallaşdı və bu məsələ uzunmüddətli sülh və sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb etməyə başladı.
Bu mənada, Zəngəzur dəhlizinin ikitərəfli - Ermənistan-Azərbaycan çərçivəsində və ya ABŞ kimi beynəlxalq aktorların vasitəçiliyi ilə keçirilən görüşlərdə müzakirə olunması və bu istiqamətdə konkret addımların atılması tamamilə təbii və zəruri bir prosesdir. Çünki sülh müqaviləsinin imzalanması hələ regionda de-fakto sülhün real və davamlı sülhə çevrildiyi anlamına gəlmir. Bu bir prosesdir və bu prosesin davamlı və etibarlı olması üçün qarşılıqlı etimad tədbirləri həyata keçirilməlidir”.
Millət vəkili qeyd edib ki, etimad tədbirlərinə iqtisadi, tranzit və logistika layihələri də daxildir:
“Belə layihələr təkcə iqtisadi fayda verməklə kifayətlənmir, həm də tərəflər arasında qarşılıqlı inamın formalaşmasına ciddi töhfə verə bilər.
Bununla yanaşı, Zəngəzur dəhlizi artıq Ermənistan-Azərbaycan sülh gündəliyini aşaraq regional, hətta qlobal xarakterli məsələ səviyyəsinə yüksəlib. Bu dəhlizin istifadəyə verilməsi ilə yalnız Azərbaycanın qərb rayonlarının Naxçıvanla maneəsiz və təhlükəsiz şəkildə birləşməsi deyil, eyni zamanda Azərbaycanın Türkiyə və oradan Avropaya alternativ çıxış imkanları da gündəmə gəlir. Bu isə bir sıra regional və qlobal aktorlar üçün strateji əhəmiyyət daşıyır və bu da öz növbəsində dəhlizin açılmasını şərtləndirən əsas amillərdən hesab olunub”.
O eyni zamanda əlavə edib ki, hazırda regionda formalaşmış yeni siyasi reallıqlar Zəngəzur dəhlizinin açılmasını zəruri edən əsas faktorlardandır.
“Bu reallıq göstərir ki, dəhliz təkcə region ölkələrinin deyil, eyni zamanda daha geniş coğrafiyada yerləşən dövlətlərin əməkdaşlığı üçün strateji əhəmiyyətə malik uzunmüddətli bir platforma rolunu oynayacaq.
Zəngəzur dəhlizinin daha bir əhəmiyyətli tərəfi isə Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda vurğuladığı kimi, onun yalnız Şərq-Qərb nəqliyyat dəhlizinin vacib bir seqmenti deyil, eyni zamanda Şimal-Cənub dəhlizinin şaxələndirilmiş qolu kimi çıxış etməsidir. Gələcəkdə bu dəhliz vasitəsilə İran üzərindən Fars körfəzinə, Türkiyə vasitəsilə isə Aralıq dənizinə çıxış imkanları formalaşacaq. Bu, təkcə Azərbaycan üçün deyil, eyni zamanda Mərkəzi Asiya ölkələrinin də dünya bazarlarına alternativ çıxışına şərait yaradacaq”.
R.Nəbiyev həmçinin vurğulayıb ki, dəhlizin təhlükəsizliyinə gəlincə, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu məsələ Azərbaycan Respublikasının suveren hüquqları çərçivəsində aidiyyəti dövlət qurumları tərəfindən təmin ediləcək. Azərbaycanın əsas və haqlı tələbi isə ondan ibarətdir ki, Azərbaycanın qərb rayonlarından Naxçıvana maneəsiz və təhlükəsiz şəkildə gediş-gəliş təmin edilsin.