Modern.az

Tramp Zəngəzur Dəhlizinin qarantı rolunu oynayacaq - AÇIQLAMA

Tramp Zəngəzur Dəhlizinin qarantı rolunu oynayacaq - AÇIQLAMA

Aktual

9 Avqust 2025, 12:03

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Vaşinqtonda keçirilən görüş çərçivəsində Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulmasına dair mühüm birgə bəyanat qəbul olunub.

Bu razılaşma iki ölkə arasında uzun illər davam edən münaqişəyə son qoymaq istiqamətində əhəmiyyətli addım olmaqla yanaşı, Cənubi Qafqazda sabitlik və əməkdaşlıq üçün yeni mərhələnin əsasını qoyur. Tərəflər arasında etimadın möhkəmləndirilməsi və qarşılıqlı siyasi dialoqun davam etdirilməsi razılaşdırılıb.

Milli Məclisin deputatı Vüqar Bayramov Modern.az-a açıqlamasında qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın dəvəti əsasında baş tutan Azərbaycan Prezidenti cənab İlham Əliyevin Vaşinqtona səfəri yalnız ölkəmiz üçün deyil, bütövlükdə region üçün tarixi əhəmiyyət daşıyıb.

Onun sözlərinə görə, səfər zamanı Azərbaycan və Ermənistan sülh gündəliyi ilə yanaşı, ölkəmiz ilə ABŞ arasında strateji tərəfdaşlığın gücləndirilməsi məsələləri xüsusi müzakirə mövzusu oldu.

“Donald Trampın yenidən hakimiyyətə gəlməsi ABŞ və Azərbaycan arasındakı münasibətlərdə yeni səhifə açıb. Hələ 2024-cü ilin 5 noyabrında ABŞ-da keçirilən prezident seçkilərindən 3 ay öncə Şuşada keçirilən Qlobal Media Forumunda ABŞ-dakı seçkilərlə bağlı jurnalistin sualını cavablandırarkən Prezident İlham Əliyev böyük uzaqgörənlik və cəsarət nümayiş etdirərək o zaman prezidentliyə namizəd olan D.Tramp haqqında müsbət fikirlər söyləyərək dövlət başçısı kimi onun namizədliyini dəstəkləmişdir. D.Tramp ABŞ Prezidenti seçildikdən sonra iki ölkə arasında münasibətlərin inkişafında yeni dövr yarandı. Hər iki lider arasında telefon danışığı, eləcə də çoxsaylı məktub mübadiləsi məhz bundan xəbər verirdi”.

Millət vəkili əlavə edib ki, siyasi və strateji əməkdaşlıq ilə yanaşı, Azərbaycan-ABŞ münasibətləri enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar və süni intelekt və rəqəmsal infrasturukturun da daxil olduğu iqtisadi sərmayə istiqamətində də inkişaf etdiriləcək.

“Cənab Prezidentin səfəri zamanı yaradılması razılaşdırılan Strateji İşçi Qrupu regional bağlantılar infrasturukturunun və enerji sahəsində sərmayələrinin genişləndirilməsi, eləcə də regional iqtisadi-ticari əməkdaşlığın irəlilədilməsi, həmçinin süni intelektin inkişafı kimi vacib məsələlərlə məşğul olacaq.

Enerji sahəsində əməkdaşlıq ABŞ mütəffiqlərinin Azərbaycan qazı hesabına öz enerji təhlükəsizliyini daha da gücləndirməsinə imkan yaradacaq. 14 ölkəyə mavi qaz nəql edən Azərbaycan ABŞ-ın Avropadakı tərəfdaşlarının enerji təhlükəsizliyinin güclənməsinə xüsusi töhvə verir”.

V.Bayramovun sözlərinə görə, ABŞ ilə strateji əməkdaşlıq qeyri-neft sektoruna daha çox texnologiya və innovasiyaların cəlb edilməsinə imkan yaradacaq:

“Bu Azərbaycanda iqtisadi diversifikasiya ilə bağlı hədəflərin reallaşmasına dəstək olacaq. Bu kontekstdən, ABŞ-Azərbaycan strateji tərəfdaşlığı ABŞ texnologiyasının və sərmayəsinin ölkəmizə gəlməsi, ABŞ-ın iqtisadi fəallığı deməkdir”.

Deputat onu da diqqətə çatdırıb ki, səfərdən sonra Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir.

“Cənab Prezident Zəngəzur dəhlizinin reallaşacağını və bunun sadəcə zaman məsələsi olmasını bəyan etmişdir. Azərbaycan Prezidentinin uzaqgörən siyasət sayəsində imzalanmış Birgə Bəyannamədə ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəliş təsdiq olunur. Bu Zəngəzur Dəhlizi reallaşması deməkdir. Vaşinqtonda həmçinin Zəngəzur Dəhlizinin işə düşməsi ilə əlaqədar ABŞ ilə Ermənistan arasında saziş imzalanıb. Bu isə o deməkdir ki, Prezident D.Tramp Zəngəzur Dəhlizinin qarantı rolunu oynayacaq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza