Modern.az

ABŞ-Azərbaycan münasibətlərində strateji MƏRHƏLƏ

ABŞ-Azərbaycan münasibətlərində strateji MƏRHƏLƏ

Aktual

9 Avqust 2025, 13:23

ABŞ prezidenti Donald Trampın dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirib.

Ölkə rəhbərlərinin Vaşinqtona səfəri zamanı aparılan danışıqlar regional təhlükəsizlik, iqtisadi tərəfdaşlıq və diplomatik təşəbbüslər baxımından əhəmiyyətli nəticələr doğurub.

Eyni zamanda, görüş çərçivəsində Cənubi Qafqazda sabitliyin təmin olunması istiqamətində bir sıra razılaşmalar müzakirə edilib. Bu baxımdan görüş beynəlxalq aləmdə geosiyasi baxımdan mühüm dönüş nöqtəsi kimi dəyərləndirilir.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ABŞ-a rəsmi səfəri ABŞ rəhbəri Donald Trampın dəvəti əsasında baş tutub və böyük tarixi əhəmiyyət kəsb edib.

Onun sözlərinə görə, bu səfərin əsas məqsədi ABŞ vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün mühüm sənədlərin müddəalarının paraflanması olub.

“Burada bir neçə vacib məqamı xüsusilə qeyd etmək lazımdır. Birincisi, ABŞ-Azərbaycan ikitərəfli əlaqələrinin möhkəmlənməsi və bu əlaqələrin regionda sülhün bərqərar olunmasında oynadığı mühüm rol, ikincisi isə Ermənistanla imzalanacaq sülh müqaviləsinin konkret mərhələyə qədəm qoymasıdır. Bu kontekstdə, Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxışı zamanı ABŞ-da keçiriləcək seçkilərə toxunaraq Donald Tramp haqqında müsbət fikirlər səsləndirmiş, onun prezidentliyi dövründə ABŞ-ın yeni hərbi münaqişələrə qoşulmamasını və sülh təşəbbüslərini yüksək qiymətləndirib”.

Komitəs sədri qeyd edib ki, ABŞ-Azərbaycan münasibətləri yeni bir strateji mərhələyə qədəm qoyur. 

“Bu çərçivədə iki ölkə arasında strateji tərəfdaşlıq haqqında xartiyanın hazırlanması və ABŞ əməkdaşlıq memorandumunun imzalanması, əlaqələrin möhkəmlənməsinin bariz nümunəsidir. İkitərəfli əməkdaşlığın əsas istiqamətləri – enerji, ticarət, tranzit, müdafiə, süni intellekt, eləcə də yeni texnologiyalar sahəsində regional və beynəlxalq əhəmiyyətli birgə layihələrin icrasını nəzərdə tutur.

Ən vacib məsələlərdən bir digəri isə, ABŞ Konqresinin vaxtilə qəbul etdiyi və Azərbaycanla bağlı hərbi yardımın göstərilməsini qadağan edən "907-ci düzəliş"in icrasının dayandırılması ilə bağlı sənədin imzalanmasıdır. Vaxtilə Bayden-Blinken administrasiyası bu düzəlişi yenidən gündəmə gətirmişdi. Bu sənədin icrası Azərbaycanın ABŞ ilə münasibətlərində böyük dönüş nöqtəsidir”.

Komitə sədri əlavə edib ki, Azərbaycan-Ermənistan sülh gündəliyi isə regional sabitliyin təmin olunmasında əsas strateji istiqamətlərdən biridir:

“Prezident İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutan görüşlərin nəticəsi olaraq birgə bəyanatın paraflanması, münaqişənin sülh yolu ilə həllinə olan inamı gücləndirmişdir. Bu mərhələdə xüsusilə iki məsələ ön plana çıxır: Minsk Qrupunun ləğvi və Ermənistan Konstitusiyasına dəyişiklik edilərək Azərbaycanın ərazi bütövlüyünə dair iddiaların tamamilə aradan qaldırılması.

Paraflanan sənədlər Zəngəzur dəhlizi ilə bağlı müzakirələri də əhatə edir. Naxçıvana quru yolla, maneəsiz keçidin təmin olunması artıq reallığa çevrilməkdədir. Bu, təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyev bu məsələ ilə bağlı çıxışında Donald Trampın Zəngəzur dəhlizinin qarantı kimi çıxış etməsinə dair bəyanatını xüsusi vurğulayıb”.

Deputat, həmçinin söyləyib ki, sənədlərin paraflanması sülh müqaviləsinin yekun imzalanması demək olmasa da, bu istiqamətdə atılmış ən ciddi və real addımlardan biridir. 

“2026-cı ildə Ermənistan Konstitusiyasında dəyişikliklərlə bağlı keçiriləcək referendumdan sonra sülh sazişinin rəsmi olaraq imzalanması gözlənilir.

ABŞ-ın və xüsusilə Donald Trampın bu prosesdə aktiv iştirakı tarixi əhəmiyyət daşıyır. Bu, vaxtilə ABŞ-ın vasitəçiliyi ilə imzalanmış İsrail-Misir müqaviləsi ilə müqayisə oluna biləcək səviyyədə mühüm hadisədir.
Azərbaycanın həyata keçirdiyi uğurlu islahatlar, müstəqil daxili və xarici siyasət kursu, ərazi bütövlüyünün təmin olunması və xalqın rifahına yönəlmiş addımları bu proseslərin uğurla nəticələnməsində mühüm rol oynayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasət dəyişməz və dönməz xarakter daşıyır”.

Son olaraq A.Nağıyev bildirib ki, regionda sülhün və sabitliyin təmin olunması yalnız Azərbaycan üçün deyil, bütün dünya üçün vacibdir: 

“Bu istiqamətdə atılan addımların davamlı olacağına, ABŞ kimi güclü dövlətin qarantiyası ilə bu proseslərin daha da geniş vüsət alacağına inamımız sonsuzdur. Azərbaycanın qarşısında duran hər hansı maneələrə qarşı isə ölkəmiz hər zaman hazırlıqlı və qətiyyətlidir”,- deputat qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza