Avropa Şurasının Baş katibi Alain Berset Ermənistan və Azərbaycan liderlərinin Vaşinqtonda imzaladığı sənədi yüksək qiymətləndirib. Berset bildirib ki, əldə olunan razılaşma Cənubi Qafqazda onilliklərdir davam edən münaqişəyə son qoymaq və bölgədə dayanıqlı sülhün qurulması istiqamətində mühüm addımdır.
Modern.az-ın məlumatına görə, Baş katib vurğulayıb ki, Avropa Şurası hər iki ölkənin təşkilatın üzvü olaraq, bu tarixi razılaşmanı uğurla həyata keçirməsi üçün bütün zəruri siyasi və texniki dəstəyi göstərməyə hazırdır. Onun sözlərinə görə, sülh sazişinin icrası yalnız dövlətlərarası münasibətlərin normallaşmasına deyil, həm də insan hüquqları, demokratiya və hüququn aliliyi prinsiplərinin bölgədə möhkəmlənməsinə xidmət edəcək.
Berset həmçinin qeyd edib ki, Avropa Şurası qarşılıqlı etimadın gücləndirilməsi, vətəndaş cəmiyyəti institutlarının rolu və yerli səviyyədə əməkdaşlıq mexanizmlərinin qurulması istiqamətində də təşəbbüslər irəli sürəcək.