Avqustun 12-də “Qartal tərəfdaşı-2025” adlı erməni-amerikan birgə təlimləri başlayıb.
Modern.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, açılış mərasimində Ermənistan müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Edvard Asryan, ABŞ-ın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Kristina Quinn, yüksək rütbəli hərbçilər və qonaqlar iştirak ediblər.
Beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində avqustun 12-dən 20-dək Ermənistan Respublikasında “Qartal tərəfdaşı-2025” birgə erməni-amerikan təlimləri keçirilir.
Təlimlərdə Ermənistan Respublikası Silahlı Qüvvələrinin sülhməramlı briqadasının, ABŞ-ın Avropa və Afrikadakı Quru Qoşunlarının, həmçinin Kanzas Milli Qvardiyasının hərbçiləri iştirak edirlər.
Təlimlərin əsas məqsədləri bunlardır:
sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələr arasında qarşılıqlı fəaliyyət səviyyəsini artırmaq;
idarəetmə və taktiki kommunikasiya sahəsində ən yaxşı təcrübələri mübadilə etmək;
Ermənistan Respublikası Silahlı Qüvvələrinin sülhməramlı bölməsinin hazırlığını gücləndirmək.
Təlimlərə həmçinin tibbi evakuasiya prosedurlarına diqqət yetirilməklə sülhməramlı tapşırıqların hazırlanması və icrası daxildir.