Modern.az
Qəzənfər Həmidoğlu Raşizmin manifesti 

Qəzənfər Həmidoğlu

Raşizmin manifesti 

Analitika

7 Aprel 2022, 18:10

Qəzənfər Həmidoğlu

Buça qətliamı ilə bağlı xəbər, fotoşəkil və videogörüntülərin dünyanı şoka saldığı gün - aprelin 3-də Rusiyanın əsas rəsmi media resursu “РИА Новости” Timofey Sergeytsev adlı faşist və ya raşist “filosof-metodoloq”un “Rusiya Ukrayna ilə nə etməlidir” ("Что Россия должна сделать с Украиной") adlı məqaləsini dərc edib.


Ümid vardı ki, Ukrayna bataqlığında burnu ovulan rus militarist təbliğatı bundan artıq dibə vurmaz. Amma bunlar indi dibi qaşımağa keçiblər.


Sergeytsevin məqaləsini raşist “şedevri” saymaq olar. Əgər Rusiyanın aparıcı rəsmi agentliyi, Kremlin ruporu “Ukraynanın denasifikasiyası” ilə bağlı belə bir yazını dərc edirsə, bu "ideoloji" səfsəfə sadəcə, Sergeytsev zehniyyətinin məhsulu deyil. Görün bu raşist metodolqu nə yazır:


• Ukronasizm (Ukrayna millətçiliyi) dünya və Rusiya üçün Hitler versiyasındakı alman nasizmindən az deyil, daha böyük təhlükədir...


• Əhalinin xeyli hissəsini, çox güman ki, əksəriyyətini nasist rejimi öz siyasətinə cəlb etdikdə və mənimsətdikdə denasifikasiya qaçılmazıdır. Yəni, o vaxt ki, “xalq yaxşıdır -hakimiyyət pisdir” hipotezi işləmir...


• Denasifikasiya – nasistləşmiş xalq kütləsinə münasibətdə tədbirlər kompleksidir...


• Belə görünür ki, “Ukrayna” adı nasist rejimindən azad edilmiş ərazidə tamamilə denasifikasiya olmuş dövlətin titulu kimi heç bir halda saxlanıla bilməz...


• Denasifikasiya qaçılmaz şəkildə deukrainizasiyadır (ukraynasızlaşdırmadır) – sovet hakimiyyətinin tarixi Malorossiya və Novorossoya ərazilərinin əhalisinin özünü identikləşdirməsində başlatdığı etnik komponenti miqyaslı süni şişirtməkdən imtina etməkdir...


• Tarix göstərir ki, məsələn, Gürcüstan və Baltikyanı ölkələrdən fərqli olaraq Ukrayna milli dövlət kimi mümkün deyil, belə şeyi “qurmaq” cəhdi qanunauyğun olaraq nasizmə aparır...


• Ukrainizm – süni anti-Rusiya konstruksiyasıdır, onun öz sivilizasiyası yoxdur, yad sivilizasiyanın elementlərinə tabedir...”



Bu sətirləri sadəcə nasistcəsinə sərsəmləmə saymaq olardı. Amma Sergeytsev faktiki olaraq ukraynalıların kökünü kəsməyə çağırır. Bu məqalə güman ki, Putinin fevralın 22 və 24-dəki nitqlərinin, “Lujniki”dəki çıxışının təsiri ilə yazılıb və ya onların sadə dillə ifadə edilən qənaət-tezisidir. “Rusiya Ukrayna ilə nə etməlidir” yazısının dövlətin aparıcı media orqanında dərci isə ona Rusiya hakimiyyətinin siyasi deklarasiyası xarakteri verir.


Bu, denafikasiyanın Kremlsayağı eybəcər yozulmasıdır. Adam gizlətmədən, açıq şəkildə 40 milyonluq Ukraynanın taleyinin necə həll ediləcəyini - genosid planını ortaya qoyur: Rusiya Ukraynanı çökdürməli, “Ukrayna” sözünü qadağan etməli, Ukrayna siyasi elitasını və ölkəsini müdafiə edən istənilən silahlı birlikləri məhv etməli, millətini yox etməli, Ukrayna dili və dərsliklərini ləğv etməlidir.


Bu, Ukraynanı, dövlətini, xalqını və dilini tarixdən silməyə açıq çağırış - faktiki olaraq etnik təmizləmə, repressiya, siyasi soyqırım, teror elanıdır. Bu, xalis faşizmdir. Faşistlərin buynuzu olmur, onlar elə belə olurlar, Sergeytsev kimi olurlar. Dünyada zır nasistin denasifakisiyadan danışması qədər siyasi heyvərəlik nümunəsi ola bilməz.


Bu məqalə Kremldən dünyaya baxışın, Putinin qorxunc narrativlərinin, Rusiyanın Ukraynadakı hərbi cinayətlərinin gerçək üzü, kvintessensiyasıdır...


“Rusiya Ukrayna ilə nə etməlidir” - ürəkbulandıran, qorxunc məqalədir, amma Kremlin Ukraynada törətdiklərinin mahiyyətini və çirkin motivasiyasını özlərinin dili ilə ortaya qoyur. Bu yazı Hitlerin “Mayn Kampf”ı kimi bir şey, raşizmin manifestidir...

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi