Modern.az
Qəzənfər Həmidoğlu Putinizmin anatomiyası

Qəzənfər Həmidoğlu

Putinizmin anatomiyası

Analitika

11 Aprel 2022, 09:07

Qəzənfər Həmidoğlu

Rusiyanın Ukraynaya silahlı təcavüsü, Buça və Borodyanka qətliamları, Kramatorsk vəhşəti və rus ordusunun insanlığa qarşı digər cinayətləri fonunda “tiran və xalqı” kontekstində qədim bir sual yenidən aktuallıq kəsb edir:


Putin rus xalqının yetişdirməsidir, yoxsa lideri xalqını zombiləşdirib?


Rusiya-Ukrayna müharibəsinin 46-cı günündə rus cəmiyyətinin qanlı savaşa ümumi münasibətini belə konstatasiya etmək olar: Kremlin Ukraynada törətdikləri, “qardaş” xalqın faciəsi Rusiya cəmiyyətində faktiki olaraq heç bir şok yaratmayıb. Ruslar inanmırlar və ya inanmaq istəmirlər ki, onların hakimiyyəti, ordusu insanlığa qarşı belə cinayətlər törədə bilər. Təbii ki, xalqın bu günə düşməsi Kreml təbliğatının, Rusiya telekanallarının beyin yumalarının nəticəsidir ki, cəmiyyət hər cür səfsəfəni həzm edir. Həmçinin müharibə əleyhdarlarına qarşı repressiyalar da qorxudur, cəmiyətdə sürü instinktini gücləndirir.


Rusiya əhalisinin təxminən 15%-i müharibəyə qarşıdır. Əhalinin 20%-də faşist psixologiyası hökmrandır: onlar bilirlər ki, Ukraynada müharibə gedir, dinc insanları qırırlar, amma hakimiyyətə və rus ordusuna bəraət qazandırmaqdan əl çəkmirlər. Əhalinin 60%-i, bəlkə də daha çoxu situasiyanı ya anlamır, ya da anlamaq istəmir, belə görünür ki, Kreml təbliğatının beyinlərini dumanlandırması onları qane edir. Ortastatistik rusiyalı tam zombiləşib. Bu baxımdan rus xalqının tezliklə ayılacağını təxmin etmək üçün islaholunmaz optimist olasan gərək…


Lakin zombiləşmələrindən, fəaliyyətsiz və ya bixəbər olmalarından asılı olmayaraq ruslar cəm halında bu dəhşətin suçlusudur. Corc Oruell bu halı belə dəqiq təsbit edib: “Yaramazları, uğursuzları, cinayətkarları, oğruları seçən insanlar qurban deyillər, onlar iştirakçıdırlar”.


Ukraynanın faciəsində ruslar sadəcə iştirakçı deyillər, aqressiv iştirakçıdırlar. Oruellin sevmədiyi, amma onunla birlikdə XX əsr Britaniyasının ən görkəmli simalarından olan Uinston Çörçillə İkinci Dünya savaşı zamanı həmsöhbəti belə deyir:


- Almanların bəlası ondadır ki, onlar qoyun sürüsü kimi hər hansı rəhbərin arxasınca gedirlər.


- Hər şey bundan daha pisdir, onlar ətyeyən qoyunlardır, - Çörçill deyir...


Hər bir halda, İvan Qroznı, Stalin və ya Putin göydən zənbillə düşməyib, öz torpaq və mühitinin məhsuludur. İkinci Dünya müharibəsindən 77 il keçsə də, ruslar hələ də 9 Mayla yaşayırlar: ruslar hər şeyə, hər zillətə dözərlər, təki “qalib xalq, hamıdan güclü” olsunlar, çünki onlar “imperiya xalqı”dırlar.


Ruslarda təhkimçilikdən gələn infantillik var, heç bir halda məsuliyyəti öz üzərinə götürmək, günahını boynuna almaq yoxdur.Onlar üçün hər şeyə cavabdeh “barin”dir və bu ağa üçün onlar yalan da danışa, hətta ölümə də gedə bilərlər. Bir rusiyalıdan soruşsan ki, Putin Ukraynanı niyə bombalayır, “cavabı” belə olacaq: ABŞ İraqı və Əfqanıstanı bombalayıb, amerikanlar qaradərililəri linç edib, avropalılar səlib yürüşündə müsəlmanları qətl edib və ya Mariya Zaxarova demişkən, Ukrayna “nasizmi” rus kulinariyasına “təcavüz” edərək borşu öz adına çıxmaq istəyir...


Rusiya cəmiyyəti, tarixi və ədəbiyyatına az-çox bələdəm. Bu bələdlikdən rus siyasi elitasının mentaliteti, ümumiyyətlə, mujikin əxlaq kodeksi ilə bağlı çox kədərli qənaət çıxarmaq olar, sadəcə ikisini qeyd edim:


- Ruslar heç vaxt üzr istəmirlər. Onlara görə üzr istəmək ərdəm deyil, özünü alçaltmaqdır. Hətta 100% haqsız olduqlarını bildikdə belə özlərinə bəraət qazandırmaqda davam edirlər;


- Ruslar minnətdarlıq etmirlər. Onlar yaxşılığı nəinki asanlıqla unuda bilir, hətta nifrətlə qarşılıq da verə bilirlər. Qlobal, dövlətlərarası münasibətlərdən deyil, gündəlik həyatdan bir misal gətirim. 4-5 il əvvəl Rusiya mediasında belə bir xəbər getmişdi: Bir supermarketin sahibi kasıb pensiyaçıları hər gün yeməklə təmin edir və pensiyaçılar həmin adamdan prokurorluğa şikayət edirlər ki, yemək süfrəsində çörək az olub...



Rusiya hakimiyyətinin imperiya ambisiyası, hikkəsi və avantürasının sosial-siyasi və mental zəmini var. Ukraynanın dirənişi və sanksiyalar Rusiyanın sosial-iqtisadi vəziyyətini gün keçdikcə pisləşdirəcək. Artıq Rusiya hərbi sistemində də azar simptomları özünü göstərir. Bu fonda Kreml təbliğatı daha da aqressivləşir, Ukrayna və Qərbə qarşı ritorika daha da sərtləşir və daxildə repressiyalar tüğyan edir. Belə görünür ki, “qələbəyə doğru son addım naminə” lider ətrafında amerikan imperializminə və Kiyevdəki banderaçılara qarşı daha sıx birləşmək üçün əllərindən gələni, o cümlədən hər cür pislikləri edəcəklər...


Putin Ukraynada ümid etdiyi qələbəyə nail olmadı. Kreml sahibinin ətrafındakılar ağrılı şəkildə bunu tədricən dərk edirlər. Peskov Rusiya hərbçilərinin Ukraynada ciddi itkilər verdiyini etiraf edib və bunu “böyük faciə” adlandırıb. Lakin sadəcə Putinin qılıncının Ukrayna daşına dəyməsi yetərli deyil. Və ya Çinin qucağına düşən yarımcan Rusiya geopolitik anlamda yenə də ən azı postsovet məkanı üçün təhdid olaraq qalacaq...


***


Fəlakətli tarixi dönəmdən keçirik, Rusiya qoşunları şəhərləri bombalayır, dinc insanları qırır. Rusiya artıq hədəfinin Kiyev deyil, Donbas olduğunu deyir. Amma kimsə aldanmasın. Ukraynanın ləğvi, ykraynalıların bir millət kimi məhvi Putinin ideya fiksidir. Putin hikkəsindən asanlıqla vaz keçənə oxşamır. O, qırmaqda, məhv etməkdə, dağıtmaqda davam edəcək. Kremlin Ukraynaya təcavüzdə məqsədinin “Lissabondan Vladivostoka kimi açıq Avrasiya yaratmaq” olduğunu yazan Dmitri Medvedev kimi cəfəng siyasətçi belə “qırğılaşıb”, Ukraynanın “deukrainizasiyası” kimi boş narrativlər uydurur...


Putin anlayır ki, təkcə Donbasla və ya sudan quru çıxmaq üçün hansısa “lokal qələbə” ilə kifayətlənsə, rusiyalıların gözündə o qalib olmayacaq, möhtəşəm lider sayılmayacaq, onu I Pyotr və ya Stalinə tay tutmayacaqlar və “rus torpaqlarının toplayıcısı” xülyası Ukrayna bataqlığında basdırılacaq. Odur ki, Putin dayanmayacaq, necə ki, vaxtilə Hitler də dayana bilməmişdi. Hitler Versal sülh müqaviləsindən narazı idi və “sadəcə” Sudet vilayətində, “doğma” Avstriyada gözü vardı və Avropa ilə müharibə heç planında yox idi. Sonda bütün dünya ilə savaşmağa başladı...


Putinin faciəsi bundadır ki, o, güclü orduya sahib olduğuna, Ukrayanın dövlət, ukraynalıların ayrıca xalq olmadığına, Kiyevdə güllə-çiçəklə qarşılanacağına əmin idi. Kremlin sahibi bu qədər reallıq hissini itirməsəydi, yaratdığı miflərin əsirinə çevrilməsəydi, bu müharibəyə girməz və özünü rüsvay etməzdi İndi dayana bilmir. Hərçənd ki, Putinin və onun talançı ordusunun Ukrayna üzərində tam qələbə qazanmaq üçün resursları yoxdur...


Görünür ki, Putinin dayana bilməməsinin səbəbi artıq Ukraynanı zəbt etməklə deyil, daha çox karyerasının perspektivləri ilə bağlıdır. Amma irəli getdikcə də, özünün girməsindən və ya Qərbin onu bu oyuna çəkməsindən asılı olmayaraq, Ukrayna bataqlığı onu daha dərinlərə çəkir. Bu gedişlə Putin üçün Ukrayna müharibəsi tam bir fiasko ilə bitəcək...


Ümumiyyətlə, Rusiya müharibədən bir dövlət kimi süquta uğrama riski ilə çıxa bilər ki, bu süqutun özü, həmçinin hakim rejimin aqoniyası, Kremldaxili çəkişmələr özündə həm ölkə, həm də çevrəsi üçün fəlakətli ssenariləri ehtiva edər.


Hər bir halda, yalnız və yalnız rus ordusunun Ukrayna bataqlığında tam darmadağın olması Rusiya ictimai fikrində qəti dönüş yarada bilər. Rusiya hərbi gücünün total məğlubiyyətini Kreml təbliğatı çətin ki, ört-basdır edə bilsin. Bəlkə o zaman başı buladlara dəyənlərin ayaqları yerə toxunar: dərk edərlər ki, bu, “xüsusi əməliyyat”, “denasifikasiya” deyil, müharibədir, artıq “qalib xalq” deyillər, məhrumiyyətlərə əbəs yerə dözürlər, rus hərbi gücü, Putinin “ilahi qüdrəti” mif imiş və günahkar Putindir. Tam demilitarizasiya olmasa, nə Rusiya, nə ətrafı, nə də dünya rahatlıq tapacaq.


Hərçənd tarixi təcrübə belədir ki, özlərini “məğlub xalq” kimi hiss etdikdə ruslar inqilab edir, dağıdıcı üsyana qalxırlar...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü